Azərbaycanda dini tolerantlıq bütün dünya üçün nümunədir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Ölkəmizdə fəaliyyət göstərən xristian dini icmaları da dövlət tərəfindən diqqət, qayğı ilə əhatələnib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” və Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmalarını ziyarət edib. Din xadimləri ilə görüş zamanı Dövlət Komitəsinin sədri bildirib ki, multikulturalizm və tolerantlıq kimi ümumbəşəri dəyərlər Azərbaycan cəmiyyətinin həyat tərzidir. Vurğulanıb ki, dövlət etnik və dini rəngarəngliyi milli birliyimizi möhkəmləndirən başlıca amillərdən biri kimi qəbul edir. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. Bu gün Prezident İlham Əliyev həmin siyasəti müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir fərdin mənafeyinə xidmət etmək, ölkədəki harmoniyanı, birgəyaşayış ənənəsini qorumaq, habelə müxtəlif dinlərə aid abidələri bərpa etmək və yenidən qurmaq dövlətin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir. Ramin Məmmədov ölkəmizdə fəaliyyət göstərən xristian dini icmaları cəmiyyətimizin ayrılmaz, fəal hissəsi olduğunu və hər zaman dövlət tərəfindən diqqət, qayğı ilə əhatələndiyini qeyd edib: "Dövlət başçısının göstərişi ilə hər il dövlət büdcəsindən müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən xristian dini qurumlarına maliyyə yardımı ayrılır, onların ibadət evlərinin təmir və bərpa edilməsi məqsədilə işlər görülür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tarixi və dini abidələrin bərpasına xüsusi diqqət yetirir". Görüş zamanı Azərbaycandakı nümunəvi tolerantlıq mühitinin hər bir din nümayəndəsinin sərbəst ibadətinə imkan verdiyini qeyd edən dini icma üzvləri dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraitdən məmnunluqlarını ifadə ediblər. Onu da xatırladaq ki, Komitə sədri Bəhreyndə "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş islamdaxili dialoq konfransında da iştirak edəcək. Bildirilib ki, fevralın 19-20-si keçiriləcək tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar. Tədbirin məqsədi dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyət üçün parlaq bir gələcək naminə birgə səylərin ortaya qoyulmasıdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Bəhreyndə dini konfransda iştirak edəcək. Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə döndükdən sonra 1993-cü ildə "Təzəpir" məscidini ziyarət edib. O, “Allahın yolunda birlik olaq” çıxışı ilə Azərbaycan xalqına bəyan edib ki, ölkədə dövlət-din münasibətləri tənzimlənəcək. Xalqımız tarix boyu öz milli dəyərlərinə sadiq olub. Lakin 70 illik sovet hakimiyyəti dini, milli azadlığa imkan verməyib, insanlara qadağalar tətbiq edib. Ölkəmiz müstəqillik əldə edəndən sonra qadağalar aradan qalxıb, din və dövlət münasibətləri öz məcrasında inkişaf edib. Sovetlərin sökdüyü məscidlər bərpa olundu, yeniləri tikildi. İnsanların vicdan azadlığı təmin olundu. Azərbaycanın bütün ərazilərində din-dövlət münasibətləri tənzimlənsə də, erməni tapdağında olan torpaqlarımızda durum tamamilə əksinə idi. İşğal altında olan 20 faiz ərazilərimizdə infrastruktur yerləyeksan edilir, dini-tarixi abidələr dağıdılır, məscidlərə hörmətsizlik edilirdi. Nəhayət, 2020-ci il zəfərindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazilərimizdəki özbaşınalığa son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirildi. Bütün binalarla yanaşı məscidlər, ibadət yerləri də yenidən əvvəlki vəziyyətinə gətirilir, azan oxunur. Azərbaycanda tarix boyu islam dininə böyük hörmətlə yanaşılıb, islami dəyərlər təbliğ edilib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə beynəlxalq konfranslar, müxtəlif dini konfensiyaları bir araya gətirən tədbirlər keçirilib. Bütün bunlar göstərdi ki, Azərbaycan müasir dünyanın uğurlarını, inkişafını qəbul edir, bütün dinlərə hörmətlə yanaşır və tolerant ölkə olaraq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizdə təkcə müsəlmanlar deyil, xristianlar, yəhudilər də sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu tolerantlıq bütün dünya üçün nümunədir. 

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan dinlərarası dialoq, multikulturalizm müstəvisində dünyanın əksər ölkəsindən seçilir. Deputatın sözlərinə görə, ölkəmizdə müxtəlif dinlərin, müxtəlif xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar, bir-birinə hörmət bəsləyirlər:
 "Bu da Azərbaycanın tarix boyu əldə etdiyi uğurlardan ən böyüyüdür. Əlbəttə ki, burada dövlətin həyata keçirdiyi siyasət də mühüm rol oynayır. Eyni zamanda xalqımızın əsrlər boyu qazandığı tarixi təcrübə də tolerantlıq məsələsində önəmli yerə sahibdir. İslam dini insanlara tolerantlığı, birgəyaşayışı davamlı olaraq tövsiyyə edir. Bizim dinimiz tələb edir ki, digər dinin nümayəndələrinə hörmətlə yanaşaq. Azərbaycan xalqı əsrlərdir digər xalqlarla birlikdə yaşadıqlarına görə, bizdə tolerantlıq, multikultural dəyərlər formalaşıb. Son illər Azərbaycanda yüzlərlə məscid və digər dini məbədlər inşa olunub, bərpa edilib. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə cəmi 18 məscid var idisə, bugün məscidlərin sayı 2200-dən artıqdır. Eyni zamanda onu xüsusi qeyd etmək lazımdır ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra cənab Prezidentin ən çox önəm verdiyi və xüsusi həssaslıqla, diqqətlə yanaşdığı məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə məscidlərin bərpası və inşasıdır. Uzun illər erməni işğalında qalmış, barbarcasına dağıdılan məscidlərimiz dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Ölkəmizdə İslam ənənələrinə sadiqlik, müsəlman ölkələri ilə əlaqələr yüksək səviyyədədir. Əfsuslar ki, zaman-zaman həm region dövlətlərindən, həm də dünyanın ayrı-ayrı yerlərindən Azərbaycandakı dini mühitə müdaxilələr açıq-aydın hiss olunur. Bəzi dairələr ölkəmizdəki dini durumu gərginləşdirmək, müxtəlif xalqlar, dinlərarası qarşıdurma yaratmaq cəhdlərini də müşahidə edirik". 
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyib ki, Azərbaycanda müxtəlif xalqlar həyat sürür, fərqli dinlərin nümayəndələri yaşayır: "Hamısı dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bütün ölkələr bizim dini dözümlülüyümüzü, tolerantlıq ənənələrimizi öyrənib tətbiq etsələr, dünyamızda sülh və qarşılıqlı hörmət formalaşar. Prezident İlham Əliyev deyib ki, son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir: "Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk".