Quru sərhədlərin açılması artıq sosial sifarişdir - AÇIQLAMA

Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz


  Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişinin qonağı ReAL Partiyasının sədri İlqar Məmmədov olub. 
Müsavat.com xəbər verir ki, İlqar Məmmədov quru sərhədlərin bağlı olmasından danışıb.
  4 ildir quru sərhədlərinin bağlı saxlanılmasının dövlətçilik prinsiplərinə zidd olduğunu vurğulayan İ.Məmmədov qeyd edib ki,  sərhədlər 1-2 il də bağlı qalsa, sonra onu açmaq  mümkün olmayacaq. Açılsa belə, ölkənin hüquq-mühafizə orqanları, gömrük orqanları açıq sərhəd rejimində işləyə bilməyəcək. Ölkəyə giriş-çıxışı idarə etmək çox çətin olacaq. Zaman keçdikcə bu sahədəki  təcrübə  də yaddan çıxacaq. 
  Ölkənin təhlükəsizliyini təmin etmək üçün quru sərhədlərini bağlı saxlamaq şərt deyil. Əksinə, bağlı sərhədlər çərçivəsində dövlət idarə etmək olmaz. Bu zaman qonşu dövlətlərlə normal münasibət qurmaq vərdişləri itəcək. Nə vaxtsa sərhədlər açılanda isə həmin vərdişləri bərpa etmək çətin olacaq, əlavə problem çıxacaq. Bu gün üçün sərhədlərin bağlı qalması ən təhlükəsiz qərar kimi görünsə də,  orta və uzaq perspektivdə bu qərarın qüvvədə qalması dövlətin təhlükəsizliyini risk altında qoya bilər. Hüquq-mühafizə orqanlarında çalışan yaşlı əməkdaşlar təqaüdə çıxır. Sistemdə yeni çalışan gənclər isə artıq bağlı sərhədlər rejmində işləməyə  öyrəşir. Sabah da sərhədlər açılanda onlar ölkəyə gələn  qonaqlar, turistlərlə necə davranmaq lazım olduğunu bilməyəcək. Səhvlər edəcək. Həmin səhvlər də ölkə və dünya medisında işıqlandırılacaq”.  
  İ.Məmmədov sərhədlərin bağlı qalmasının səbəbinin daxili turizmi təşviq etmək ehtimalı ilə  də razılaşmayıb. Onun sözlərinə görə, məsələnin nə iqtisadi, nə də hüquqi əsasları var.

  İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu  deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur:  

“Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində  COVID-19 pandemiyası ləğv edilib. Uzun müddətdir ölkədə  yoluxma sayı stabildir. Eləcə də, ölüm sayında kəskin azalma müşahidə edilir. Sərhəd ölkələrdə də pandemiya təhlükəsi olmadığı üçün quru sərhədlərin açılması tibbi baxımdan təhlükəli hesab oluna bilməz. Nəzərə alaq ki, bütün dünyaya təyyarə ilə gediş-gəlişimiz var. Təyyarə yolunun açılması daha təhlükəlidir, nəinki quru sərhədlərin. Buna rəğmən tutarlı bir səbəb göstərmədən xüsusi karantin rejimi uzadılır. Aydın məsələdir ki, səbəb pandemiya deyil.  Dəfələrlə qeyd etmişik ki, quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə 4-cü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da  sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi  mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdir”.

 İqtisadçının sözlərinə görə, Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür:
"Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər. Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz.  Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.
  Qeyd edək ki,  koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.  Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.