Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhər olaraq türklər , konkretləşdirsək Osmanlı imperiyasının Sancaq bəyləri tərəfindən qurulub. Məlumdur ki, Balkan yarımadasında yerləşən Bosniya və Hersoqovinanın ərazisinin böyük bir hissəsi Osmanlı imperiyasının Sancağı, yəni indiki deyimlə vilayəti olub.
Sherg.az Türkiyə mediasına istinadən Sarayevonun necə şəhərləşdiyini oxucularına çatdırır.
16-cı əsrin ilk yarısında, 20 il Osmanlının Sancaq bəyliyi vəzifəsini daşıyan Qazi Hüsrəv Bəy, inşa etdirdiyi məscid, mədrəsə, kitabxana, saat qülləsi, bazar, qonaq evləri və mağazalarla o, dövrdə miskin bir qəsəbə olan Sarayevonun şəhər olmasında önəmli addımlar atıb.
“Sarayevonu şəhər edən adam”
Qazi Hüsrəv Bəyin inşa etdirdiyi mədəni obyektlər aradan 500 ilə yaxın zaman keçməsinə baxmayaraq, bu gün də Sarayevonun ən önəmli simvolları sırasında yer almaqdadır.
Şəhərin içməli su şəbəkəsinin qurulmasına qədər, hər əvəzolunmaz infrastrukturun memarı olan Osmanlı dövlət adamı bu gün də “Sarayevonu şəhər edən adam” adı ilə yad edilir.
Onun tikdirdiyi bulaqdan su içib, onun inşa etdirdiyi bazardan alver edirlər
Hüsrəv Bəyin adını daşıyan mədrəsə bu gün 483-cü illiyini bayram edir. Sarayevolular və yolu bu şəhərə düşənlər hələ də onun tikdirdiyi bulaqdan su içib, onun inşa etdirdiyi bazardan alver edirlər.
Anası tərəfdən Osmanlı sultanlarından İkinci Bəyazidin nəvəsi olan Qazi Hüsrəv Bəy, bu gün Bosniya tarixinin ən önəmli adları arasında yer alır.
Osmanlının Bosniyadakı ilk Sancaq bəyi olan İsaqoğlu İsa Bəy “Sarayevonun qurucusu” olaraq yad edilsə də, Qazi Hüsrəv Bəy isə Sarayevonu bir şəhər və ticarət mərkəzinə döndərən şəxs kimi tarixə adını yazdırıb.
Hüsrəv Bəyin tikdirdiyi mədəni obyektlər Sarayevonun şəhər olmasının təməlidir
Sarayevodakı “Qazi Hüsrəv Bəy Dərnəyi”nin İdarə Heyətinin başqanı Mustafa Vatrenjak, “Anadolu” Agentliyinə verdiyi açıqlamada deyib ki, Hüsrəv Bəyin tikdirdiyi mədəni obyektlər Sarayevonun şəhər olmasının təməlidir.
Atası da Osmanlı imperiyasının Sancaq bəylərindən olan Hüsrəv Bəyin 1480-ci ildə dünyaya gəldiyini qeyd edən Vatrenjak, atası Fərhad Bəyin vəfatından sonra anası Səlcuq Xatun ilə sarayda yaşadığını söyləyib.
Vatrenjak 1505-1509-cu illərdə sarayda “qapıçıbaşı” olaraq vəzifə daşıyan Hüsrəv Bəyin 1519-cu ildə Serbiyaya göndərildiyini vurğulayıb:
“Hüsrəv bəy Qanuni Sultan Süleymanın Belqrad səfərinə qatılıb, oradakı müharibədə “Qazi” titulunu alıb”.
Vatrenjak onu da bildirib ki, Bosniyada 1521-ci ildən vəfat etdiyi 1541-ci ilə qədər Sancaq bəyi olan Qazi Hüsrəv Bəy, Osmanlı tarixində eyni yerdə ən uzun müddət Sancaq bəyi vəzifəsi daşıyan şəxsdir:
“Gülləli mədrəsə”...
“Hüsrəv Bəy əvvəllər qəsəbə olan Sarayevonun şəhər olması üçün uzun illər tər “töküb”. Bu gün Sarayevoda gördüyünüz çoxsaylı tarixi memarlıq əsərləri onun Sancaq bəyi olduğu dövrdə tikilib. Demək olar ki, Sarayevonu o inşa edib”.
“Qazi Hüsrəv Bəy” Dərnəyinin arxivlərində olan sənədlərə görə, bu gün Bosniyanın ən köklü təhsil qurumu olan “Qazi Hüsrəv Bəy Mədrəsəsi”ni Hüsrəv Bəy anası Səlcuq Xatunun xatirəsinə yaradıb. Mədrəsənin ilk adı “Səlcuqiyyə” olub. Tavanında güllə olması səbəbindən həmin mədrəsə el arasında “Gülləli mədrəsə” kimi də tanınır. Bu gün də təhsil verməyə davam edən mədrəsə, ölkədəki bir çox önəmli din və dövlət adamının yetişdiyi təhsil ocağı kimi xüsusiliyini qoruyur.
“Bu, bina elmi və Allah sevgisini dualarla axtaranlar üçün tikildi"
Mədrəsənin qapısı üzərində yazılan “Bu, bina elmi və Allah sevgisini dualarla axtaranlar üçün tikildi. Dinin müdafiəçisi Qazi Hüsrəv xoş niyyətin qaynağı və ədalətin qürurudur” – sloqan-yazısı diqqət çəkicidir.
Mədrəsə 1992-1995-ci illər müharibəsi zamanı da bağlanmadı
Qazi Hüsrəv Bəyin adını daşıyan mədrəsə 8 yanvar 1537-ci ildə təhsil verməyə başlayıb. Tarixi “Böyük Bazar”ın ortasında, “Qazi Hüsrəv Bəy Məscidi”nin qarşısında yerləşən mədrəsədə dərs keçilməsi Osmanlının bölgədən çəkilməsindən sonra da ara verilmədən davam etdirilib. Keçmiş Yuqoslaviya dövründə də təhsil verməyə davam edən mədrəsə, 1992-1995-ci illər müharibəsi zamanı da bağlanmayıb.