Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Paytaxtdakı bazarlarda satıcılar bildiriblər ki, hazırda alçanın 1 kiloqramı 300 manatdan başlayır, min manata qədər davam edir: “Min manata da var, ölçüsünə görə dəyişir. İstixanada yetişdirildiyinə görə xərci çoxdur. Elə bil bir istixanadan yarım kilo alça çıxır”. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar:
“Alça hər qiymətə var. Açıq bazar olduğu üçün hərənin özünün insafına qalıb. Hazırda alçaya tələbat var deyə qiyməti qalxıb”.
Qida eksperti Ağa Salamov “Sherg.az”a bildirib ki, alçanın 300 manatdan min manata qədər deyilən qiyməti absurd rəqəmdir:
“Kilosu 150-120 manata olan alça var. Bir dənəsi 5-10 manat civarında dəyişir və ekzotik meyvə dükanlarında satılır. Alçanın qiymətinin baha olması mövsümü olmamağı ilə bağlıdır. Məsələn, hamilə xanımın ürəyi alça istəyən zaman 1-2 dənə almaq olar. Meyvələr mövsümü olmadığı təqdirdə yeyilərsə, faydası yoxdur. Təbiət meyvə və tərəvəzləri coğrafi olaraq yetişdirir. Məsələn, Sibirdə yetişmədiyi üçün onlar göyərti idxal edirlər. Ancaq bizdə mövsümünə görə meyvə və tərəvəzlər yetişir. Bunların hamısı harınlamaqdan irəli gəlir. Pul israfı, özünü göstərmək və mənfi trendlərə qoşulmağın hər biri bizdədir. Alçanı da baha qiymətə gətirib satırlar və həmin harınlamışlar da gedib alır”.