Dərslər başlayan kimi çantaları yenə valideynlər daşıyacaq -AÇIQLAMA

Bir həftədən az vaxt qaldı

"Yaxşı olar ki, məktəblər indidən köməkçi dərs vəsaitləri barədə valideynləri xəbərdar etsin"
 


  Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər məktəbli övladları üçün  büdcələrinə uyğun  dərs ləvazimatları almağa başlayıb. Hətta bəzi  ailələrin məktəb alış-verişi artıq yekunlaşmaq üzrədir. Məktəbə hazırlıq mərhələsində ən çox diqqət çəkən mövzulardan biri məktəb çantalarıdır. 
Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Tədris ili boyunca hər gün çiyinlərində daşıyırlar. Ona görə də bu mövzu ictimaiyyət, xüsusən də tibb mütəxəssisləri üçün ciddi məsələ hesab olunur.  Mütəxəssislərin iddiasına görə, bəzi valideynlərin seçdiyi çantalar uşaqların sağlamlığında problemə yol açır. Yaş fiziologiyasına uyğun seçilməyən çantanın öz ağırlığı bir yana valideynlər məktəbli çantasına kitab-dəftər, qələm, qələm yonan, pozan, xətkeş, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək qabı, su və daha nələr qoyurlar.
  Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Elşən Məhərrəmov bunları nəzərə alaraq deyib ki, valideynlər çanta seçimində diqqətli olmalıdırlar: “İbtidai sinif şagirdlərində dərs vəsaitləri olan bir məktəb çantasının çəkisi 5-6 kiloqrama çatır.
  Halbuki məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Əks təqdirdə onurğa əyriliyinə və qamət pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, ayaqların, bel ağrısının və yeriş pozğunluqlarının inkişafı ilə nəticələnmə ehtimalı var. Ağır məktəb çantası travma riskini artıra bilər. Sözsüz ki, uşaqlar tez yorulur və bu, dərslərin mənimsənilməsi imkanlarına təsir göstərir.
 Hazırda uşaqlarda vacib məqam düzgün bədən duruşunun formalaşması və qorunmasıdır. Zəif qamətin formalaşmasına təsir edən müxtəlif amillər var.
  Çantanın hazırlandığı material sıx, sintetik olmalıdır, çünki ona qulluq etmək daha asandır. Diqqət yetirmək lazımdır ki, çantanın yuxarı kənarı şagirdin başının arxasına söykənməsin, alt hissəsi isə belinə basmasın. 
Ortopedin fikrincə, şagirdlərin məktəb çantası gündəlik yoxlanılmalı və bütün lazımsız əşyalar çıxarılmalıdır. Ümumiyyətlə, valideynlərə tövsiyəm odur ki, uşaqlara çəkisi ağır olan çantalar almasın. Məktəb çantasını seçərkən, uşağın yaşı, boyu və çəkisi, inkişaf xüsusiyyətlərini nəzərə almaq vacibdir. Çantanın anatomik cəhətdən rahat olması da olduqca mühüm məsələdir. Ölçü baxımından çanta çox böyük olmamalı, üst hissə boyuna, aşağı hissəsi isə aşağı arxaya təzyiq etməməlidir. Həkimlər uşaqların belindəki yükü düzgün bölüşdürməyə kömək edəcək sinə qayışı olan kürək çantaları seçməyi məsləhət görürlər. Uzun boylu uşaqlar üçün şaquli kürək çantaları uyğun gəlir, qısaboylu uşaqlar üçün isə üfüqi kürək çantaları seçmək daha yaxşıdır”.
  E.Məhərrəmov deyib ki, uşağın düzgün qaməti 4 yaşından başlayaraq 10 yaşına kimi formalaşır. Uşağın sağlam qaməti sinə və budların mövqeyi ilə müəyyən edilir: “Bədənin və ayaqların müstəvisi əyilmədən düz bir şaquli xətt yaratmalıdır. Yalnız bu vəziyyətdə bədənin və daxili orqanların normal işləməsi təmin edilir.
Oxu masasının quruluşu təhsil məlumatlarının qavranılması proseslərinə, eyni zamanda uşağın təhlil, əzbərləmə qabiliyyətinə təsir göstərə bilər.
  Düzgün qamətin olmaması, ağrıya səbəb olan dayaq-hərəkət sistemi xəstəliklərinin (skolioz, kifoz, lordoz və s.) inkişafı ilə nəticələnə bilər. Başın bir az əyilməsi duruş üçün daha faydalıdır. Başın böyük əyilmələri ilə əlavə motor bölmələri işə cəlb olunur, nəbz sürətlənir, tənəffüs amplitüdü azalır, görmə və duruş pozğunluqları mümkündür. Masaların rahat və təhlükəsiz olması olduqca vacibdir. Onlar uşağın boyu ilə tənzimlənməlidir, masa üstü əyilmiş və dəzgahdakı künclər yuvarlaqlaşdırılmalıdır. Şagirdin düzgün oxu masasının seçilməsi üçün ümumi qəbul edilən standartlar mövcuddur. Əsas seçim meyarları arasında, ilk növbədə, masanın ölçüsü ilə şagirdin boyu arasında düzgün nisbətə riayət edilməsini qeyd etmək lazımdır. Belə ki, uşağın boyu 110-120 sm olduğu təqdirdə, dəzgahın hündürlüyü 52, oturacağın isə 32 sm olmalıdır. Uşağın boyu 120-130 sm olduğu zaman isə dəzgahın hündürlüyü 57, oturacaq 35 sm müəyyən edilib.
Məktəblinin boyu 10 sm artdıqda, masa üstü və oturacağın hündürlüyü müvafiq olaraq 5 sm və 3 sm artır”.
 
 Pediatr Vaqif Qarayev isə “Sherg.az"a açıqlamasında deyib ki, dərslərin başlamasına bir həftədən az qalıb. Valideynlər məktəbli forması, çanta, dərs vəsaitləri axtarışındadır. Vaxt yaxınlaşdıqca  maddi səbəbdən bunları ala bilməyən valideynlərin isə narahatlığı artır.  Hər il olduğu kimi dərs ilinə hazırlıq prosesində yaddan çıxan  məsələ isə uşaqların sağlamlığıdır. Mütləq şəkildə birinci sinfə başlayan uşaqların görmə və eşitməsini yoxlatmaq lazımdır. Hər dəfə valideynlərə tövsiyə edirəm, məktəbə hazırlaşan uşağa düzgün oturma qaydasını evdə öyrətmək lazımdır. Sinifdə müəllim 35-40 uşağa nəzarət edə bilməyəcək. 
Çanta məsələsinə gəldikdə isə pediatr deyib ki, valideynlər allı-güllü, iri çantalarla yox, uşağın boyuna və çəkisinə uyğun çantalarla maraqlanmalıdır.  Məktəbli çantası funksional olmalı, uşağın qamətinə və yerişinə zərər verməməlidir:

 “Məktəb alış-verişi edən analara fikir verirəm, az qala, uşağın boyu böyüklüyündə çanta seçirlər. Çantanın bəzəyinə, gözəlliyinə yox, rahatlığına və yüngüllüyünə önəm verilməlidir. Amma tək günahı valideynlərin üzərinə yıxmaq da düzgün deyil, dərs proqramları ağırdır, müəllimlər lazımsız dərs vəsaitləri tələb etdiyi üçün çantanı böyük seçirlər.  Ona görə də məktəbli uşaqların onurğa sütununda deformasiyalar artıb. Bizim birinci sinfə gedən uşaqların çantasının çəkisi 2 kiloqramdan çox artıqdır. Həm valideynlər çəkisi ağır olan çantaları alır, həm də əlavə dərsliklərin sayı çox olur. Valideynlərin belə bir tərəfi əyilir o çantaları götürəndə. Hər il keçirilən brifinqlərdə elm və təhsil nazirinə sual verirlər ki, dərslik varsa, əlavə dərs vəsaitləri nəyə lazımdır? Nazir də cavab verir ki, onları almaq vacib deyil, amma bu məsələni məktəblə həll etmək lazımdır. Məktəblər arasında da fikir ayrılığı var. Hər məktəbdə fərqli köməkçi dərs vəsaitləri tələb olunur. Elə məktəb var ki, siniflərdən biri tələb edir, digər sinfin müəllimi deyir ki, ancaq dərsliklərdən istifadə edirik, əlavə vəsaitlərə ehtiyac yoxdur. Yaxşı olar ki, məktəblər indidən köməkçi dərs vəsaitləri barədə valideynləri xəbərdar etsin, yoxsa məktəb başlayan kimi çantaları yenə valideynlər daşıyacaq”.