Tarixçi-alim 20 Yanvar faciəsindən danışdı: "Bəziləri elə düşünür ki..."

“Bəziləri elə düşünür ki, 20 Yanvar SSRİ-yə aid olan hadisədir. Əslində belə deyil”



Gələn ay qanlı 20 Yanvar faciəsinin üzərindən 30 il ötəcək. Faciənin 30 illiyi ilə bağlı Prezident sərəncam imzaladı. İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq bu tarixi qətliamın 30 illiyi ölkədə rəsmi şəkildə qeyd olunmalı, silsilə tədbirlər keçirilməlidir. 

Tədbirlərlə bağlı təkliflər səsləndirən tarixçi-alim Dilavər Əzimli Sherg.az-a deyib ki, faciənin tanıdılması formal xarakterli olmamalı, daha geniş miqyasda təşkil edilməlidir: 

“Dövlət başçısının imzaladığı bu Sərəncam çox təqdirəlayiqdir. Ancaq, yaxşı olar ki, formal xarakterli tədbirlər keçirilməsin. 20 Yanvar faciəsi elə tarixi hadisədir ki, o, daim xatırlanmalı və yaddaşlarda qalmalıdır. Biz tarixi həqiqətləri bütün dünyaya çatdırmalıyıq. Təklif edərdim ki, keçiriləcək tədbirlər çərçivəsində 20 Yanvar hadisəsinin canlı şahidləri, o cümlədən veteran döyüşçülərlə görüşlər keçirilsin. Bu, həm də, yetişməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımından əhəmiyyətlidir. Digər yandan, silsilə tədbirlər qısa müddətli deyil, gələn ilin dekabrınadək keçirilməlidir. Yəqin ki, bu tədbirlər zamanı yaltaqlar, əvvəllər tarixi həqiqətdən üz döndərib, indi Prezidentin yanında görünmək istəyənlər də tapılacaq. Lakin əsl vətənpərvərlər təşəbbüs göstərməli, tarixin unudulmaması üçün çalışmalıdırlar. Qalanlarını isə tarix maraqlandırmır”.

D.Əzimli qeyd edib ki, 20 Yanvar qətliamının törədilməsi heç də təsadüfi deyildi:

“Bu, rusların hesablanmış, məqsədyönlü planlarının nəticəsi idi. Bəziləri elə düşünür ki, 20 Yanvar SSRİ-yə aid olan hadisədir. Əslində belə deyil. Həmin ittifaq olmasa idi, belə ruslar qırğını törədəcəkdilər. Bizim faciəmiz hələ 1796-cı ildən, yəni rus generalı Zubovun Azərbaycana yürüşündən başlayır. O vaxtdan sonra baş verən hər şey isə Zubovun yürüşünün davamıdır. Ümumiyyətlə, ruslar həmişə Azərbaycana “yağlı tikə” kimi baxıblar. Çünki Avrasiyaya sahib olmağın yolu Qafqazdan keçir. Azərbaycan isə Qafqazın ən əsas əhəmiyyətə malik hissəsidir”.

Tarixçi-alim onu da bildirdi ki, Azərbaycana qarşı kampaniyalarda ruslar həmişə ermənilərin yanında olub, onlara həm canlı qüvvə, həm də silah-sursat baxımından dəstək olublar. Onun fikrincə, əgər belə olmasa idi, torpaqlarımızın iyirmi faizindən çoxu indi işğal altında deyildi: 

“Dediyim kimi, Azərbaycan həmişə ruslar üçün maraqlı olub. Ermənilər sadəcə alətdirlər. Hətta son araşdırmalardan məlum olur ki, 2016-cı ilin aprel ayındakı döyüşlərində də ruslar ermənilərlə əlbir olub. Rusların bir hərbi təşkilatından ehtiyata buraxılmış zabitlər də, həmin döyüşlərində iştirak ediblər. Yəni biz düşmənlərimizi tanımalı və işğal altında olan torpaqlarımızın azad olunmasına çalışmalıyıq. Yoxsa tarix bizi bağışlamaz”.

Kənan Novruzov