
Sülhün qapıları taybatay açılır
Tədricən, media təmsilçilərinin, mədəniyyət nümayəndələrinin, siyasi təşkilatların da təması formalaşacaq
Hər iki ölkədə yavaş-yavaş bu prosesi dəstəkləyənlərin sayını artırmaq lazımdır
Cənubi Qafqazda dayanıqlı sülhün qurulması istiqamətində addımlar atıldıqca, həm region dövlətlərinin rəsmi nümayəndələrinin, həm də vətəndaş cəmiyyəti institutlarının bu prosesdə daha fəal iştirakı məsələsi gündəmə gəlir. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi ehtiyacına diqqət artır. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Ermənistana səfərinin reallaşması olduqca əhəmiyyətlidir. Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində qarşıda duran əsas vəzifələrdən biri də tərəflər arasında etimad mühitinin gücləndirilməsidir. Bu baxımdan, cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması xüsusi önəm daşıyır. Etimad mühitinin möhkəmləndirilməsi və cəmiyyətlərarası barışığın təşviqi üçün vətəndaş cəmiyyəti institutları arasında dialoq platformalarının yaradılması da mühüm istiqamətlərdən biri sayılır. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni hazırlanıb və bu sənəddə sülh quruculuğuna dair mexanizmlərin tətbiqi nəzərdə tutulur. Həmin mexanizmlərdən biri də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq ola bilər. Bu əməkdaşlığa gənclər, qadınlar və sülh quruculuğu sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları daxil edilə bilər. Onların birgə müzakirələri, atacaqları ortaq addımlar və müxtəlif maneələrin aşılması istiqamətində həyata keçirəcəkləri təşəbbüslər sülh prosesinə mühüm töhfə verə bilər. Beynəlxalq təcrübədə bu kimi təşəbbüslərə geniş şəkildə rast gəlinir. Azərbaycan danışıqlar müddətində hər zaman sülhə hazır olduğunu nümayiş etdirib. Cənab Prezident İlham Əliyev də bəyan edib ki, Ermənistana yük tranziti ilə bağlı bütün maneələr aradan qaldırılıb. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Habelə, digər sahələrdə də Azərbaycan eyni yanaşma ilə çıxış edir. Təbii ki, bu, hələ başlanğıcdır və qarşıda hər iki xalqı uzun proses gözləyir. Azərbaycanda böyük bir nəsil müharibə şəraitində yaşayıb. Cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması ilə etimad mühitinin möhkəmləndirilməsi üçün müəyyən zaman və ciddi fəaliyyət qaçılmazdır. Şübhəsiz, əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan vətəndaş cəmiyyəti daha fəal və təşəbbüskar mövqe sərgiləməlidir. Önəmli məqamlardan biri də Qərb institutlarının bu prosesdən kənarda saxlanılmasıdır. Uzun illər Qərb bu sahədə təşəbbüsü öz əlində saxlayıb, öz iradəsini diktə edib. Amma indi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirir.
Politoloq Mehman Əliyev Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda revanşist qüvvələr müharibənin nəticələrini və sülh prosesini qəbul etmirlər. Ancaq Ermənistanda sülhü, qonşularla əməkdaşlığı dəstəkləyənlər az deyil. Analitik hesab edir ki, Paşinyana Ermənistanda dəstək kifayət qədər böyükdür:

"Baş nazirin 2026-cı ildə keçiriləcək seçkilərdə şansı çoxdur. Ancaq nəzərə alaq ki, bütövlükdə erməni cəmiyyəti yüzillər boyu müəyyən propoqanda, ideologiya çərçivəsində yaşayıblar. İllər boyu çalışıblar ki, erməni toplumunda azərbaycanlılar barəsində neqativ fikirlər formalaşdırsınlar. Bunu sındırmaq uzun və çətin prosesdir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında görüşlər "xalq diplomatiyası" adlanır. Əslində, Azərbaycan tərəfi 2000-ci illərin əvvəllərindən etibarən bu prosesi haqlı olaraq dondurmuşdu. Düzdür, Tbilisidə, Avropa ölkələrində tərəflərin nümayəndələri arasında görüş keçirilirdi. Amma İrəvana gedib-gəlmək yox idi. Çünki Ermənistan tərəfi o zaman bu cür görüşlərlə əvvəlki status-kvonu rəsmiləşdirmək, legitimləşdirmək niyyəti güdürdü. Ona görə Azərbaycan tərəfi buna getmirdi. Lakin indi vəziyyət dəyişib. Azərbaycan maraqlıdır ki, proses irəliyə getsin, İrəvan mövcud status-kvonu qəbul etsin. Paşinyan hökuməti də ictimaiyyət nümayəndələrinin təmasında maraqlıdır. Yəqin ki, proses canlanacaq, genişlənəcək. Ermənistan nümayəndə heyəti də Bakıya gələcək. Əslində, bu gediş-gəliş, ictimai təmaslar hər iki tərəfin xeyrinədir və müsbət prosesdir".
Ekspert vurğulayıb ki, ilkin mərhələdə vətəndaş cəmiyyətindən elə şəxslər seçilir ki, onların ünsiyyət qurmaq bacarığı yüksək olur və konstruktiv mövqe sərgiləyirlər:
"QHT təmsilçiləri hazırkı prosesi düzgün başa düşürlər və təhlil edirlər. Təsadüfi şəxslərin iştirakı prosesi pozar, bilərəkdən, yaxud bilmədən qalmaqala səbəb ola bilərlər. Sosial şəbəkələrin, bəzi media qurumlarının da prosesə xələl yetirmə ehtimalı var. O baxımdan ilkin mərhələdə prosesə müsbət töhfə verəcək şəxslərin görüşlərdə iştirakı daha məqbuldur. Getdikcə proses genişlənəcək. Tədricən, media təmsilçilərinin, mədəniyyət nümayəndələrinin, siyasi təşkilatların da təması formalaşacaq. Qarşılıqlı etimad mühitinin yaradılması üçün bütün addımlar atılacaq. Hər iki ölkədə yavaş-yavaş bu prosesi dəstəkləyənlərin sayını artırmaq lazımdır".