Parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur -Şərh

Azərbaycanda parlament diplomatiyasının güclənməsi regionda siyasi dialoqun inkişafına mühüm təsir göstərir. Sahibə Qafarovanın Milli Məclisə rəhbərliyi dövründə Azərbaycan parlamenti həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli formatlarda daha aktiv mövqe sərgiləyir. Bu istiqamətdə mühüm addımlardan biri ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında baş tutan görüşdür. Cenevrədə parlament sədrləri arasında əldə olunmuş razılaşmaya əsaslanan bu dialoqda Vaşinqton sammitinin rolu qeyd edilib, sülh prosesinə parlament dəstəyinin əhəmiyyəti vurğulanıb. Etimadın artırılması tədbirlərində parlamentlərin rolu və beynəlxalq platformalarda konstruktiv dialoqun vacibliyi də xüsusilə diqqətə çatdırılıb. 

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Azərbaycanda son zamanlar parlament diplomatiyasının əhəmiyyətli dərəcədə gücləndiyini vurğulayıb: 

"Xüsusilə Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsindən sonra bu sahədə nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Sahibə xanımın Ermənistan parlamentinin sədri Alen Simonyanla bir neçə dəfə görüşlər keçirməsi, eyni zamanda Azərbaycan parlamentinin digər ölkələrlə əlaqələrinin paralel şəkildə inkişaf etməsi bunun bariz nümunəsidir. Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda parlament səviyyəsində çox aktiv şəkildə təmsil olunur. Hazırda Ermənistanla parlament diplomatiyasının genişləndirilməsi və iki ölkənin parlament nümayəndə heyətlərinin dialoqa başlaması müsbət tendensiya kimi qiymətləndirilir. Sülh müqaviləsinin imzalanması üçün isə ilk növbədə etimad mühitinin formalaşmasına ciddi ehtiyac var. Bu istiqamətdə daha əvvəl iki ölkənin ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirildi. Həmin səfərlər çərçivəsində politoloqlardan, ekspertlərdən və müxtəlif sahələri təmsil edən nümayəndələrdən ibarət Azərbaycan heyəti İrəvanda oldu, bir sıra görüşlər keçirildi".

Politoloq bu təcrübənin parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə davam etdirilə biləcəyinin ehtimal edildiyini söyləyib: 

"Gələcəkdə Azərbaycan və Ermənistan parlamentləri arasında birgə iclasların və dinləmələrin təşkili, sülh danışıqları ilə bağlı müzakirələrin aparılması da mümkündür. Parlament diplomatiyası bu mərhələdə aktiv fəaliyyət göstərməli və mövcud imkanlardan maksimum yararlanmalıdır. Hazırkı parlament tərkibi diplomatik təcrübəyə malik deputatlarla kifayət qədər zəngindir. Peşəkar diplomatların Milli Məclisdə təmsil olunması, eyni zamanda spiker Sahibə Qafarovanın bu sahədə zəngin təcrübəsi Ermənistan-Azərbaycan parlament dialoqunun inkişafı üçün əlavə üstünlük yaradır. Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla aparılan danışıqlarda birbaşa iştirak etməsi ilə də bu prosesə töhfə verib. Bütün bunlar göstərir ki, Azərbaycan və Ermənistan parlamentləri arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur və bu istiqamətdə irəliləyiş əldə etmək mümkündür".