Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dilində olan “Vikipediya”da Qacarlar sülaləsinə mənsub şahzadə, Çar Rusiyasının zabiti olmuş Şəfi xan Qacar haqqında məqalə yaradılıb. Məqalədə Şəfi xan Qacarın həyatının erkən dövrü, hərbi karyerası, ailəsi, ali titulları, mükafatları və ölümü haqqında maraqlı məlumatlar yer alıb. Bildirilib ki, 1877-ci ildə Rus-Türk müharibəsində iştirak edən Şəfi xan Qacar müxtəlif döyüşlərdə olub. O, 1880-ci ilin iyulun 22-dən mayın 25-dək Göytəpə döyüşündə iştirak edib. Döyüşdə göstərdiyi igidliyə görə gümüş medalla mükafatlandırılıb və kapitan rütbəsi alıb. Şəfi xan 1908-ci ildə general-mayor rütbəsi ilə təqaüdə çıxıb.
Qeyd edək ki, Şəfi xan Qacar Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atasıdır.