Biz qadını yox, ailəni xilas etməliyik -Açıqlama

Çünki problemi ayrı-ayrılıqda həll etmək mümkün deyil. Problemlərin yaranması böyük ölçüdə həm də sosial şəbəkələrdən qaynaqlanır

“Biz sosial şəbəkədə təcili olaraq davranış mədəniyyətinin formalaşmasına çalışmalıyıq. Bu, günün tələbidir. Sosial şəbəkədə davranış qaydaları ilə bağlı fikir aydınlığı olmalıdır. Gərəkirsə normativlər müəyyən edilməlidir, bu sahəni başlı-başına buraxmaq olmaz”


  “Gecə sağlıq problemi ilə bağlı status açmışdım. Çox sağ olun, mənəvi dəstəyiniz və məsləhətləriniz üçün. Hər biriniz mənim üçün çox dəyərlisiniz. Sonra təcili yardım gəldi, problem həll olundu. Statusu açma səbəbim isə 103-ün cavab verməməsi və nə edəcəyimi bilməmə çarəsizliyim”. Bu status sosial şəbəkə istifadəçisi Aynur Qurbanqızına məxsusdur. Qeyd edək ki, xanım başına gələn hadisəni sosial şəbəkədə paylaşdığı üçün bəziləri tərəfindən qınanıb. Bu, feysbukdakı yazışmalardan məlum olur. A.Qurbanqızının onu qınayanlara cavabı da maraqlıdır: “Aranızda “bu durumda feysbuk necə yadınıza düşür?” yazanlar oldu. Belə hallarda sizlər yaxınınıza zəng edirsiz, mən də gecə hamı yatdığına görə, həmçinin burada məsləhət verəcək insanlar daha çox olduğuna görə sizə yazdım və hər zaman da belə olacaq. Ola bilər bu bir az da xarakter məsələsidir. Yəni bunu vecsizlik kimi görməyin. Əgər birinin yaxını rəhmətə gedib, 3 gün sonra sosial şəbəkədə yazırsa, onu da qınamayın, əksinə, dəstək olun. Çünki insanlar hisslərini, kədərini paylaşmaq istər. Bəlkə paylaşmaq üçün ən yaxın insanları sizsiniz? Amma ən pisi bu durumu reytinq qazanmaq üçün dəyərləndirməkdir. Bu şərhi bir xanım yazmışdı və ən üzücü də odur ki, daim məni izləyən biridir. Yəni siz mənim haqqımda bu şübhəyə necə düşə bilərsiniz??? Məni heçmi tanımamısınız? Onu da qınamıram, tiktokda aktivlik üçün çıxılmayan oyun qalmadığı üçün… Amma bu sözü yazanda ən azından düşünün kimə yazırsınız. 400-ə yaxın şərh gəlmişdi və elə məsələ həll olunan kimi də o statusu səhifədən götürdüm. Reytinq düşünən bunu edər? 
  P.S. Çox şükür ki, neqativ yazan sadəcə 1-2 nəfər idi və həyatda hər zaman belə şeylər olacaq. Əsas odur ki, sizlər varsınız. Mənim üçün real qohum-əqrəbamdan daha doğmasınız mənə. Çünki həmişə yanımda olduğunuzu hiss edirəm və sizi sevirəm”. 
  Hadisə də, xanımın kimlərsə tərəfindən dəstəklənməsi və ya qınanması da bir yana, diqqətimizi çəkən, “real qohum-əqrəbamdan daha doğmasınız mənə”, qeydidir. Sosial şəbəkə istifadəçiləri niyə, hansı səbəbdən real qohum-əqrəbadan daha doğma olmalıdır? Belə insanlar az deyil, təəssüf ki. Valideynləri, doğmaları, yaxın qohumları ilə dil tapa bilməyənlər, ünsiyyət qura bilməyənlər, qarşılıqlı şəkildə bir-birinin xeyrinə-şərinə yaramayan insanlar, necə olur ki, sosial şəbəkədə “canbirqəlb” olur?  Bu, normaldır, yoxsa anormal? 
 
 Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında mövcud vəziyyəti dəyərləndirdi: 

- Bu, virtual aləm xəstəliyidir və təəssüf ki, bu xəstəliyə tutulanların sayı hər ötən gün artır. Həm də bu, xarici kəşfiyyatın ölkəmizdə indiyədək mövcud olan milli dəyərləri, ailə dəyərlərini yox etmək planının bir hissəsidir. Xarici texnoloqlar, institutlar “yumşaq metodlarla” layihələr həyata keçirir. Cəmiyyətdə bir boşluq tapan kimi ora nüfuz etməyə, oyun qurmağa başlayır. Uzun illərdir qadına qarşı zorakılıq əleyhinə tədbirlər həyata keçirilir. Mən bunu artıq bir neçə dəfə bildirmişəm ki, biz qadını yox, ailəni xilas etməliyik. Qadın ailənin bir fərdidir, ailədə digər fərdlər də var. Bəli, Azərbaycan kişisi qadına qarşı kobud, zorakıdır. Amma əgər qadının valideynləri ərin üstünə dava-dalaşla gəlirsə, ərin valideynləri də onları “əldə silah” qarşılayırsa, bu, ailədə müharibənin başlanması deməkdir, nəticə də boşanma olacaq. Statistikaya baxsaq görərik ki, “Qadına qarşı zorakılığa son” tipli şüarlar səslənəndən boşanmaların sayı artıb. Məni kimsə zorakılıq, kişi təəssübkeşi kimi qələmə verməyə çalışmasın. Mən ayrı-ayrılıqda qadının və ya kişinin müdafiə olunmasını yox, ümumilikdə ailənin xilasını vacib sayıram. Çünki problemi ayrı-ayrılıqda həll etmək mümkün deyil. Problemlərin yaranması böyük ölçüdə həm də sosial şəbəkələrdən qaynaqlanır. Qadınla kişi 2 gün içində sosial şəbəkədə tanış olur, görüşməyə başlayır, ailə də dağılır. 44 günlük müharibədə Azərbaycan xalqını məğlub edə bilməyənlər bunu sosial şəbəkələr vasitəsilə etməyə çalışır. Gah narkotik maddə ötürürlər, gah gənclərimizi yoldan çıxarmağa çalışırlar. Oğlan uşaqları ayaqqabını corabsız geyinir, qızlarımız da qarnı açıq gəzir. Sabah evlənəndə problemlər çıxır ortaya. Gənc oğlanlarda impatensiya, qızlarımızda sonsuzluq problemi. Ailə də bu problemlər səbəbindən dağılır. Mən məhkəmələrdə iştirak edən vəkillərlə ünsiyyətdə oluram. Bildirirlər ki, boşanmaların 31 faizi cinsi zəifliyə görədir. Bunun səbəbi tapılmalı və aradan qaldırılmalıdır. Ailə problemlərinin, şəxsi hisslərin sosial şəbəkədə açıq formada yayılması yolverilməzdir. Kim nə gəldi yazır. Söyüşlər, təhqirlər “uçuşur”. Sosial şəbəkə də ictimai platformadır. Avtobusda söyüş işlətməkdən çəkinənlər, sosial şəbəkədə bunu asanlıqla edir. Avtobusda 20 nəfər var, sosial şəbəkədə 20 min. Necə olur ki, 20 nəfərin yanında özünü mədəni aparan şəxs sosial şəbəkədə heç bir etik qaydanı gözləmir? Sosial şəbəkələrdə davranış mədəniyyəti yoxdur, ona görə belə problemlər ortaya çıxır. Biz sosial şəbəkədə təcili olaraq davranış mədəniyyətinin formalaşmasına çalışmalıyıq. Bu, günün tələbidir. Sosial şəbəkədə davranış qaydaları ilə bağlı fikir aydınlığı olmalıdır. Gərəkirsə normativlər müəyyən edilməlidir, bu sahəni başlı-başına buraxmaq olmaz.