“Tarixi iradəli insanları tarix özü qovuşdurur” - FOTOLAR

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 


Dekabrın 24-də Kaspi Təhsil Şirkətinin Ağ Şəhər filialında mətbuatımızda silinməz iz buraxmış dahi mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, mətbuat tarixi araşdırmaçısı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və adıçəkilən təhsil müəssisəsinin şagird-müəllim kollektivi iştirak edib. Tədbirdən öncə qonaqlar liseyin şagirdlərinin Əhməd bəy Ağaoğlu ilə bağlı çəkdikləri rəsm əsərləri ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı.



Daha sonra söz "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlıya verildi.

Baş redaktor çıxışına tədbirin təşkilinə görə təhsil şirkətinə xüsusi təşəkkür edərək başladı: "Əhməd bəy Ağaoğlu nəinki Azərbaycanın, bütün Türk dünyasının böyük mütəfəkkiridir. Əhməd bəy Ağaoğlu Şuşada doğulan, sonra isə təhsilini Tiflisdə, Moskvada davam etdirən və Avropaya ali təhsil üçün gedən ilk azərbaycanlı türküdür. Onun həyat yolunu təhlil etsək, fəaliyyəti ilə bağlı yazdığı tərcümeyi-hala nəzər yetirsək görərik ki, keçdiyi həyat yolu o qədər də asan olmayıb. Onun dövlət quruculuğunda çox böyük xidmətləri var. Belə ki, o, Türkiyənin dövlət quruculuğu prosesində fikirlərindən istifadə olunan böyük bir mütəxəssisdir. Əhməd bəy Ağaoğlu modern qəzetçilik metodlarını, Həsən bəy Zərdabidən başlanan o yolu ləyaqətlə davam etdirən bir publisistdir. Onun ölümü ilə bağlı Türkiyə mətbuatında xeyli sayda yazılar var. Əhməd bəy Ağaoğlunun fəaliyyətində əsas diqqəti onun Azərbaycanı necə sevməyinə, Türk dünyasına nə qədər bağlı olmasına yönəltmək istəyirəm. O, milləti parçalamaq istəyən qüvvələrə qarşı mübarizə aparırdı. Bu gün Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr edilmiş bu tədbir üçün hər kəsə təşəkkür edirəm. Biz dahi şəxsiyyətlərimizi bilməsək, onların irsinə sahib çıxmasaq, gələcəyimiz etibarlı əllərdə olmaz”.



Daha sonra şagirdlərin ifasında Əhməd bəy Ağaoğlunun həyatının müəyyən hissələrindən bəhs edən bədii kompozisiya təqdim edildi. Şagirdlərin canlandırdığı səhnəciklər bütün izləyiciləri sanki həmin dövrə apardı. O dövr, Əhməd bəy Ağaoğlunun həyatı film kimi gözlərimizin önündə canlandı.
Kompozisiyadan sonra isə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış etdi. Qonaqları salamlayaraq sözə başlayan S.Vəliyeva şagirdlərin göstərdiyi kiçik tamaşadan çox təsirləndiyini qeyd etdi: "Bu şagirdlərin milli ruhda böyüməsi olduqca sevindirici haldır. Ona görə həmişə çıxışlarımda qeyd edirəm ki, gələcək nəsli bu ruhda böyütmək çox qürurvericidir. Akif bəyə də təşəkkür edirik ki, dəvətimizi qəbul edərək gəldi. Akif müəllim mətbuat tariximizi yazanlardan biridir. Hansı ki, bu tarixdə Əhməd bəy Ağaoğlunun da özünəməxsus rolu var. "Kaspi” qəzetində onun 100-ə yaxın məqaləsi çap olunub. Onların bir çoxu "Türkiyədən məktublar” adı altında nəşr edilib. Əhməd bəy Ağaoğlu da vaxtilə sizin kimi şagird olub. Xatirələrində anasının və dayısının onun milli ruhda böyüməsindəki rolundan bəhs edib. Onun Sankt-Peterburqa gedib orada təhsil alması, Əlimərdan bəy Topçubaşovla, Əli bəy Hüseynzadə ilə tanış olması həyatında böyük rol oynadı. Tarixi iradəli insanları tarix özü qovuşdurur. Əlimərdan bəylə dost olmaq hər kəsin taleyinə qismət olmaz. Onlara ağsaqqalıq edən Həsən bəy Zərdabi ilə böyük bir tarix yazdılar”.

Tədbirin sonunda uşaqların rəsm əsərlərindən biri Akif Aşırlıya təqdim edildi.