Ancelina Coli ilə ayrıldıqdan sonra övladları ilə münasibətlərini bərpa edə bilməyən Bred Pitt növbəti dəfə soyad məsələsi ilə gündəmə gəlib. Bu dəfə aktyorun ən böyük oğlu Meddoks Pitt soyadından rəsmi şəkildə imtina etmək üçün məhkəməyə müraciət edib.
Sherg.az xəbər verir ki, 24 yaşlı Meddoks soyadından “Pitt” hissəsinin çıxarılmasını və adının rəsmi olaraq “Meddoks Çivan Coli” kimi dəyişdirilməsini istəyib. O, müraciətində buna “şəxsi səbəbləri” əsas gətirib.

Meddoks artıq fevral ayında anasının yeni filmi olan “Couture”un titrlərində “Meddoks Coli-Pitt” deyil, “Meddoks Coli” kimi təqdim edilmişdi. İndi isə o, bu dəyişikliyi hüquqi baxımdan da rəsmiləşdirmək niyyətindədir.

Daha əvvəl Ancelina Colinin məşhur opera müğənnisi Mariya Kallas haqqında çəkdiyi “Maria” bioqrafik filmində istehsalat köməkçisi kimi çalışan Meddoks “Meddoks Coli-Pitt” adı ilə tanınmışdı.
Cütlüyün 20 yaşlı qızı Şaylo da ötən il rəsmi şəkildə “Pitt” soyadından imtina edib. Digər qızları Zahara və Vivyen də qeyri-rəsmi olaraq atasının soyadını istifadə etməyi dayandırıblar.
Meddoks, Zahara, Şaylo və Vivyendən başqa, Coli və Pittin daha iki övladı - 22 yaşlı Paks və Vivyenin əkiz qardaşı olan 17 yaşlı Noks da var.
Bred Pitt və Ancelina Coli 2005-ci ildə münasibətə başlayıb, 2014–2019-cu illərdə evli olublar. Lakin onların münasibətləri rəsmi boşanmadan əvvəl -2016-cı ildə qalmaqallı şəkildə sona çatıb.
Ayrılığın səbəbi kimi şəxsi təyyarədə baş verdiyi iddia olunan mübahisə və Pittə qarşı irəli sürülən zorakılıq ittihamları göstərilib. Aktyor isə bütün ittihamları rədd edib.
Coli 2022-ci ildə Federal Təhqiqat Bürosuna (FBI) qarşı qaldırdığı iddiada Pittin təyyarədə Meddoksa qarşı aqressiv davrandığını, həmçinin ona pivə tökdüyünü iddia etmişdi. O, həmçinin keçmiş həyat yoldaşının həmin uçuş zamanı özünə və uşaqlarına qarşı fiziki və şifahi zorakılıq etdiyini bildirmişdi.
Bred Pitt isə bu ittihamları qəti şəkildə təkzib edib. FBI araşdırmasının nəticəsində aktyorun hər hansı qanun pozuntusuna yol vermədiyi qənaətinə gəlinib.
Məlumata görə, ayrılıqdan sonra Pittin övladları ilə münasibətləri xeyli zəifləyib. Bununla belə, aktyora yaxın mənbələr onun övladları ilə əlaqə yaratmaq istədiyini və təqdim olunduğu kimi laqeyd ata olmadığını bildirirlər.
Pittin anası Ceyn Etta Pittin ötən il 84 yaşında vəfat etməsi ailədaxili gərginliyi yenidən gündəmə gətirib. İddialara görə, nənə təxminən doqquz il ərzində nəvələri ilə əlaqə saxlaya bilməyib və ölümündən əvvəl onlarla danışmaq imkanı əldə etməyib.
Ancelina Coli Meddoksu 2002-ci ildə Kambocadakı uşaq evindən övladlığa götürüb. Bred Pitt isə Coli ilə münasibətə başladıqdan sonra onu rəsmi olaraq öz soyadına keçirib. Cütlük daha sonra Efiopiyadan Zaharanı, Vyetnamdan isə Paksı övladlığa götürüb.
2006-cı ildə onların ilk bioloji övladı Şaylo dünyaya gəlib. 2008-ci ildə isə əkiz övladları Noks və Vivyen anadan olublar.