Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov mayın 12-də keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Sherg.az əsas açıqlamaları təqdim edir.
Vladimir Putin Moskva ilə danışıqlar aparmaq üçün Volodymir Zelenski ilə istənilən an görüşməyə hazırdır.
Peskov bildirib ki, Putinlə Zelenskinin Moskva xaricində görüşü yalnız nizamlanma prosesinin yekunlaşdırılması məqsədi daşıya bilər və bunun üçün əvvəlcə ciddi hazırlıq işləri aparılmalıdır.
Kreml Ukrayna ilə əsir mübadiləsi mexanizminin yaxın vaxtlarda yekunlaşdırılacağına ümid edir. Müvafiq qurumlar bu istiqamətdə iş aparır.
“Doğrudan da söhbət min nəfərin min nəfərə dəyişdirilməsindən gedir. Bu, həmişə çox mürəkkəb prosesdir. Siyahıların razılaşdırılması uzun və çətin mərhələdir. Aidiyyəti xidmətlər bunun üzərində işləyirlər”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Kiyev yaxşı bildiyi zəruri qərarları qəbul edəcəyi təqdirdə “xüsusi hərbi əməliyyat” istənilən anda dayandırıla bilər.
“Əlbəttə, sülh prosesi ilə bağlı formalaşmış baza göstərir ki, həqiqətən də proses sona yaxınlaşır. Amma hazırkı mərhələdə konkret detallardan danışmaq mümkün deyil”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, Rusiya təmaslara açıqdır və ABŞ-nin Ukrayna məsələsində vasitəçilik səylərini alqışlayır.
Onun sözlərinə görə, son aylarda Baltik dənizində gərginliyin artmasına səbəb NATO ölkələrinin hərbi donanmalarının fəaliyyəti olub, Rusiya deyil.
Kreml Rusiya hərbi gəmilərinin hərəkət marşrutları barədə məlumata malik olmadığını bildirib. Peskov bunun Müdafiə Nazirliyinin səlahiyyətinə aid məsələ olduğunu deyib.
O əlavə edib ki, Rusiya Hərbi-Dəniz Donanması beynəlxalq dəniz hüququ çərçivəsində, o cümlədən piratçılığa qarşı mübarizə məqsədilə Dünya okeanında fəaliyyət göstərir.
Putinin Çinə səfərinə hazırlıq yekun mərhələdədir. Moskva və Pekin səfərin tarixlərini eyni vaxtda açıqlayacaq.
Peskovun sözlərinə görə, Putinin Çinə səfəri məzmun baxımından olduqca zəngin olacaq və hər iki tərəf buna xüsusi əhəmiyyət verir.
Kreml nümayəndəsi bildirib ki, Rusiya iqtisadiyyatı qlobal volatillikdən tam sığortalanmasa da, hökumət lazımi tədbirlər görür.
“Hazırda hökumətin həyata keçirdiyi tədbirlər sayəsində makroiqtisadi sabitlik və iqtisadi artım tempinin ildən-ilə, hətta təvazökar olsa belə, yüksələcəyinə əminliklə danışa bilərik”, - deyə Peskov qeyd edib.
O vurğulayıb ki, qlobal iqtisadi qeyri-sabitlik Rusiya hökumətində kadr dəyişiklikləri gözləmək üçün əsas deyil.
Peskov həmçinin bildirib ki, Putin bu həftə iqtisadi məsələlərə dair növbəti müşavirə keçirəcək.
Rusiya Prezidentinin Kazandakı iqtisadi forumda iştirakı isə hazırkı qrafikdə nəzərdə tutulmayıb.