Yol həm mədəniyyət, həm də iqtisadiyyatdır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


Azərbaycanda yol təsərrüfatı inkişaf etmiş Avropa ölkələrindən də irəlidədir


  Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Belə ki, ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmiyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların çox böyük hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub. Son bir neçə il ərzində 18 min kilometrə yaxın yol təmir olunub və ya yeni salınıb. 
  Azərbaycanda son illərdə aparılan genişmiqyaslı yol tikintisi və yenidənqurma işləri ölkənin avtomobil magistrallarının müasir vəziyyətə gəlməsi, sürücülər və sərnişinlər üçün rahatlıq və təhlükəsiz hərəkət yaradır. Ölkədə yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhalinin sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edir.
  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə verdiyi Sərəncamı bölgələrimizdə yol sistemini tamamilə dəyişdi. Keçən dövrlərdə ölkə prezidenti tərəfindən bu məqsədlə çoxsaylı sərəncamlar, tapşırıqlar verilib və xeyli layihələr həyata keçirilib. İndi region əhalisi daha rahat, daha müasir, daha geniş yollarla istədiyi məntəqəyə tez və təhlükəsiz şəraitdə gedib gəlir. Əlbəttə, bu yollar təkcə sosial deyil, həm də böyük iqtisadi əhəmiyyətə malikdir.
Ən əsası isə ölkəmizin əsas nəqliyyat arteriyaları olan Bakı-Gürcüstan sərhədi, Bakı-İran sərhədi, Bakı-Rusiya sərhədi magistrallarının yenidən qurulması həm İpək yolu üzrə, həm Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları xeyli intensivləşdirib. Deməli, bu yollar həm sosial, həm də iqtisadi cəhətdən böyük fayda verir və verəcəkdir.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev “Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km) - Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km) - Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
  Prezident İlham Əliyev eyni zamanda Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  Sərəncamla Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə dövlət büdcəsindən 350,0 (üç yüz əlli) min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə qeyd olunan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
  Bir gün əvvəl isə Prezident Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmir edilməsi ilə bağlı Sərəncam imzalayıb. 
Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600,0 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
  
Yolların əsaslı təmiri ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncamları yüksək dəyərləndirən  iqtisadçı- ekspert Asif İbrahimov deyib ki, dövlət başçısı infrastrukturun regionlarda vəziyyətinə diqqət yetirir: 
"Yol həm mədəniyyət, həm də iqtisadiyyatdır. Bu magistral yollardan əhali istifadə edir, eyni zamanda iqtisadi məqsədlər üçün də məhsulların daşınması həyata keçirilir. Ölkə rəhbərliyinin nəzərindədir ki, Azərbaycanda yollar beynəlxalq standartlara uyğun səviyyədə olsun. Səfər etdiyimiz ölkələrdə, reytinqlərdə də görürük ki, Azərbaycanda yol təsərrüfatı inkişaf etmiş Avropa ölkələrindən də irəlidədir".
  
Ekspert bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Yalama sərhədinə qədər 129 km ödənişli yol salındı. İnsanların, yüklərin daşınması üçün daha sürətli alternativ yol ərsəyə gətirildi: 
"Köhnə yolda isə müxtəlif illərdə - 2007-2008-ci illərdə əsaslı təmir işləri getmişdi. Demək olar ki, o yolda hər iki ildən bir təmir işləri aparılır. Bu da həmin ərazinin coğrafi quruluşuna görədir. Yol çaylar, qurunt sularının olduğu ərazilərdən keçir. Yük maşınları da oradan hərəkət edirdi. Yol tez sıradan çıxırdı. Bu baxımdan həmin ərazidə bir neçə nöqtədə yolların sıradan çıxması baş vermişdi və dərhal təmiri həyata keçirilib. Sonuncu sərəncamla 1,2 milyon manat vəsait ayırmaqla həmin zərər görmüş hissələrdə əsaslı təmir işlərinin həyata keçirilməsi qarşıya məqsəd qoyuldu. Həmin dövlət proqramı çərçivəsində qarşıda duran tədbirlər planında Bakı şəhərinin daha çox istifadə olunan, beynəlxalq tədbirlərin keçiriləcəyi, qonaqların qarşılandığı küçələrdə yol infrastrukturunun da təmirinə zərurət yaranmışdı. Səbail rayonunda da müəyyən yolların təmirinə vəsait ayrıldı. Bu, fövqəladə hadisə ilə bağlı deyildi. Yol infrastrukturunun beynəlxalq standartlara uyğun olmasını dövlət nəzarətdə saxlayır. Bu da eyni səbəbdən atılan addımdır".

  Millət vəkili Azər Badamov isə “Sherg.az”a açıqlamasında deyib ki, son 20 ildə dövlət başçımızın müvafiq sərəncamları ilə ölkəmizdə 18 min km-dən çox avtomobil yolları yenidən tikilib: 
“Demək olar ki, regionları paytaxtla, rayon mərkəzlərini kəndlərlə birləşdirən yolların əksəriyyəti asfaltlanaraq yenidən qurulub. Bu gün ölkəmizin hər bir istiqamətinə çox rahat səfər etmək mümkündür. Bununla yanaşı hələ də yenidən qurulmasına və bərpasına ehtiyacı olan kifayət qədər avtomobil yolları qalmaqdadır. Son günlər ölkə başçımız Bakıda və regionlarda avtomobil yollarının yenidən qurulması və bərpası ilə bağlı çoxlu sərəncamlar imzalayıb. Bu sərəncamlar yolsuz yerlərə yeni bir nəfəs gətirəcək. Belə ki, insanlar rahat hərəkət edə biləcək, sahibkarlar istehsal etdiyi malları itkisiz və rahat şəkildə daşıya biləcəklər. Yol iqtisadiyyatdır, yol mədəniyyətdir.  Yolların inkişaf səviyyəsi  ölkənin iqtisadi gücünü göstərir. Azərbaycan dövləti nəinki avtomobil yolları tikir, həm də dəmir yollarını yenidən qurur və Beynəlxalq Hava Limanları ərsəyə gətirir. Bu həm də, beynəlxalq əhəmiyyətli layihələrdir. Azərbaycan yol infrastrukturuna görə regionun ən inkişaf etmiş ölkəsi hesab olunur”.