Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Azərbaycanda bütün dini konfessiyalar sərbəst şəkildə öz milli və dini ayinlərini icra edirlər
Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu var. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilib. Hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirmir. Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması dövlət tərəfindən müvəffəqiyyətlə tənzimlənir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çox konfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Onun dövlətçilik konsepsiyasına uyğun olaraq, ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib və bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıb. Belə ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir. Əgər müstəqilliyinin ilk illərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin fəal iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq sammitlərə və bununla bağlı çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikulturalizm Mərkəzi Bakıda yaradılıb. Azərbaycanın multikultural dəyərləri, ölkədə mövcud olan dini və milli tolerantlıq Prezident İlham Əliyevin Roma Papası Fransiskə Milad bayramı münasibətilə təbrik məktubunda da öz əksini tapıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Qeyd olunub ki, ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür: "Zati-müqəddəsləri, İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur. Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir". Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur: "Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir. Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm".
Azərbaycandakı dini dözümlülükdən, tolerantlıqdan "Sherg.az"a danışan ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib ki, dünyada gedən prosesləri təhlil etdikdə görürük ki, bəzi dairələrin marağına xidmət edən xüsusi qüvvələr ölkəmizi qarışdırmaq üçün əksər hallarda dini mühitdə tarazlığın pozulmasına səbəb olan milli və dini qarşıdurma yaratmaq niyyətində olublar. İlahiyyatçı vurğulayıb ki, Azərbaycanda sağlam dini-mənəvi proseslərin düzgün şəkildə tənzimlənməsi və cənab Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmiz bu kimi təhlükələrdən sığortalanıb:
"Azərbaycanda bütün dini konfessiyalar sərbəst şəkildə öz milli və dini ayinlərini icra edirlər, qardaşlıq nümunəsini dünyaya nümayiş etdirirlər. Nə fərqli dini inanclara mənsub olan, nə də islam dini çərçivəsində fərqli məzhəblərə qulluq edən inanclı insanlar arasında heç vaxt problem, qarşıdurma olmayıb. Şübhəsiz, burada Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin düzgün idarəçilik siyasəti mühüm rol oynayır. Ölkəmizdə qardaşlıq mühiti gündən-günə möhkəmlənməkdədir. Multikultural dəyərlərin təbliği və qorunması bütün inanclı insanların əsas meyarı hesab edilir. Şükürlər olsun Allaha ki, ölkəmiz bu sahədə digər islam ölkələri arasında ən öndə gedən və onlara nümunə olacaq səviyyədədir. Bu il "Heydər Əliyev İli" çərçivəsində keçirilən milli-mənəvi dəyərlərimiz mövzusundakı bütün tədbirlərdə bu məqam xüsusi vurğulandı. Ölkəmiz və xalqımız daim sülh və əmin-amanlıq içərisində olsun".