“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları” təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar fiziki şəxslərə, o cümlədən dəmiryol nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərə, habelə fəaliyyətləri dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında obyektlərin yerləşdirilməsi və işlərin aparılması ilə əlaqəli olan fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir.
Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçmə zamanı “Yol hərəkəti haqqında” qanuna riayət edilməlidir. Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçmə zamanı bunun üçün xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli və bu zaman texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməlidir. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşənəyi olan yerlərdən keçməlidirlər. Piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına əmin olmalıdırlar. Piyadalar dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız o, keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər. Piyadalar dəmiryol keçidindən keçərkən işıq, səs və dəmiryol nəqliyyatı işçilərinin işarələrini (siqnallarını), eləcə də şlaqbaumun vəziyyətini diqqətlə izləməli və dəmir yolunu yalnız hərəkətdə olan hərəkət tərkibinin olmadığı təqdirdə, şlaqbaumun açıq vəziyyətində, şlaqbaum olmadıqda isə hərəkət tərkibinin keçidə yaxınlaşmadığına əmin olduqdan sonra keçməlidirlər.
Yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən aşağıdakı hərəkətlərə yol verilməməlidir:
- sərnişin platformasının və ya hərəkət tərkibinin altına girmək;
- vaqonların arasındakı avtomatik qoşucuların üzərinə çıxmaq və ya altına girmək;
- stansiyaya gələn, stansiyadan gedən və ya dayanmadan keçən qatarın vaqonları ilə sərnişin platforması boyunca yanaşı qaçmaq;
- platforma hüdudunda hərəkətdə olan qatar tam dayananadək platformanın hüdud xəttini keçmək;
- azyaşlı uşaqları nəzarətsiz buraxmaq və hərəkətli oyunlar keçirmək;
- sərnişin platformasından dəmiryol xətlərinin üzərinə düşmək;
- şlaqbaumun olub-olmamasından və ya açıq, yaxud bağlı vəziyyətdə olmasından asılı olmayaraq, keçid siqnalizasiya işıqforunun qadağanedici göstəricisi zamanı dəmiryol keçidindən keçmək;
- kontakt şəbəkəsinin, hava xətlərinin, süni qurğuların xüsusi konstruksiyalarına və dayaqlarına çıxmaq;
- kontakt şəbəkəsinin, hava elektrik ötürmə xətlərinin dayaqlarına və xüsusi konstruksiyaları ilə gedən naqillərinə toxunmaq;
- dəmir yolunun ərazisində yerə düşmüş elektrik naqillərinə yaxınlaşmaq;
- sərxoş vəziyyətdə olmaq;
- dəmiryol nəqliyyatının hərəkət tərkibini, infrastruktur obyektlərini zədələmək;
- nişanları, göstəriciləri və ya digər informasiya daşıyıcılarını zədələmək, çirkləndirmək, qabağını kəsmək, özbaşına yerləşdirmək və çıxarmaq;
- dəmiryol xətlərinin üzərinə əşyalar qoymaq;
- insanlara xəsarət yetirə bilən müvafiq qablaşdırması və ya örtüyü olmayan əşyaları üzərində daşımaq;
- nəzərdə tutulmuş yerlərdən kənar nəqliyyat vasitəsi ilə və ya piyada keçmək;
- dəmiryol xətlərinin üzərində olmaq (hərəkət etmək, oturmaq və s.);
- dayanmış vaqonlara söykənmək;
- hərəkətdə olan qatarın vaqonlarına minmək və ya vaqonlarından düşmək;
- vaqonun pilləkənində və keçid meydançalarında dayanmaq;
- vaqonların avtomatik açılan və bağlanan qapılarının hərəkətinə maneə yaratmaq;
- bədən hissələrini vaqonun pəncərələrindən və ya tamburun qapılarından kənara çıxarmaq;
- hərəkətdə olan qatarda gediş üçün icazə verilməyən yerlərdə olmaq;
- hərəkət tərkibinin damına qalxmaq;
- “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaq;
- qatarın vaqonlarının qapılarını açmaq və ya bağlamaq, onların açılmasına, bağlanmasına mane olmaq, qatarın yola düşməsini yubatmaq;
- səlahiyyəti olmadan yük qatarlarında getmək;
- vaqonlardan dəmiryol xətlərinin arasına düşmək və qonşu yoldan qatar keçdiyi zaman orada dayanmaq;
- qatarın vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atmaq;
- vağzalın binasına, platformaya giriş və çıxışları, minik platformasını, piyada körpüsünü, keçid döşənəklərini və tunelləri əl yükü, baqaj və ya digər əşyalarla tutmaq və ya bağlamaq;
- əl yükləri ilə vaqonların tamburlarını, dəhlizlərini, giriş və çıxışlarını tutaraq maneələr yaratmaq;
- dəmir yolunu yaxınlaşmaqda olan hərəkət tərkibinin qarşısından keçmək;-
dəmiryol keçidlərindən şlaqbaumun bağlı vəziyyətində və ya keçid siqnalizasiyasının qırmızı işığında bağlı şlaqbaumun altından keçmək, habelə şlaqbaum bağlandığı zaman keçidə çıxmaq;
- dəmir yolu boyunca kənar relsə 5 metrdən yaxın məsafədə olmaq;
- piyadalar üçün cığırlarla təchiz olunmayan dəmiryol körpü və tunellərindən keçmək;
- bir istiqamətə hərəkət edən qatar keçdikdən sonra, qarşı tərəfdən digər qatarın gəlməməsinə əmin olmadan dəmir yolunu keçmək;
- dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək;
- dəmiryol relslərinin üzərində olmaq (oturmaq, hərəkət etmək və s.), tiyə və rama relsi arasında dayanmaq.
Yüksək təhlükəli zonalarda olan vətəndaşlar aşağıdakı tələblərə riayət etməlidirlər:
- hərəkət tərkibinin hərəkətinə maneə yaratmamaq;
- hərəkət tərkibinin təcili dayandırılması tələb edildikdə mümkün vasitələrdən istifadə etməklə işarə vermək;
- müşayiət etdikləri azyaşlı uşaqların əlindən tutmaq və ya uşaq arabasının istifadə edilmədiyi hallarda onları qucaqda saxlamaq;
- qatar tam dayandıqdan sonra və yalnız xüsusi ayrılmış yerlərdən vaqona minmək və ya vaqondan düşmək;
- vaqona minərkən və ya vaqondan düşərkən digər şəxslərə maneə yaratmamaq;
- qatarların hərəkətinin təhlükəsizliyinə və dəmiryol nəqliyyatının infrastruktur obyektlərinin normal fəaliyyətinə maneə və ya təhdidlər, o cümlədən kənar və ya sahibsiz əşyalar aşkar etdikdə bu barədə dəmiryol nəqliyyatı işçilərini və ya polis əməkdaşlarını məlumatlandırmaq.
- Stansiya və dayanacaqlarda qatarların gəlməsini gözləmək üçün xüsusi ayrılmış yerlər, o cümlədən gözləmə zalları, uşaqlı sərnişinlər və istirahət üçün ayrılmış otaqlar, ticarət və iaşə məntəqələri müəyyən edilir.
Yüksək təhlükəli zonalarda olan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolları sahibi tərəfindən aşağıdakı tədbirlər görülür:
- yüksək təhlükəli zonalarda dəmiryol nəqliyyatının istismarı və onun infrastruktur obyektlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar obyektləri təhlükəsizlik şərtlərini təmin etməklə yerləşdirilir;
- yüksək təhlükəli zonalarda işləri müvafiq məlumatverici işarələr qoymaqla vətəndaşların təhlükəsizliyi, habelə qatarların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edərək aparılır;
- dəmir yolunu nəqliyyat vasitəsilə və piyada keçmək üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təchiz olunmuş yerlərin fəaliyyəti təmin edilir;
- sərnişin platformasının, piyada keçidlərinin, tunellərin, körpülərin və hərəkətin və ya vətəndaşların təhlükəsizliyi üçün ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarının, digər infrastruktur obyektlərinin texniki və yanğın təhlükəsizliyi baxımından saz vəziyyətdə saxlanılması təmin edilir;
- zəruri informasiya göstəricilərinin qoyulması təmin edilir;
- qatarların hərəkətində məhdudiyyətlərin tətbiqi və ya dəyişiklik edilməsi barədə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı xidmətlərinin istifadəçiləri vaxtında məlumatlandırılır (texniki vasitələrin köməyi və ya digər informasiya daşıyıcıları ilə);
- yenidənqurma, tikinti və təmir işlərinin aparıldığı yerlərin nişanlanması və çəpərlənməsi təmin edilir.
Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında dəmiryol nəqliyyatının istismarı və onun infrastruktur obyektlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar olmayan obyektlərin yerləşdirilməsinə və işlərin aparılmasına yol verilmir. Yüksək təhlükəli zonalarda yanğınların, qəzaların, digər təbii və texnogen xarakterli fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün yanğından mühafizə, qəza-xilasetmə dəstələri, polis və daxili qoşun hissələri, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları, həmin zonada obyektləri yerləşən orqanların təmir briqadaları, həmçinin digər aidiyyəti qurumların əməkdaşları və xüsusi nəqliyyat vasitələri xilasetmə və qəza-bərpa işlərinin aparılması məqsədilə zonaya maneəsiz buraxılırlar.