
Parlamentari: Sülh prosesi son mərhələdədir
Ancaq Azərbaycan və Ermənistan arasında yekun sülh Moskvada imzalanmayacaq
Rusiya yenidən Azərbaycan-Ermənistan sülh prosesinə müdaxilə etməyə çalışır. Xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamaları da göstərdi ki, Moskva sülh sazişinin öz ərazisində imzalanmasını təşkil etməklə prosesə nəzarəti əldən buraxmaq istəmir. Ona görə də Kreml yenidən Cənubi Qafqazda baş verən hadisələrə, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinə aktiv şəkildə müdaxilə etməyə cəhd göstərir. Son illərdə regionda nüfuzunun zəifləməsinə baxmayaraq, Moskva açıq şəkildə sülh prosesinin əsas "moderatoru" kimi qalmaq istəyir. Rusiya həm İrəvan, həm də Bakının etimadını itirsə də, özünü bölgədə "sülh təminatçısı" kimi təqdim etməyə çalışır. Çünki Moskva üçün bu, təkcə diplomatik məsələ deyil, həm də geosiyasi nüfuz mübarizəsidir. Rusiya fərqindədir ki, sülh prosesi onun iştirakı olmadan yekunlaşsa, Moskvanın Cənubi Qafqazdakı rolu ciddi şəkildə azalacaq.
Millət vəkili Vüqar İsgəndərov Sherg.az-a açıqlamasında deyib ki, Rusiyanın yardım edəcəyi məsələ yoxdur. Deputatın fikrincə, Qaluzinin söylədikləri Rusiyanın hər zaman ifadə etdiyi bəyanatlardır:

"Moskva 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan imtina etməyib. Rusiya yeni siyasi konfiqurasiyada rolunun, mövqeyinin olduğunu göstərməyə çalışır. Əslində, rəsmi Moskva çox yaxşı anlayır ki, artıq Azərbaycan və Ermənistan bir çox məsələdə kifayət qədər irəliləyiş əldə ediblər. Ona görə də hansısa üçüncü tərəfin, xüsusən Rusiyanın prosesdə iştirakına ehtiyac yoxdur. Bakı və İrəvan ikitərəfli danışıqlarla müsbət nəticələr əldə ediblər. Kreml hələ də meydanda olduğunu, Cənubi Qafqazdan geri çəkilmədiyini göstərməyə çalışır. Bunlar sadəcə cəhdlərdir. 8 avqustda Vaşinqtonda imzalanmış sənədlər, razılaşmalar göstərir ki, bu prosesdə başqa güclərin iştirakı yolverilməzdir. Sülh prosesi son mərhələsindədir. Yekun sülhün imzalanması üçün Ermənistan ev tapşırıqlarını mütləq həll etməlidir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi sənədinin Moskvada imzalanması mümkünsüzdür:
"Siyasi məntiqlə düşünsək, sülhə imza atılacaq platforma Rusiya ərazisi olmamalıdır. Moskvanın mütəmadi 10 noyabr üçtərəfli bəyanatını gündəmə gətirməsi anlaşılandır. Çünki Kremlin əlində başqa təsir vasitəsi yoxdur. Ancaq məsələ ondadır ki, üçtərəfli bəyanatda yer alan maddələrin demək olar ki, əksəriyyətini Azərbaycan və Ermənistan öz aralarında həll ediblər. Artıq sülh sənədi paraflanıb, Minsk qrupu ləğv olunub. Zəngəzur dəhlizinin açılması yönündə prosesə start verilib. Yeganə məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir ki, Rusiya bu dəyişimin qarşısını ala bilməz. Rus rəsmiləri həmişəki kimi öz açıqlamaları ilə siyasi manipulyasiya edirlər. Hamı gözəl bilir ki, üçtərəfli bəyanat işləmir, həmin sənəd mövcud deyil. Ortada tamamilə yeni sülh sənədi var. Azərbaycan və Ermənistan məhz paraflanmış sülh sənədinin hədəfləri istiqamətində irəliləyirlər".
V.İsgəndərov əlavə edib ki, Rusiyanın Cənubi Qafqazda yüzillərlə olan marağı var:
"Moskvanın bölgədəki maraqlarından asanlıqla, qısa müddətə vaz keçəcəyini iddia etmək doğru olmaz. Rusiya öz mövqeyini əldən vermək istəmir. Rusiyanın indiki halda təkcə Ermənistanda təsir rıçaqları var. Moskva Ermənistan hökumətinin başında Nikol Paşinyanı görmək istəməsə də, Kremlin baş naziri əvəz edəcək siyasi fiquru yoxdur. Paşinyan Rusiyanın seçdiyi, dəstəklədiyi adam deyil. Şübhəsiz, Putinin Paşinyanla görüşündə Ermənistandakı parlament seçkiləri də müzakirə olunub. Daha doğrusu, Moskvanın seçkilərə müdaxilə etməməsi məsələsi gündəmə gətirilib. Paşinyan Rusiyanın seçkilərdə ona "stavka" etməsi müqabilində ikili münasibətləri normal müstəvidə saxlayacağı sözünü verə bilər. Rusiya və Ermənistan arasında iqtisadi-ticarət dövriyyəsinin əvvəlki dönəmlə müqayisədə dəfələrlə artdığı faktdır".
Millət vəkili vurğulayıb ki, Rusiya Paşinyanın seçkilərdə qalib olduqdan sonra KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxacağının fərqindədir:
"Moskva bunu qətiyyən istəmir. Hazırda Kreml Ermənistanla münasibətlərdə ikili oynayır. Səbəbi odur ki, Rusiyanın əlində Paşinyanı əvəz edəcək güclü siyasi fiqur hələ yoxdur. O baxımdan Moskvanın indiki məqamda Paşinyanla siyasi alver etməsi daha inandırıcıdır. Ancaq Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri onun qarşısında konkret öhdəlik qoyublar. Bu öhdəlik tədricən Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya etməkdir. Bəs Paşinyan bunu qısa zamanda bacara biləcəkmi? O qədər inandırıcı görünmür. Rusiya Ermənistanda qalmaq üçün əlindən gələni edəcək. Paşinyanın Rusiyadan savayı da narahatlıqları var. Nəzərə alaq ki, Paşinyanın qarşısında təkcə Rusiya yox, dünyanın bir çox ölkəsində mövcud olan kifayət qədər gücə, maliyyə imkanlarına sahib erməni lobbisi də yer almaqdadır. Erməni lobbisi seçkiöncəsi Paşinyanın bütün opponentlərini bir düşərgədə cəmləməyə çalışır. Baş nazir üçün müxalifətin, lobbinin, diasporun birləşməsi heç də arzuolunan deyil".