2005-ci ilədək işləyənlər sistemdən silinir? - Ekspert pensiya ədalətsizliyini ifşa etdi

"Minlərlə insan əmək pensiyasından məhrum edilir"

Vəfat etmiş şəxsin pensiya kapitalından ailə üzvlərinin istifadə edə bilməməsi sosial problem olaraq zaman-zaman gündəmə gəlir. “Radio Vəkil” youtub kanalında çıxış edən vəkil Cəfər Cəfərli qeyd edib ki, toplanmış pensiya kapitalının vərəsələrə ödənməməsi Konstitusiyaya ziddir və ədalətsizdir.

Vəkil bildirib ki, qadının həyat yoldaşı və ya kişini həyat yoldaşı vəfat etdikdə onun həmin vaxtadək yığılmış pensiya kapitalından tərəflər yalnız pensiya yaşına çatdıqda istifadə edə bilir. Vətəndaş özü də əgər pensiya yaşına çatıbsa və toplanmış pensiya kapitalından qısa bir müddət, məsələn, 1 və ya 2 il, bəlkə bur az da çox istifadə edib, vəfat etdikdə istifadə edilməmiş kapital dövlətə qalır. Nə həyat yolşaına verilir, nə də övladlarına. Halbuki ölkə Konstitusiyasına görə, şəxsin həyat yoldaşı və övladları onun hüquqi varisləridir. Hüquqi varis olduqları üçün də şəxsin adına toplanmış kapital onlara ödənməlidir. Bəzən bu böyük məbləğlər də olur. 200-300 min. Amma varislərə ödənmir. Halbuki varislər bu məbləği əldə etməklə bir sıra sosial problemlərini ata və ya analarının halal pulu ilə həll edə bilər. İstıfadə olunmamış kapitalın dövlətə qalması doğru deyil. Çünki vətəndaşın pensiya kapitalı öz əmək haqqı hesabına toplanıb. Vəkil qeyd edib ki, qanundakı boşluqlar pensiya kapitalının varislərə verilməsinin qarşısını kəsir. 

İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a açıqlamasında səslənən iradlarla razılaşdığını dedi və əlavə etdi ki, pensiya məsələsində təkcə bu deyil, daha bir neçə problemlər mövcuddur: 

- 2005-ci ilə qədər uzun illər işləyən bir şəxsin bu gün pensiya kapitalının görünməməsi ciddi problem və idarəetmə çatışmazlığı kimi qiymətləndirilməlidir. Bu vəziyyət həmin dövrdə aparılmış əmək fəaliyyətinin və ödənilmiş sığorta haqlarının düzgün uçota alınmadığını göstərir. Məlumdur ki, 2006-cı ildən sonra fərdi hesablar sistemi tətbiq olunub və pensiya kapitalı elektron şəkildə toplanmağa başlayıb. Lakin bu, 2005-ci ilə qədər işləyən insanların əmək stajının nəzərə alınmaması üçün əsas vermir. Qanunvericiliyə görə həmin dövr üçün iş stajı sənədlərlə təsdiqləndiyi halda pensiya hüququnun hesablanmasında istifadə olunmalıdır. Buna baxmayaraq, praktikada tez-tez rast gəlinən hal ondan ibarətdir ki, vətəndaş illərlə işləsə də, onun nə kapitalı görünür, nə də stajı tam şəkildə tanınır. Nəticədə belə şəxslər əmək pensiyası əvəzinə cəmi 220 manat sosial müavinət almağa məcbur qalırlar. Bu isə faktiki olaraq sistemin əvvəlki dövrlərdə işləyən insanlara qarşı ədalətsiz yanaşmasının göstəricisidir. İnsan ömrünün böyük hissəsini işlədikdən sonra minimum sosial müavinətlə təmin olunması nə sosial ədalət prinsipinə uyğundur, nə də vətəndaşın əməyinə verilən dəyəri əks etdirir. 

R.Abbasbəyli qeyd etdi ki, problemin əsas səbəbləri kimi arxiv sənədlərinin itməsi, müəssisələrin ləğv olunması, məlumatların rəqəmsallaşdırılmaması və vətəndaşın üzərinə həddindən artıq sübut yükünün qoyulması göstərilə bilər. Bu isə dövlət strukturlarının məsuliyyətidir. Amma məsuliyyət dövlət strukturlarında olduğu halda, zərərini vətəndaş çəkir: 

- Belə hallarda daha ədalətli yanaşma ondan ibarət olardı ki, 2005-ci ilə qədər olan əmək fəaliyyəti maksimum sadələşdirilmiş qaydada tanınsın və vətəndaşın real işlədiyi illər nəzərə alınaraq ona əmək pensiyası təyin edilsin. Əks halda, uzun illər işləyən insanların sosial müavinət səviyyəsində saxlanılması həm sosial narazılıq yaradır, həm də sistemə olan etimadı azaldır.