“Uşaqlar rəqəmsal dünyaya hazır şəkildə yetişdirilməlidir”
Sosial şəbəkələr müasir dövrdə ünsiyyət, təhsil və informasiya mübadiləsinin əsas platformalarından birinə çevrilsə də, uşaqların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsirləri ilə bağlı ciddi narahatlıq var. Bu səbəbdən dünyanın bir çox ölkəsində azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətləri və digər tənzimləyici mexanizmlər tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə qanunvericiliyə dəyişikliklər edilib və Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan yeni tənzimləmələr uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması mexanizminin tətbiqinə və valideyn nəzarətinin artırılmasına yönəlib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir.
Mütəxəssislər hesab edir ki, sözügedən qanun layihəsinin qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai Sherg.az-a açıqlamasında deyib ki, rəqəmsal dünya artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüslərini yalnız qadağa prizmasından deyil, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunması kontekstində qiymətləndirmək lazımdır:
"Bu gün sosial media platformalarında uşaqlar kibertəzyiq, onlayn zorakılıq, manipulyasiya, dezinformasiya, yaşlarına uyğun olmayan məzmun, şəxsi məlumatların istismarı və müxtəlif təhlükəli çağırışlarla qarşılaşırlar. Uşaqların psixoloji və emosional inkişaf mərhələləri nəzərə alındıqda onların bu riskləri hər zaman düzgün qiymətləndirmək imkanları olmur. Bu baxımdan valideyn nəzarətinin və müşayiətinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda hesab edirəm ki, məsələyə yalnız qadağa və məhdudiyyət çərçivəsində yanaşmaq uzunmüddətli perspektivdə kifayət qədər effektiv olmaya bilər. Çünki müasir uşaqlar rəqəmsal mühitdə böyüyür və onların rəqəmsal bacarıqlarının, təhlükəsiz internet davranışının və media savadlılığının inkişaf etdirilməsi ən az hüquqi tənzimləmə qədər vacibdir. Əsas məqsəd uşaqları rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq deyil, onları bu dünyada təhlükəsiz və məsuliyyətli şəkildə hərəkət etməyə hazırlamaq olmalıdır".
S. Fədai hesab edir ki, 16-18 yaş arası yeniyetmələrin sosial platformalarda fəaliyyətinin valideyn razılığı və nəzarəti altında həyata keçirilməsi ailə ilə uşaq arasında daha açıq ünsiyyətin formalaşmasına, valideynlərin övladlarının rəqəmsal həyatından xəbərdar olmasına və risklərin vaxtında müəyyən edilməsinə müsbət təsir göstərə bilər:
" Digər tərəfdən, belə tənzimləmələrin tətbiqi zamanı uşaqların məlumat əldə etmək, özünüifadə və iştirak hüquqları da diqqətdə saxlanılmalıdır. Uşaq hüquqlarına əsaslanan yanaşma təhlükəsizliklə azadlıq arasında balansın qorunmasını tələb edir.Mənim fikrimcə, bu istiqamətdə ən uğurlu model üç əsas sütun üzərində qurulmalıdır: qanunvericilik tənzimləməsi, valideyn məsuliyyəti və rəqəmsal savadlılıq təhsili. Bu üç amil birlikdə tətbiq olunduğu halda uşaqların həm təhlükəsizliyi təmin edilə, həm də onların sağlam inkişafı və rəqəmsal dünyada aktiv və məsuliyyətli vətəndaş kimi formalaşması dəstəklənə bilər".