Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov "Əmək pensiyaları haqqında" qanunda 8-ci və "Sosial müavinətlər haqqında" qanunda 4-cü maddələrə yenidən baxılmasını vacib sayıb.
Deputat çoxuşaqlı ailə məsələsinə də baxılmasını təklif edib: “Çoxuşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Diferensial yanaşma bu sahədə çox vacibdir. Əgər çoxuşaqlı ailə modelini 5-dən 3-ə endirəriksə, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər".
Komitə sədri Musa Quliyev də bildirib ki, çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır: “Biz bu təklifi dəstəkləyirik. Çox uşaqlı anlayışı 5 uşaqdan 3 uşağa endirilməlidir. Eyni zamanda onlara verilən müavinətə baxılmalıdır. Ailələrə daha çox uşaqlara görə müavinət verilməsi yollarını biz axtarırıq”.
Musa Quliyev qeyd edib ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur: “Onlar da bu məsələdə müsbət fikirdədirlər”.
Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, çoxuşaqlı anlayışının 5 uşaqdan 3-ə endirilməsini müsbət qiymətləndirir:
“Çünki, ölkədə imkan olduğu qədər həmişə sosial müdafiənin yüksəlməsinə yaxşı baxmaq olar. Uşaqların sayının 5 dən 3-ə endirilməsi köməkçi bir vasitədir. Ailədə çox uşağın olması önəmli deyil.Əsas məsələ əhalinin keyfiyyətidir. Cəmiyyətin keyfiyyətində isə 3 əsas amil var: əhalinin fiziki sağlamlığı, mənəvi zənginliyi və əməyə yaradıcı münasibət. Bunların hər biri yüksək səviyyədə olduqda əhalinin keyfiyyəti də yüksək səviyyədə olur. 5 uşaqdan 3 uşağa enmək ailəyə kömək etmək deməkdir”.