Milli Məclis rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş qanunvericilik dəyişikliklərini son oxunuşda qəbul edib. Yeni tənzimləmələr sosial şəbəkələrdən istifadə qaydalarını sərtləşdirir, platformaların məsuliyyətini artırır və azyaşlıların zərərli məzmundan qorunmasını təmin etməyə yönəlmiş yeni hüquqi mexanizmlər müəyyənləşdirir.
Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Sherg.az-a bildirib ki, sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətinin tətbiqi rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mühüm addımdır: 
"Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi müasir dövrdə rəqəmsal təhlükəsizliyin təmin edilməsi baxımından mühüm və aktual addımlardan biridir. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, sosial şəbəkələrdə zorakılıq, aqressiya, saxta informasiya və yaşa uyğun olmayan məzmunla erkən yaşlarda qarşılaşmaq uşaqların psixoloji inkişafına, davranışına və dünyagörüşünə ciddi təsir göstərir. Buna görə də bir çox ölkələr bu sahədə qanunvericiliyi sərtləşdirərək uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə çalışırlar".
M. Ələsgərli Azərbaycanda bu istiqamətdə addımların atılmasını beynəlxalq təcrübəyə uyğun yanaşma kimi qiymətləndirib. Lakin ekspertin fikrincə təkcə yaş məhdudiyyətinin müəyyən edilməsi problemi tam həll etmir:
"Texnoloji imkanlar göstərir ki, uşaqlar müxtəlif üsullarla bu məhdudiyyətləri keçə bilirlər. Buna görə də hüquqi mexanizmlərlə yanaşı, valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə rəqəmsal savadlılıq üzrə təlimlərin keçirilməsi, uşaqlar və valideynlər arasında maarifləndirmə işinin genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, sosial şəbəkə platformalarının da məsuliyyəti artırılmalı, yaşın təsdiqlənməsi, zərərli məzmunun operativ şəkildə bloklanması və uşaqlar üçün təhlükəsiz istifadə rejimlərinin tətbiqi istiqamətində daha effektiv mexanizmlər qurulmalıdır. Qanunda nəzərdə tutulan cərimə və məsuliyyət tədbirləri platformaların bu öhdəliklərə daha ciddi yanaşmasına stimul verə bilər.
Nəticə etibarilə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması yalnız hüquqi məsələ deyil, həm də sosial, təhsil və ailə institutlarının birgə fəaliyyətini tələb edən kompleks yanaşmadır. Qanunun effektiv icrası, valideyn məsuliyyəti, maarifləndirmə tədbirləri və platformaların texniki imkanlarının təkmilləşdirilməsi birlikdə tətbiq olunarsa, bu addımlar sağlam rəqəmsal mühitin formalaşmasına, uşaqların psixoloji rifahının qorunmasına və gələcəkdə daha təhlükəsiz informasiya cəmiyyətinin qurulmasına mühüm töhfə verə bilər".