Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, bir çox mühüm dövlət postlarında çalışmış, Azərbaycan diplomatiyasında önəmli fiqur olmuş mərhum Vəfa Quluzadənin anadan olduğu gündür. V.Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Daha sonra filologiya elmləri namizədi elmi adı alıb.
1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.
Üç prezidentlə işləməyi bacarmışdı
1990-cı ildə Azərbaycana qayıdan Vəfa müəllim Ayaz Mütəllibovun ,Heydər Əliyevin və nəhayət Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Təhlükəsizlik Şurasının üzvü olub.
O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.
Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli olub:
“Qızı-həkim Cəmilə Quluzadə, ABŞ universitetinin məzunu və Mirzə İbrahimovun gəlinidir. Oğlu Murad Quluzadə Corc Vaşinqton Universitetinin məzunu, beynəlxalq siyasət və biznes üzrə mütəxəssis idi. Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat etdi. Özü isə 2015-ci il may ayının 1-də 74 yaşında Bakıda vəfat edib.
O da Kissincer kimi manevrlər edərək…
Vəfa Quluzadəyə əksər vaxtlar ictimai-siyasi həyatda “Qafqazın Kissenceri” deyilirdi. Əslində Quluzadə özü də sağlığında özünü ABŞ-ın keçmiş dövlət katibi, bir neçə dəfə görüşdüyü Henri Kissincerlə müqayisə etməyi sevərdi. Çünki, o da Kissincer kimi manevrlər edərək bir neçə administrasiyalarda mühüm dövlət vəzifələrini tuta bilmişdi.
Azərbaycan prezidentləri olmuş Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəylə də, Ulu öndər heydər Əliyevlə də çox yaxşı münasibətləri olub.
“Elçibəyə Əlcəzairdən danışmaq istəyirdim”
Quluzadə Elçibəylə möhkəm dostluğu haqqında belə demişdi:
“Elçibəylə biz dost olmuşuq, mehriban olmuşuq. Unversitetdə bir yerdə oxumuşuq. 1980-ci illərdə Elçibəyin adı çəkilməyə başlayanda mən xaricdə işləyirdim. Əlcəzairdə yüksək vəzifədə çalışırdım. Mən eşidəndə Azərbaycanda milli hərəkatın başında mənin dostum dayanıb, mən buna çox sevindim. Ölkəyə qayıdandan sonra mən onunla əlaqə yaratdım. Bu əlaqəni kəşfiyyatçılara xas olan tərzdə qurdum. Çünki, bilirdim ki, Elçibəyi izləyirlər.
Ona Əlcəzairdən danışmaq istəyirdim. Mən orda SSRİ əleyhinə gizli və güclü fəaliyyət göstərmişəm. Orada yerli hakim partiyaya SSRİ-nin Azərbaycan xalqına divan tutması haqda danışmışam. Mən Əlczairdən, sonra Türkiyədən də sığınacaq istəmişdim ki, Sovet İttifaqının əleyhinə açıq çıxış edə bilim. Bu mümkün olmadı. Əlcəzair bunu edə bilmədi. Onlar silah baxımından SSRİ-dən asılı vəziyyətdə idilər. Türkiyə də Qorbaçovu dəstəkləyirdi. Odur ki, siyasi sığınacaq məsələsinə gedə bilmədilər.
“Xalama dedim, sən Elçibəyi nahara dəvət elə, amma mənim haqqımda biz söz demə”
Mənim başqa adla SSRİ əleyhinə, onların Azərbaycan xalqının başına açdıqları müsibətlərlə bağlı ərəb mətbuatlarında çıxışlarım olurdu. Bunun üçün Əlcəzair hakimiyyəti mənə imkan yaradırdı.
Onlar deyirdilər “sən bizim partiyanın təbliğat şöbəsi ilə işləyərək istədiyini deyə bilərsən”. Mən də bunların hamısını etmişdim. Həmin qəzetləri də gətirib Elçibəyə vermişdim ki, oxusun baxsın ki, mən orda nə qədər iş görmüşəm. O zaman mənin xalam Mirvari Dilbazinin Elçibəylə yaxşı münasibəti var idi. Xalama dedim, sən Elçibəyi nahara dəvət elə, amma mənim haqqımda biz söz demə. Xalam Əbülfəz bəyi evinə dəvət etdi. Mən isə saat 11-də xalamgildə idim. Elçibəy də gizlənə-gizlənə gəldi xalamgilə, bir yerdə nahar etdik, söhbət etdik. Elçibəylə orda geniş söhbət etdik”.
Quluzadə ilə bağlı ölkənin ictimai-siyasi şəxsləri, politoloqlar, bir zamanlar onunla birgə işləmiş şəxslər Vəfa müəllimin yüksək keyfiyyətlərə malik şəxsiyyət olduğunu deyirlər.
Eldar Namazov: “Bu nadir bir xüsusiyyətdir və hər insanda olmur”
Bir müddət Vəfa Quluzadə ilə birgə mühüm dövlət postu tutmuş tanınmış politoloq Eldar Namazov deyir ki, böyük şəxsiyyətlə dostluğundan qürur duyub:
“Vəfa müəllimlə bir yerdə çalışmaq, onunla səfərlərə getmək çox rahat idi. Çox səmimi, pozitiv, təcrübəli, yüksək biliyə malik dövlət xadimiydi. Eyni zamanda yaxşı dost idi. Vəfa müəllimlə ABŞ-da hətta üç ay çəkən səfərlərdə olmuşuq, bizi ABŞ hökuməti dəvət etmişdi. O zaman biz artıq dövlət vəzifəsində işləmirdik. Bununla belə bizi ABŞ hökuməti dəfələrlə dəvət edib və səfərimiz gerçəkləşib. Vəfa müəllimin nə qədər sadə insan olduğunu hər dəfə kəşf etmişəm. O, gənclərlə görüşlərə, öz bilgilərini gənclərlə bölüşməyə də həvəslə qatılan insan idi. Vəfa müəllim hər kəslə ünsiyyət qura bilmək qabiliyyətinə malik idi. Bu nadir bir xüsusiyyətdir və hər insanda olmur.
O, simasını qorumağı bacaran, həm iqtidar, həm müxalifət düşərgəsi ilə hörmət qazanan şəxsiyyət idi. Daxilən çox tolerant insan idi, fikir ayrılıqlarına demokratik yanaşırdı, eyni zamanda, həmişə öz mövqeyini açıq söyləyirdi. Xüsusən, Azərbaycanın xarici siyasət konsepsiyasının formalaşmasında onun xidmətləri əvəzolunmazdır. O, Azərbaycanı Avroatlantik məkana inteqrasiya olunmuş demokratik bir ölkə kimi görürdü. Vəfa müəllim tarixi çox yaxşı bilirdi və gəldiyi nəticə bu idi ki, əsirlərdir Azərbaycanın müstəqilliyinə qarşı olan ölkələr var və əsirlər keçir bu geopolitik durum dəyişmir, ona görə də Azərbaycan bunu nəzərə almalıdır. Qarabağ məsələsində ermənilərin arxasında kimin durduğunu da gözəl bildiyindən həmin ölkə ilə bağlı həmişə açıq, sərt mövqe ifadə edirdi. Onun hansısa ölkə ilə şəxsi müstəvidə düşmənçiliyi yox idi. Sadəcə olaraq, Azərbaycanın dövlət maraqlarına təhlükə görəndə bu təhlükənin gəldiyi yerin gücünü, çəkisini nəzərə almadan dərhal ona cavab verirdi. Onun vəfatı timsalında biz yaxın dostumuzu, Azəırbaycan təcrübəli siyasi xadimini itirdi”.
Qabil Hüseynli: “O, Azərbaycan diplomatiyasını, xüsusilə də Dağlıq Qarabağ problemini, münaqişənin sirli məqamlarını dərindən bilirdi”
Vaxtilə onun kimi yüksək vəzifədə çalışan politoloq Qabil Hüseynli bildirib ki, Vəfa Quluzadə yaxşı politoloq olmaqla yanaşı, çox pozitiv auralı insan və yaxşı yol yoldaşı olub:
“Vəfa müəllim çox pozitiv ruhlu, vətənpərvər adam idi. O, Azərbaycan diplomatiyasını, xüsusilə də Dağlıq Qarabağ problemini, münaqişənin sirli məqamlarını dərindən bilirdi. Postsovet məkanındakı prosesləri həm çox gözəl sezirdi, həm də yaxşı təhlil edirdi”.
Q.Hüseynli hesab edir ki, Vəfa Quluzadə Azərbaycanın qızıl incilərindəndir.
“Mən onunla təxminən 2 il işləmişəm. Bir yerdə səfərlərimiz olub, fikir mübadiləsi aparmışıq, həmişə ondan müsbət enerji almışam. Vəfa Quluzadə kimi adamları Azərbaycan genefondunun qızıl inciləri sayıram və həmişə onların xatirəsi qarşısında baş əyilməlidir”.
Fikrət Sadıqov: “Çıxışları, yazıları, Dağlıq Qarabağ problemi ilə bağlı yanaşmaları həmişə çox dərin, maraqlı və Azərbaycanın mənafeyinə uyğun olub”.
Politoloq Fikrət Sadıqov Vəfa Quluzadə ilə eyni fakültədə təhsil aldığını deyib:
“Biz vaxtilə bir fakültədə - Şərqşünaslıq fakültəsində oxumuşuq, amma o, məndən 5 yaş böyük idi. Vəfa müəllim yüksək səviyyəli peşəkar idi. Diplomatiya sahəsində böyük xidmətləri var idi. Həm dövlət, həm də xalq üçün gördüyü işlər çox müsbət olub. Həmçinin onun fəaliyyəti gənc nəsil üçün örnək kimi qalır. Vəfa Quluzadənin çıxışları, yazıları, Dağlıq Qarabağ problemi ilə bağlı yanaşmaları həmişə çox dərin, maraqlı və Azərbaycanın mənafeyinə uyğun olub”.
F.Sadıqov bildirib ki, Vəfa Quluzadə ilə həmişə ünsiyyətdə olub və fikir mübadiləsi aparıb:
“Biz yaxşı tanış idik. Mən də diplomatiya sahəsində - Xarici İşlər Nazilriyində işləmişəm. Ona görə də biz tez-tez görüşürdük, fikir mübadiləsi aparırdıq. Başqa yerlərdə işləyəndə də əlaqəmiz kəsilmirdi. Uzun illər ərzində əməkdaşlıq etmişik”.
P.S
V.Quluzadə yaşasaydı bu gün 79 yaşı tamam olacaqdı. Amma taleyin işi elə gətirdi ki, bu böyük və peşəkar diplomatımızı biz 74 yaşında itirdik. Ruhu şad olsun!