Mehriban Zeynalova: Mütləq yazılı razılıq olmalıdır

Hamilə qadınlara ancaq bu halda gecə və bayram günlərində işləməyə icazə veriləcək

“Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır ki, ana övladı ilə daha çox vaxt keçirə bilsin”

  Azərbaycanda hamilə, 14 yaşınadək uşağı olan qadınlara gecə və bayram günlərində işləməyə icazə verilməsinə dair qanuna dəyişikliklər sonuncu oxunuşdan keçib. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin dünən keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək. Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək. Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər. Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  Əmək Məcəlləsinə edilmiş dəyişiklik barədə “Sherg.az”a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriabn Zeynalova qeyd etdi ki,  hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən “Qadınlar, biznes və hüquq hesabatı” dərc edir: 
- Hesabatda hansı ölkədə əməkçi qadınların vəziyyəti necədir, hansı ölkədə qadınların əmək hüququ daha çox qorunur, bunlara dair məlumatlar verilir və buna əsasən də ölkələrin reytinqi müəyyənləşir. Azərbaycanın reytinqinin yüksəldilməsi üçün Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi zəruri idi və bu, həyata keçdi. Əmək Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində qadın əməyinin istismarının aradan qalxacağını düşünürəm. Qadınların məşğulluq imkanları genişlənməlidir, orta aylıq əməkhaqqı artırılmalıdır, əmək haqqının təyinində gender bərabərliyi təmin edilməlidir. Xüsusilə də, uşaqlı qadınlara münasibətdə güzəştlər mütləq olmalıdır. Uşaqlı qadınlar üçün gecə növbəsində işləmək, bayram, istirahət günlərində çalışmaq çətindir. Ana övladı ilə daha çox vaxt keçirməlidir. Ailənin yükü qadının üzərindədir. Qadına iş yerində istirahət, bayram günləri ilə bağlı güzəşt edilməlidir. İstirahət və bayram günləri uşaq müəssisələri işləmədiyindən, bağlı olduğundan işləyən qadınlar üçün çox çətin olur. Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır ki, ana övladı ilə daha çox vaxt keçirə bilsin. Məktəblilər məktəbdən sonra nəzarətsiz qalmasın deyə, əməkçi qadınların evə tez dönməsi təmin edilməlidir. Əmək Məcəlləsinə edilmiş dəyişiklikdə qadınların əmək hüquqlarının artırılması, iş vaxtı, iş müddətinin qadının istəyinə uyğun tənzimlənməsi müsbət haldır. Bir çox hallarda qadınlar işləmək istəyir, buna maddi ehtiyacları olur. Yaxud da körpəsi olan qadın iş yerini itirməmək üçün analıq məzuniyyətini yarımçıq dayandırıb işə çıxmağa məcbur olur. İş rejimi və müddətinin qadınların öz öhdəsinə qoyulması, işəgötürənin qadını işləməyə məcbur edə bilməyəcəyi baxımından əhəmiyyətlidir. Övladını tənha böyüdən kişilər - atalar da var. Onların əmək hüquqları ilə bağlı da müsbət dəyişiklik edilib. Kişinin 3 yaşınadək övladı varsa və onu özü tək böyüdürsə, gecə növbəsindəki işlərə yalnız özünün razılığı və  yazılı ərizə ilə müraciət etdikdə cəlb edilə biləcək. Hesab edirəm ki, bu dəyişikliklər ailə modelinin möhkəmlənməsinə, ailədə narazılıqların aradan qalxmasına kömək edəcək, valideynlərin övladları ilə daha çox vaxt keçirmələrinə səbəb olacaq.