Ağzıbağlı yeni il hədiyyələri -Rəy

Valideynlərə çağırışla yanaşı marketlərdə də  ciddi yoxlamalar aparılmalıdır

“Risk qrupuna daxil olan uşaqların zərərli qidalardan qorunması üçün bu prosesə xüsusi nəzarət edilməlidir”


  Yeni ilə sayılı günlər qalıb və artıq marketlərdə uşaqlar üçün hədiyyəlik qutuların satışa çıxarıldığını müşahidə edirik. Lakin hər il qutulara yerləşdirilən məhsullarla bağlı narazılıqlar olur.  Elə bu səbəbdən də Yeni il öncəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni il hədiyyə qutuları ilə bağlı vətəndaşlara müraciət edib.  AQTA-nın məlumatında  bildirilib ki, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır: "Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir".
  Məlumatda qeyd olunub ki, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər: "Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də, hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir.
  Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər".
AQTA Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə vəyəndaşların Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri ilə bağlı çağırış edib.
  Qeyd edək ki, hər il bu məsələ müzakirəyə çıxarılır, valideynlərə çağırış edilir, lakin dəyişən bir şey yoxdur. Mağazalar yenə  də iki həftə əvvəldən müxtəlif fiqurlu yeni il qutuları hazırlayıb, içərisini də  şirniyyatla doldurub satışa çıxarıb. Valideynlərin əksəriyyti də bayram qabağı, yaxud da bayram günlərinə bu hədiyyələri öz uşaqlarına, qonaq getdikləri  yerə alıb aparırlar.  Hədiyyə qutularının içərisindəki məhsulların tarixinə, keyfiyyətinə isə baxmaq mümkün olmur. 
Bəs, bu məsələ necə tənzimlənməlidir ki, sonda zərər görən uşaqlar olmasın. Valideynlər bu hədiyyələri alarkən nələrə diqqət etməlidir?

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə “Sherg.az”a açıqlamasında  deyib ki, AQTA-nın bu cür maarifləndirmə xarakterli müraciət yayması təqdirəlayiq haldır. Lakin valideynlərə çağırışla yanaşı marketlərdə də  ciddi yoxlamalar aparılmalıdır: 

"AQTA əməkdaşlarının bütün marketlərdə reyd keçirmək səlahiyyətləri var və bayramqabağı bu cür yoxlamaların aparılmasını zəruri hesab edirəm.  Burada söhbət uşaqların sağlamlığından gedir. Risk qrupuna daxil olan uşaqların zərərli qidalardan qorunması üçün bu prosesə xüsusi nəzarət edilməlidir. Şübhəli  məhsullardan nümunə götürülməli, vaxtı keçmiş məhsul aşkar olunan marketlərlə bağlı akt tərtib olunmalıdır".      
  
A.Salamovun sözlərinə görə, hədiyyə qutuları ağzıbağlı olduğu üçün içərisindəki şirniyatların nə tarixinə baxmaq olur, nə də keyfiyyətinə. Məhsulu yalnız aparıb evdə açandan sonra içərisində  vaxtı keçmiş,  kağızı açılmış, əzilmiş şokoladlar olduğunu görmək olur:
“Bütün marketlərə şamil olunmasa da, amma əksər marketlər müəyyən hiylələrə əl atırlar. Onlar psixoloji olaraq qutunu elə düzəldirlər ki, alıcılar gözəlliyinə aldanıb, həmin məhsulları alıb evlərinə, uşaqlarına aparmaq istəyirlər. Əksər hallarda vaxtı keçmiş peçenyelər, şəkərləmələr, şirniyyatların yanında uşaqlar üçün çox vaxt plastik oyuncaqlar qoyulur. Ümumiyyətlə, kimyəvi zəhərlənmənin baş vermə ehtimalı səbəbindən bu oyuncaqların qida məhsulları ilə yanaşı qoyulması düzgün deyil. Valideynlərə tövsiyəmiz odur ki,  uşaqlarına mütləq hədiyyə qutusu vermək istəyirlərsə, mağazada satılan  və uşaqların sağlamlığına ziyan olan hazır hədiyyələrdənsə, qutuları alıb  hədiyyələri özləri də evdə hazırlaya bilərlər”.

  Mütəxəssis qeyd edib ki, əgər valideynlər uşaqlarının sağlamlığını düşünürlərsə, fərdi olaraq öz evlərində uşaqları üçün şirniyyatlar hazırlaya bilərlər:
 “Öz evində əllərindən çıxmış məhsul daha keyfiyyətlidir, uşaqlar üçün də heç bir zərəri yoxdur. Amma mağazada satılan, marqarin kimi trans yağlarda hazırlanan şirniyyatlar uşaqların orqanizmini zəiflədir. Həmin qidalar bədən temperaturunda ərimir, qaraciyərə yüklənir. Nəticədə azyaşlılarda artıq kiloluluq, şəkər xəstəliyi kimi ciddi problemlər yaranır. Buna görə də düşünürəm ki valideynlər ancaq ev şəraitində sağlam qida məhsulları hazırlayıb uşaqları üçün Yeni il hədiyyəsi qutusuna doldurub yolka ağacının altına qoysalar, daha çox maraqlı olar”.