Novruz günlərində o, mütləq yad edilməlidir; Şıxəli Qurbanov. Azərbaycan xalqına Novruzu qaytaran KİŞİ! Baharı qarşılamağa hazırlaşdığımız bu əziz günlərdə, xüsusilə Axır çərşənbə və bayram axşamında daim yada düşür Şıxəli Qurbanov. Məhz Şıxəli Qurbanov xalqımız üçün ən doğma və sevimli bayram günlərində “ruhun şad olsun” alqış-duasını haqq edən insandı. Ruhu şad olsun deyə illər öncə (20 mart 2013-cü il, çərşənbə) “Şərq” qəzetində nəşr edilmiş yazını paylaşmaq keçdi ürəyimdən. Qoy bu yazı, əziz bayram günlərində qəlbi niskillilərə bayram sovqatı olsun.
“Haqqı olan kişi Novruza bəraət alan Şıxəli Qurbanov. Səni unutmadıq”.
İçərişəhər əksər evlərin divarı çaxçalıdı. Bizim evin çaxçasında bəzəkli bir qutu vardı. Anam onun içinə gərəkli sənədləri yığardı. İllər keçdikcə qutu köhnəlirdi, qıraqları didilib tökülürdü. Amma yenə də sənədlər ona etibar edilirdi. Anam deyirdi ki, bu, şəkərbura qutusudur. Novruz bayramında şəkərbura, paxlava belə bəzəkli qutuların içində satılırmış. “Şıxəli Qurbanovun Novruzu”nda... O vaxt mən qutunun içindəki şəkərburadan dadacaq yaşda olmamışam. Qutunu isə çox bəyənirdim.
Bir də, hər ailədə olduğu kimi, bizim də ailə albomumuz vardı. Atam doğmaların şəkilləri arasına tanımadığımız bir kişinin də şəklini qoymuşdu. Hər dəfə albomu vərəqləyəndə atam deyirdi ki, bu, Şıxəli Qurbanovdu. Bilmirdik, atam bu şəkli niyə belə əzizləyir. Gur qara saçlı, xeyirxah baxışlı bu kişi elə bilirdik, atamın dostlarındandı. Sonralar başa düşdük ki, Şıxəli Qurbanov ozamankı Mərkəzi Komitənin katibi imiş. Atamın ona sevgisi, hörməti katib olduğuna görə deyildi, yaxşı katib olduğuna görə idi. Biz artıq böyüyəndən sonra atam deyirdi ki, Şıxəli Qurbanov KİŞİ İDİ! ÖLDÜRDÜLƏR DƏ!.. Əşşi, o necə bayram idi, o keçirdi?! Mağazalar şirniyyatla dolmuşdu, aşıb-daşırdı. Küçələr bəzədilmişdi, gül-çiçək... Tonqal qalamışdılar. Özü də camaatın içində gəzirdi, hamı onu təbrik edirdi, o da camaatı. Mehriban insan idi. Millətsevər. Vətənpərvər. Hayıf ondan...
Bu keyfiyyətlərinə görə xalq Şıxəli Qurbanovu sevirdi. Həm də o, Novruzu xalqa qaytarmışdı. Buna görə onu lap çox istəyirdilər.
Şıxəli Qurbanovun Novruzu
Novruz bayramında onu xatırlamamaq qeyri-mümkündü. Sovet ideoloji maşınının milli dəyərləri biçib-tökdüyü dövrdə xalqa əziz bayramını qaytaran, Novruza bəraət alan bir insanı necə unutmaq olar?!
Kim olub Şıxəli Qurbanov? Alim, şair, yazıçı-dramaturq, ictimai və dövlət xadimi. Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı. 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlk edib. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olub, orden və medallarla təltif edilib.
Onun haqqında belə deyirlər:
Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyət vardı. O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.
Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Çünki o zaman onun müstəqil dövləti yox idi, o, bu həqiqəti yaşıdlarından xeyli əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və əski qəlibləri sındırmağa məhkum etmişdi. O, bu məhkumluqda nəsə tapmışdı...
Bir dəfə Dram Teatrında partiya fəallarının yığıncağında Ş.Qurbanov şəhər rəhbərliyinə (məlumdur, o zaman rəhbərlikdə ruslar, ermənilər çoxluq təşkil edirdi) milli kadrları vəzifələrə irəli çəkmək barədə tövsiyələrini verib. Belə bir göstəriş aşırı və saxta beynəlmiləlçilik xəstəliyinə tutulanlar üçün gözlənilməz olub. Ş.Qurbanov milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirib. Az sonra bu BÖYÜK VƏTƏNDAŞIN təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına – kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.
AZƏRBAYCANIN İLK BAHAR QIZI
1967-ci ilin Novruzu xalqın yaddaşında ən şirin xatirə kimi qalmaqdadır. O il Novruzun necə təmtəraqlı keçirildiyinə şahidlik etmiş bəxtəvərlər danışır ki, şəhərin bütün küçə və prospektləri bəzədilibmiş. Hər tərəf çıraqban imiş. Qız Qalasının başında tonqal yandırılıbmış. Küçələrdə milli geyimli qızlar-oğlanlar camaata şirni paylayırmış. Əllərdə Novruz xonçaları, gözlərdə sevinc. Hamı bir-birini təbrik edirmiş. Azərbaycan xalqı ilk dəfə Bahar qızı o zaman görüb. Azərbaycanın Xalq artisti, gözəl xanım Səfurə İbrahimovanın gənclik çağlarıydı. Onu “Bahar qız” seçmişdilər. Bahar qız faytonda Qız Qalasının önünə gətirilib və orada xalqımızı Novruz bayramı münasibətilə təbrik edib. Həmin anların lent yazısı da var. Hərdən televiziyada göstərirlər...
Ş.Qurbanovun tapşırığı ilə Qənnadı Fabriki bol çeşiddə milli şirniyyatlar istehsal edib. Qiymətlər də ucuz təyn edilib ki, insanlar ala bilsin. Novruz bayramının belə təmtəraqla qeyd edilməsinin, mənəvi dəyəri çox böyük idi. Novruz tonqalları yalnız küçələri, meydanları yox, ən başlıcası, illərlə dözülməz ağrılar altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünmüş ürəkləri, həm də beyinləri işığa qərq etmişdi. Tonqaldan ayrılan qığılcımlar, közərən parçalar xalqda öz gələcəyinə ümid, inam yaratmışdı. Üstəlik, Odlar Yurdunda qalanan tonqallar qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını da alovlandırırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkilidi. Dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verilirdi. Xalqın, toplumun millətə çevrilməsi yeni sürət və vüsət alırdı. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki onun çevik və operativ janrı poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşmasında Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılırdı.
Şıxəli Qurbanov artıq xalqın sevimlisinə çevrilmşdi
Ş.Qurbanova qədər Azərbaycanın kommunist partiyası nomenklaturasında belə cəsarətli addım atan, fədakarlıq göstərən vəzifə sahibinə rast gəlinməmişdi. Millət oğlu – Şıxəli Qurbanov bu addımı atdı. Amma... Ömrü bahasına. Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını ona bağışlamaq istəmirdilər. Bağışlamadılar da. Məsələ təkcə Novruz bayramının dövlət səviyyəsində keçirilməsində deyildi. Şıxəli Qurbanov artıq xalqın sevimlisinə çevrilmşdi. Bunu həzm edə bilmirdilər. Azərbaycan xalqına belə cəsur, vətənpərvər insanın rəhbərlik edə biləcəyini təhlükəli sayırdılar. Bir yol qalırdı – onu aradan götürmək...
Proseslər buna doğru gedirdi. Şıxəli Qurbanovu incidirdilər. Sıxırdılar. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov ona bir neçə dəfə xəbərdarlıq etmişdi ki, təhlükəli işlər görürsən. Ş.Qurbanov isə hərəkətlərinə görə özü cavab verəcəyini deyirmiş. Və onu Moskvaya – Mərkəzi Komitəyə izahat yazmağa çağırırlar. Təsəvvür edin; Ş.Qurbanov Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazır. Bu bayramın dinlə heç bir əlaqəsi olmadığını, təbiət bayramı, milli adət-ənənələrə söykənən bir inanc olduğunu sübut etməyə çalışır. Ancaq bədxahları narahat edən bu deyildi ki! Sovet repressiya maşını Şıxəli Qurbanov kimi vətənpərvər insanları qəbul edə bilməzdi.
O zaman belə söhbətlər gəzirmiş ki, Ş.Qurbanov bəzən gizli, bəzən açıq şəkildə təqib edilir. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər ona kənardan nəzarət edir, izləyir, qarabaqara ardınca gəzirlər. Onu sevdiyi xalqından, ailəsindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırmışlar. Düşünülən sonunda oldu. Bir diş həkiminin əli ilə. Başdan-ayağa işıq – ziya mənbəyi olan bir insanın ömrünə nöqtə qoyuldu.
1967-ci ilin martında Şıxəli Qurbanov Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olur. Bir ay sonra may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir.
Həmin gün Akademik Dram Teatrında Ş.Qurbanovun “Sənsiz” pyesinin premyarası olmalıydı. Biləndə ki, tamaşaya hazırlıq gedir, deyib ki, “Sənsiz”ə baxarsız mənsiz...” Bu nə idi? Taleyin acı istehzası?
Yoxsa, gizli duyum qabiliyyəti, öz diliylə özünə fərman kəsmək?!.
...Belə danışırdılar ki, Ş.Qurbanov həkimin vurduğu iynədən keçinib, anafilaktik şok kimi bir şey. Həkim isə pəncərədən qaçıb. İndiyədək də Ş.Qurbanovun ölümünün həqiqi səbəbi bilinmir. Buna görə də Ş.Qurbanova sui-qəsd olmadığına heç kim inanmır. İnana bilmir. Çünki inandırıcı deyil. Hecə yəni? Mərkəzi Komitənin katibi həkimə qorumasız, nəzarət olmadan gedir. Həkimin hansı iynədən, niyə, nə məqsədlə istifadə edəcəyi əvvəldən öyrənilmir, iynə-dərman yoxlanmır. Ş.Qurbanov diş kabinetində həkimlə tək qalır, həkim istintaqa cəlb olunmur və sair və ilaxır... Bunlardır, insanları Ş.Qurbanova sui-qəsd olmadığına inanmağa qoymayan.
“Məni də yandıraydı, sizi yandıran əllər...”
Ş.Qurbanovun ölümü ilə Novruz da sanki yasa büründü. Valideynini itirmiş uşaq kimi uzun illər boynu bükük qaldı. Taki...
Azərbaycan müstəqilliyini bərpa edənədək. Düzdü, arada “nəfəslik” bir balaca açıldı. 80-ci illərin ortalarında. Məşhur “yenidənqurma” dövründə. Amma 60-cı illərin istisi yox idi. Çünki öndə Şıxəli Qurbanov kimi şəxsiyyət yox idi. Bir sözlə, Şıxəli Qurbanov Novruza bəraət almışdı. Yenidən millətə qaytarmışdı. Özü də xalqın sevimlisinə çevrilmişdi. Adı Novruzla qoşalamışdı. Həyatı bahasına! Amma həyatı bahasına olsa da, bu gün də milyonlar Novruz bayramı yaxınlaşdıqda onu yad edir. Şıxəli Qurbanov həyatını fəda etdiyi Novruz bayramı ilə eyni səviyyəni bölüşür. Şıxəli Qurbanov 60 ilə yaxındır ki, rəhmətlə və sevgiylə anılır. Və hələ də insanlar “ovaxtkı Novruz tamam başqa idi” deyirlər...
Gözəl şeirlər müəllifi imiş. “Bayram şamları” şeirini yazmışdı:
Şamlar, bayram şamları,
Bu bayram axşamları,
Məni də yandıraydı, sizi yandıran əllər...
“Sənsiz”, “Milyonçunun dilənçi oğlu”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə” pyesləri dəfələrlə tamaşaya qoyulub. “Sənsiz” pyesi repressiya qurbanlarına həsr olunmuşdu. Taleyə bax ki, müəllif özü də repressiya qurbanı oldu.
Ruhun şad olsun, millət oğlu! Bu, sənin bayramındı. Bizlərə yaşatdığın bayramdı. Onu sənsiz keçirmək bizə yaraşmaz. Bu gün sən Novruzu qəlbən sevən hər bir Azərbaycan ailəsinin bayram süfrəsinin əziz qonağısan. Sənin adına da şam yandıracağıq – çox sevdiyin bayram şamlarından. Bayramın mübarək. Ruhun şad olsun.
Sözardı: Şıxəli Qurbanovun ailəsinin qonağı olmuşdum. Həyat yoldaşı Xavər
xanımla, qızı Gülnarə xanımla söhbət etmişdim. Bir kəlmə deyəcəm. Alicənabdılar.
Hər hərəkətləri, danışıqlarından, qonaq qarşılayıb yola salmaqlarından nəzakət
süzülürdü. Allah Xavər xanma rəhmət eləsin. Ailənin digər üzvlərinə can
sağlığı. Şıxəli Qurbanovu ləyaqətlə təmsil edirlər. Şıxəli Qurbanovun ailəsi
zatən belə də olmalıdır. Bayramınız mübarək, xalqın sevimli oğlunun sevimli
balaları.