Qara transplantasiya: Heç kəs öz orqanını sata bilməz

Bu, kriminaldır, arxasında həmişə müəyyən niyyət dayanır

“Qara transplantasiya” geniş yayıldığından bütün hallarda ehtiyatlı davranmaq və bu cür elanları ciddi araşdırmaq lazımdır


  “Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə böyrək və qaraciyər alıram yazılır”. Bu sözləri Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
  Deputat deyib ki, hətta avtobus dayancaqlarında da bu elanlar var: “Bu məsələdə bir neçə yanaşma ola bilər. Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikinci isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu, sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”.
Razi Nurullayev əlaqədar orqanlara müraciət edib: “O vətəndaşları dəvət edin, araşdırın ki, onlar niyə daxili orqanlarını satmaq istəyir? Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, alqı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm. Bu məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm".
  Hüquqşunas İradə Cavadovanın sözlərinə görə,  əhalinin gur olduğu yerlərdə böyrək satışı elanının vurulması "qara transplantasiya"ya cəhd kimi qəbul edilə bilər: “Orqan köçürülməsinin qanuni yolları var. Kimsə donor qismində çıxış etmək istəyirsə, dövlət xəstəxanasına, orqan transplantasiyası həyata keçirməyə rəsmi icazəsi olan klinikaya müraciət etməli, qeydiyyata düşməli, analizlər verməli və növbəyə dayanmalıdır. Böyrək və ya qara ciyər çatışmazlığı olan və qeydiyyata alınan xəstələrdən hansısa birinin göstəriciləri ilə bu adamın göstəriciləri düz gələrsə, o zaman üzləşdirmə keçirilir və alqı-satqı prosesi icra edilir. Sonra da işin tibbi tərəfləri icra olunur. Hər kəs öz orqanını satmaqda sərbəstdir, amma əlbəttə ki, qanuni qaydada. Əgər kimsə divara elan vurursa və böyrəyinə müştəri axtarırsa, deməli, burada artıq qeyri-qanuni əməl var və bu, orqan qaçaqmalçılığına cəhddir. Bundan adətən işbazlar yararlanır”. İşbazların orqanları ucuz qiymətə alaraq, baha qiymətə satdığını iddia edən hüquqşünas  qeyd edib ki, qanuni yolla əməliyyat keçirmək daha baha başa gəldiyindən bir sıra ölkələrdə orqan qaçaqmalçılığı geniş yayılıb. Hazırda dünyada “qara transplantasiya” geniş yayıldığından bütün hallarda ehtiyatlı davranmaq və bu cür elanları ciddi araşdırmaq lazımdır”.
  Psixoloq Azad İsazadə isə hesab edir ki, bunun əsas səbəblərindən biri sosial problemlər, bir qismi də psixoloji məqamlardır. Amma istənilən halda belə elanları yayan şəxslər və şəbəkələr ciddi nəzarətə götürülməli, onların problemlərinin həlli istiqamətində işlər aparmalıdırlar.
 Psixoloq “Sherg.az”a açıqlamasında əlavə edib ki, insanların öz orqanları ilə bağlı onlayn satış elanı verməsi qətiyyən düzgün deyil, hətta cinayətdir:
“İnsan orqanı heç bir halda satış predmeti ola bilməz. Bildiyim qədəri ilə bizdə bu məsələ ilə bağlı bir neçə dəfə cinayət işi də açılıb. Azərbaycan qanunvericiliyinə görə, könüllü şəkildə kimsə öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər. Adətən ailə üzvləri, birinci dərəcəli qohumlardan orqan köçürülür. Lakin qohum olmayan şəxslər də donor ola bilər, amma bu, alqı-satqı yox, xeyirxahlıq prinsipinə əsaslanır”.
  Professor Adil Qeybulla da qeyd edib ki, heç kəs öz orqanını sata bilməz: "Bu, kriminaldır, bunun arxasında həmişə müəyyən niyyət dayanır”.

  Ekspertin sözlərinə görə, bütün dünyada bu proses müəyyən qaydalarla həyata keçirilir:
 "Donor bankı var və həmin donor bankında beyin ölümü keçirmiş insanların orqanları ehtiyacı olan insanlara köçürülür. Burada şəffaflıq təmin olunur. Azərbaycanda isə  orqanların qara bazarı mümkün deyil. Varsa da, o artıq cinayət xarakteri daşıyır. Bir ara bununla bağlı müəyyən cəhdlər var idi, lakin qarşısı alındı. İndi isə bu məsələyə ciddi nəzarət var".