Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb.
Bildirilib ki, mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.
"Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövr tamamlanacaq.
Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq", - məlumatda qeyd olunub.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) elan etdiyi kimi Bakı şəhərinin rəqəmsal əkizi yaradılıb:
“Bu rəqəmsal əkiz simulyasiya proqramları nəticəsində fərqli ssenarilərdə hansı nəticəyə gələciyimizi öncədən proqnozlaşdırmaq imkanı verir. Bu simulyasiyaların nəticəsində ilkin olaraq mobillik planının bugünkü yaxşılaşdırılması yönündə qərarlar verilib. Ayrılmış avtobus zolağı, velozolaq və piyada infrastrukturunun yaxşılışdırılması, bariyerlərin aradan qaldırılması, piyada səkilərinin davamlılığının təmin olunması yönündə işlər görülür. Bu günə kimi velozolaq Bakı şəhərində olmayıb. Olanlar da lokal şəkildə əyləncə xarakteri daşıyıb. Hazırda marşrut boyu velozolaqların təşkili yönündə işlər görülür. Hələki işlər tamamlanmayıb, çünki bəzi hissələrdə bariyerlər qurulub, bəzi hissələrdə isə hələ cızılır. İndiki və bulvar ilə bu günə qədər çəkilmiş velozolaqların əlaqələndirilməsi vacibdir. Belə bir deyim var: “Siz velozolağınızı çəkin, velosipedçilər özləri peyda olacaq”. Xəbər yayılıb ki, artıq velosipedlərin icarəsinin də təşkili yönündə işlər test mərhələsindədir və tamamlanmaq üzrədir. Bu şəxsi velosipediniz olmadan belə icarəyə götürüb müəyyən məsafəni qət etmək üçün bir fürsətdir. Düşünürəm ki, şəhər mühitində ciddi işlər görülür və şəbəkə halında olmasına ehtiyyac var. Həmçinin velozolaqların nəzarətinin sərtləşdirilməsi lazımdır ki, velosipetçilər rahat hərəkət edə bilsinlər. Eyni zamanda müvafiq svetaforların qurulması da vacibdir. İşlər görüldükcə təkmilləşdirilməyə də diqqət ayırmağa gərək olacaq. Amma birinci mərhələnin tamamlanması çoxda uzaqda deyil”.