Üzeyir bəy xoşbəxtdir

Həyatda heç nə üçün gecikməyib

Dünən sosial şəbəkələrdə bayram oldu, eynimiz açıldı, qürurlandıq

Sosial şəbəkələr kaş həmişə belə güləydi. Sentyabrın 18-də olduğu kimi. Həmin gün nəzərlərimiz bir cüt gözə dikildi – Üzeyir bəyə! Həmin gün eynimiz açıldı – nur üzlü insanı gördükcə. Həmin gün bayram oldu – Azərbaycanın – Üzeyir bəyin bayramı. Qəlbimiz fərəhləndi. Qürurlandıq. Üzeyirimiz var deyə! 

Nə qədər gözəl sözlər yazıldı bu dahi haqqında. “Kimdir Üzeyir Hacıbəyli” sualının cavabı bir yazıya sığmaz. Mən “Himndir Üzeyir bəy” deyirəm. Ölkənin varlığı, dövlətin təsdiqi, millətin varlığı himnə bağlıdır həm də, ona görə. Mən Üzeyir bəyi “Leyli və Məcnun”a, “Əsli və Kərəm”ə, “Şeyx Sənan”a, “Koroğlu”ya görə də sevirəm. “Süsən-sünbül”ə görə də. “Filankəs”, “Bəhmənkəs” imzası ilə yazdığı məqalə və felyetonlara görə də. Hər şeyə görə sevirəm. Amma daha çox himnimizə görə sevirəm. Himnimiz səslənməyə başladığı anda Üzeyir bəyin  qarşısında diz çökərəm... 
Üzeyir bəy xoşbəxtdi. Həyatda heç nə üçün gecikməyib. Bəzən düşünürəm, dövlət himnimiz başqa bir bəstəkarın bəxtinə yazıla bilərdi. Bir iş arxasınca gedəndə “5-10 dəqiqə tez gəlsəydiz...” cavabı eşidirik ha, o cür. Üzeyir bəy himn yazmağa gecikmədi. “Çırpınırdın Qara dəniz” yazmağa da gecikmədi. Sevgi dastanını yazmağa da gecikmədi. Az qala himnimizə bərabər olan Üvertüra yazmağa da gecikmədi. Milli-azadlıq hərəkatında Üzeyir bəy milləti meydana çıxardı. Dövlətimizi qurduq, Üzeyir bəy dalğalandırdı bayrağımı. O gün bu gün bayrağımız harda dalğalanır, harda ucaldılırsa, Üzeyir bəy də ucalır. Bu ucalıq heç bitmir. Bitməyəcək.      

Dünən, Allahın bu dahini Azərbaycan xalqına bəxş etdiyi gün idi. Üzeyir bəy Əbdülhüseyn bəy və Şirinbəyim xanımın dördüncü övladı olub. Uşaq doğulanda nə bilirsən gələcəyi necə olacaq və nə olacaq. Amma onlara qibtəolunası tale yazılıbmış. Təkcə Üzeyir bəy deyil, qardaşları Zülfüqar, Ceyhun - hər ikisi də Azərbaycan tarixində silinməz iz salacaqdı. Buna görədir ki, Hacıbəyovlar nəslinin adı Azərbaycan adıyla ekvivalent səslənir.   
Sevindirici həm də bu idi ki, sosial şəbəkələrdə dünən bu əlamətdar gün əsl bayrama çevrildi. 
FB istifadəçiləri Üzeyir bəylə bağlı eşidib-bildikləri maraqlı, ələ düşməz xatirələri paylaşdılar.
Biz də onları oxucularımızla bölüşmək qərarına gəldik. 

Natiq Məmmədli:     
Üzeyirbaycan!
Adını Vətənə yaraşdırıram
ÜZEYİRBAYCANIM, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına
Babam qurban olub, növbədə mənəm. 
(Şahmar Əkbərzadə)

- Unudulmaz Səməd Vurğunun qızı Aybəniz Vəkilova özünün uşaqlıq illərini xatırlayarkən danışardı: "Yusif, mən və Vaqif hələ kiçik idik. Bir gün Yessentukidə atam bizi Üzeyir bəy Hacıbəylinin görüşünə apardı. Bizə də bərk-bərk tapşırdı ki, yaxınlaşıb Üzeyir bəyin əlini öpərsiniz. Bəy kresloda əyləşmişdi. Biz atamın dediyi kimi bir-bir dahi bəstəkarın əlini öpdük.

Vaqif lap balaca olduğu üçün o, Üzeyir bəyin əlini öpəndə ölməz ustadımız onun başına sığal çəkdi. İndi, söz düşəndə Vaqifə deyirəm ki, Üzeyir bəy başına sığal çəkməklə sənə musiqi istedadı bəxş etdi. Görüş zamanı bizi heyrətləndirən bir məqam hələ də yadımızdadır. Atam o vaxtlar artıq tanınmış bir şair idi. Amma bütün söhbət boyu Üzeyir bəyin hüzurunda ayaq üstə dayandı, oturmadı. Bu dahi sənətkara olan misilsiz hörmət və ehtiram əlaməti idi" (Səadət Qarabağlı).

Rafiq Səfərov: Düşünürəm ki, yaraşdırmanız son dərəcə obyektiv və uğurlu alınmışdır. Sağ olun! Üzeyir bəy Hacıbəyov xalqımızın yaddaşında daim əsl vətən övladı, dahi bəstəkar, maarifçi, həyatı boyu müəllim kimi qalacaqdır!

Asəf Quliyev:

BÖYÜK AZƏRBAYCANLI HAQQINDA KİÇİK BİR XATİRƏ

Günlərin bir günü Üzeyir bəyə deyirlər ki, Ağdamda Məhəmməd Ağa Müşdehidzadəni incidirlər. Məhəmməd Ağa Türk Sultanına minnətə gedən Azərbaycan ziyalılarından biri olmuşdu. Onu Türkiyə şpionu kimi damğalamaq istəyirdillər.
Üzeyir bəy dərhal Ağdama gəlir və bir neçə gün Məhəmməd Ağa ilə birlikdə hərlənir. Dolayısı ilə hakimiyyətə mesaj verir ki, Məhəmməd Ağa təmiz adamdı, işiniz olmasın.
Həmin günlərdə Məscid ətrafındakı çayxanalardan birində Üzeyir bəy Məhəmməd Ağa ilə çay içirmiş. Qəflətən Üzeyir bəy ayağa qalxır və əllərini yanına salıb sanki sayğı duruşunda dayanır. Təxminən bir-iki dəqiqədən sonra oturur. Oturanda Məhəmməd Ağa soruşur ki, Üzeyir bəy, nə məsələdi?
Üzeyir bəy təmkinlə nəfəs dərib bildirir:
“Bayaq bir uşaq əlində Banu Bəyimin (Xurşud Banu Natəvan – A.Q.) portretini aparırdı. Bilirsən ki, məni Qoriyə oxumağa o göndərib. Onu hər zaman sayğı ilə anıram. Portretini gördüm. Hüzurunda otura bilməzdim”.
Onu da əlavə edim ki, Üzeyir bəyin Ağdam səfərindən sonra NKVD Məhəmməd Ağadan əl çəkir.

P.S. Qeyd edim ki, bu xatirəni mənə Ağdamın başqa bir ziyalı kişisi Mahrızlı İsa kişi danışmışdı. Hər üçünün ruhu şad olsun!

Şahmar Əkbərzadənin məlum şeirində belə misralar var:

Torpağın nəğməkar, daşın nəğməkar
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun barmaqlarıyla
Himni sən yazmısan Azərbaycana...

İlham Quliyev: 
- Bugünkü Azərbaycanda fəxr ediləsi nəyimiz varsa, Üzeyir bəyin adı ilə bağlıdır. O, öz varlığı, həyat yolu ilə Vətənə necə xidmət etməyin nümunəsini yaradıb. Allah sənə rəhmət etsin, böyük kişi!..

Ceyhun Musaoğlu Üzeyir bəyin məzarını ziyarət edib və bu sözləri yazıb: 
- Dahi Üzeyir bəyin ruhuna baş əydim. Əlbəttə, onun qarşısında xeyli günahlarımız var, xahiş etdim ki, bizi bağışlamasın. Ruhuna bu sözləri də pıçıldadım: Əgər sən olmasaydın, cəmiyyət qaranlıqda qalardı.  

Yazıçı-dramaturq Seyran Səxavət bir müddət əvvəl “Şərq”ə müsahibəsində Üzeyir bəyi əvəzsiz dəyər adlandırmışdı:
- Bizim başımıza bu qədər faciələr gəldi. İnsanlarımız doğma yurd-yuvasından didərgin düşdü, torpağımız işğal olundu, məscidlərimiz, tarixi eramızdan əvvələ dayanan abidələrimiz məhv edildi. Mənim üçün faciə Üzeyir bəyə, Bülbülə, Xan qızı Natəvana güllə atılmasıdı. Onlar dəyər deyillər? Üzeyir bəy bütün Azərbaycan üçün, ağlı başında olan hər bir insan üçün 1000 dənə Notr-Damdan yüksəkdədi.

Üzeyir bəyin «Arşın mal alan» operettası dünyanın 30-dan çox ölkəsində tamaşaya qoyulub. Və insanlar onu ziyarət ediblər. Mənim üçün «Arşın mal alan»ın dünya səhnələrində tamaşaya qoyulması və insanların gəlib o tamaşaya baxması Üzeyir bəyin ziyarəti deməkdir. Üzeyir bəy o yanğınsöndürənlərin paltarı kimi heç vaxt yanmayacaq dəyərdi. 
Bəs niyə bu «ümumbəşəri dünya» bizim dəyərlərin belə məhv edilməsinə biganə qalır? Bizə başsağlığı vermək əvəzinə, dərdimizə şərik olmaq və cinayətkarı cəzalandırmaq əvəzinə, əksinə, bizim üstümüzə gəlirlər, bizə qarşı birləşirlər?! Ümumbəşəri dəyər məsələsinin bizə dəxli yoxdu?!

Həmkarımız Ramilə Qurbanlı isə yazıb: 

Milli musiqi yox, Üzeyir musiqi günü

“Bu gün (18 sentyabr) Azərbaycanda Üzeyir musiqi günü qeyd edilir. Bu barədə prezident fərmanı var. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 sentyabr 1995-ci il fərmanının 1-ci bəndində deyilir:

Hər il sentyabr ayının 18-də Üzeyir musiqi günü keçirilsin.

O vaxtdan ölkədə Üzeyir musiqi günü keçirilir. Amma illər ötdükcə, istər rəsmi orqanlar, istərsə də mətbuat və televiziya bu günün adını dəyişərək Azərbaycanda “Musiqi günü” kimi ifadə edirlər.

Qeyd edək ki, o fərmanı dəyişən heç bir sənəd yoxdur. Sözügedən fərmandan çıxış edib xatırladırıq ki, bu gün Milli musiqi günü deyil, Üzeyir musiqi günüdür”.

Bundan sonrakı günlərimiz də daim Üzeyir bəylə açılsın. Ruhun şad olsun Bəy.