Qəhrəman oğulların həyat yolu 
Gənclər üçün ən gözəl vətənpərvərlik nümunəsidir

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


  Gənc nəslin vətənpərvər ruhda böyüməsi, milli-mənlik şüurunun Vətənə sevgi, Vətənə bağlılıq kontekstində inkişafı məqsədilə ölkəmizdə müxtəlif layihələr həyata keçirilir.  “Qardaşlaşmış Qarabağ Məktəbləri” də belə layihələrdən biridir. Bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 2022-ci il iyulun 18-24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edib. Hər iki layihə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov, Laçın rayon Kamallı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyyə Quluyeva, Ağdam rayon 88 nömrəli məktəbin ingilis dili müəllimi Ceyhunə Əliyeva və İsveçrədə Qarabağ məktəbinin müəllimi Leyla Bağırzadənin iştirakı ilə baş tutub. Bir həftə ərzində mədəni-maarifləndirici panellərdə iştirak edən şagirdlərin ölkəmizin dilbər guşələrinə, muzeylərə səyahəti təmin edilib. Eyni zamanda daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçirilib. Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarının, o cümlədən yeniyetmə və gənclərimizi birləşdirən ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilib. Xatırladaq ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə bir neçə ildir xarici ölkələrdə həftəsonu Azərbaycan məktəblərinin qurulması prosesinə başlanılıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq naminə ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır. 
  III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi də məhz bu məqsədə xidmət edir. Düşərgənin açılışı "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı, Daxili İşlər Nazirliyinin “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, millət vəkilləri Jalə Əhmədova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Qazaxıstan Respublikası Türküstan vilayəti “Qarabağ Azərbaycan etno-mədəniyyət mərkəzi”nin rəhbəri Ramilə Mustafayeva, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək bütün iştirakçıları salamlayıb və tədbirin əhəmiyyəti, həmçinin şagirdlərin düşərgədəki fəal iştirakı barədə məlumat verib. Daha sonra çıxış edən "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə nitqində layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Tədbirin davamında millət vəkilləri Ceyhun Məmmədov, Fatma Yıldırım, Jalə Əhmədova, Qazaxıstan Respublikası Türküstan vilayəti “Qarabağ Azərbaycan etno-mədəniyyət mərkəzi”nin rəhbəri Ramilə Mustafayeva çıxış edərək düşərgə ilə bağlı xoş fikirlərini bölüşüblər. Qeyd edək ki, 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutacaq düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edəcək. 
  Gənclərdə vətənpərvərlik və milli şüurun formalaşması məqsədi daşıyan layihələrin əhəmiyyətindən danışan təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında son illərdə analoji layihələrin keçirildiyinə diqqət çəkdi: 
- Xatırladım ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2023-cü il ərzində təhsil müəssisələrində ümumilikdə 15 layihə həyata keçirilib. Onlar arasında “Tarix yazan müəllimlər”, “Onlayn kitab klubu”, “Məktəbdə...”, “Yaşıl layihə: təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, həmçinin “7-dən 17-yə vətənpərvər!” layihələri də var. Bu məzmunlu layihələrdə  əsas məqsəd şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, eyni zamanda gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsidir. “7-dən 17-yə vətənpərvər!” layihəsi də bu məqsədə xidmət edir. Məqsəd məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda “Şuşa İli”, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlər təşkil olunub. Həmçinin şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkili edilib. Məsələn, 206 saylı tam orta məktəb şagirdləri tərəfindən “Dirçələn Qarabağ” video-çarxı hazırlanmışdı və internet resurslarda nümayiş olunmuşdu. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümunələri və digər layihələrin hazırlanması həyata keçirilib. Bu tədbirlərdə fərqlənən şagirdlər müxtəlif nominasiyalar üzrə təltif ediliblər. Bütün bunlar əlbəttə ki, şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirir. Belə tədbirləri çox sadalamaq olar. 180 saylı orta məktəbdə Vətən Müharibəsi iştirakçısı olan müəllimin "Hədəfimiz Şuşadır" adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər. Belə tədbirlərdə adətə uyğun olaraq öncə məktəblilər Vətən şəhidlərinə həsr olunmuş abidə və şəhidlər bulağını ziyarət edirlər, gül dəstələri qoyurlar. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Bunlar hamısı gənclərdə vətənpərvərlik hisslərinin güclənməsində böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, "Hədəfimiz Şuşadır" adlı kitab Vətən müharibəsinin şəhid leytenantı Elvin Məmmədzadənin xatirəsinə həsr olunub. Kitabın müəllifi də 180 saylı tam orta məktəbin müəllimi, şəhidin yaxın silahdaşı olan Əli Abbasovdur. O, kitabda Qarabağ müharibəsi, döyüş yoldaşları və  onların yaxınlarının xatirələrini qələmə alıb. Çıxışı zamanı da Ə.Abbasov bildirdi ki, ərazi bütövlüyümüz uğrunda mərdliklə mübarizə aparan, ölümün gözünə dik baxan, Vətən eşqi ilə şəhidlik məqamına yüksələn Elvin Məmmədzadə kimi qəhrəman oğulların həyat yolu gənclər üçün ən gözəl vətənpərvərlik nümunəsidir. Məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar da çox faydalıdır. “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi də gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsi, milli-mənlik şüurunun düzgün istiqamətdə formalaşması, gənclərimizin Vətənə layiq övladlar olaraq inkişaf etməsi naminə həyata keçirilən layihədir. Ölkəmizlə yanaşı, xarici dövlətlərdə yaşayan azərbaycanlı gənclərin layihəyə cəlb edilməsi ona görə önəmlidir ki, gənclərimiz cismən Vətəndən uzaqda yaşasalar da, ruhən Vətənə bağlı olsunlar. Başqa ölkələrin məktəblilərinin düşərgəyə cəlb edilməsi də ona görə önəmlidir ki, onlar Azərbaycan haqqında biliklər, məlumatlar əldə edir, onlarla ünsiyyət quran gənclərimiz, məktəblilər də Vətəni necə tanıtmaq lazımdır öyrənirlər. Oxşar məzmunlu düşərgələr, məlumdur ki, yay aylarında da təşkil olunur. Məsələn, Şuşada məktəblilərin yay düşərgəsi təşkil edilmişdi. Bu düşərgələrin məktəblilərin təlim-tərbiyəsində əhəmiyyəti böyükdür. Yəqin ki, bundan sonra da oxşar layihələr davam edəcək.