Parlamentari: Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlər intensivləşib

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib. Görüş zamanı Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud olan böyük potensial vurğulanıb. Tərəflər əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər. Bu kontekstdə Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində aparılan səmərəli müzakirələr xüsusi qeyd olunub. Afrim Qaşi ölkəsinin Azərbaycanı dost ölkə kimi qəbul etdiyini vurğulayıb. Görüşdə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, parlamentlərarası münasibətlərin genişlənməsindən məmnunluq ifadə olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sherg.az-a söyləyib ki, son dövrlərdə Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığında dinamik inkişaf müşahidə olunur:
“Bu kontekstdə Azərbaycan ilə Şimali Makedoniya arasında münasibətlərin intensivləşməsi xüsusi diqqət çəkir. İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi, həyata keçirilən qarşılıqlı səfərlər və strateji tərəfdaşlıqda marağın qarşılıqlı şəkildə nümayiş etdirilməsi bu prosesə ciddi təsir göstərib. Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, tərəflər neftdən kənar sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı və digər qeyri-neft sektorlarında əməkdaşlığın inkişafında da maraqlıdır. Azərbaycanın Şimali Makedoniyaya investisiya qoyuluşlarının artırılması, birgə layihələrin icrası da gündəmdə olan əsas məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul etməsi və bu görüşdə müxtəlif istiqamətlər üzrə aparılan müzakirələr də göstərir ki, iki ölkə arasında əlaqələrin növbəti mərhələdə daha da dərinləşməsi gözlənilir. Bu cür yüksək səviyyəli təmaslar ikitərəfli əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir”.