Ekspert: Sığorta bazarı böyüdükcə iqtisadiyyat da güclənir

Azərbaycanın sığorta bazarı 27 % böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb.
 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 manat olub.
       
 Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda sığorta bazarında müxtəlif problemlər mövcuddur:
 “Əsas problemlərdən biri sığorta şirkətlərinə güvən məsələsidir. Sığorta şirkətlərinin gəlirliliyi artırsa, bu sığorta şirkətlərinə güvənin artmasını göstərir. İnsanlar əvvəllər icbari sığorta ilə bağlı ödənişlərdə çətinlik çəkirdilər, həmçinin vaxt itkisi ilə üzləşirdilər. İndi çox qısa zaman kəsiyində ödənişlər həyata keçirilir. Ümumiyyətlə sığorta bazarı nə qədər böyüyərsə, bu  iqtisadiyyatda müsbət təsirlərə səbəb olacaqdır. Sığorta bazarı ümumi iqtisadiyyatın tarazlaşmasına kömək olan sahələrdən biridir”. 

N. Cəfərli sığortanın Azərbaycanda geniş növlərinin yayılmadığını vurğulayıb:
“Sığorta şirkətləri daha çox icbarı sığortaya meyil edirlər. Kənd təsərrüfatı sahə olaraq sığortanın ən zəif olan nöqtəsidir. Aqrar sahədə sığorta hələ də geniş inkişaf etməyib. Nəticə etibarı ilə fermerlər ciddi problemlərlə üzləşirlər. Çünki onların daha rahat davranışlarının qarşısı alınır. Zaman-zaman hava şəraiti və digər səbəblərdən məhsul itkisi ilə üzləşərkən fermerlər dövlətdən yardım gözləyirlər. Əslində belə olmalı deyil, sığorta şirkətlərinin özləri bunda maraqlı olmalıdırlar. Riskləri böyük olduğu üçün  sığorta şirkətləri ehtiyyatlı davranırlar. 2024-cü əsas məsələ aqrar sahəyə sığortanın genişləndirilməsi üçün dövlətin yeni bir proqramına ehtiyac var. Düzdür, təşviq layihələri var və dövlətdə dəstək göstərir. Amma yenədə bu sahədə yeni yanaşmalara ehtiyyac duyulur”.