Bakı koronavirusdan təhlükəli epidemiyadan xalqın iradəsi ilə qurtulub
Bu il martın 16-dan dünyanı bürüyən koronavirus bəlası Azərbaycandan da yan keçmədi. Hökumət ciddi tədbirlər həyata keçirdi, karantin rejimi müəyyənləşdi, qadağalar tətbiq edildi. Dövlət sərhədləri qismən bağlanıldı, əhalinin virusa yoluxma halının qarşısını almaq üçün atdığı ciddi addımlar bir müddət müsbət nəticə verdi, amma problem bu gün də davam edir. Son statistik göstəricilərə görə, ölkədə koronavirusa yoluxma sayında sürətli artımlar var. Sentyabrın 27-dən başlayaraq Ermənistanın 27 illik işğalı altında olan Azərbaycan ərazilərinin azad olunması yolunda Vətən savaşı aparıldığı vaxtda "gözəgörünməz düşmənlə" mübarizə aparmaq hər bir kəsin ən ümdə borcudur.
Əsrlər boyu tarixin sınaqlarından məğrur çıxan xalqımızın birlikdə hər iki cəbhədə qələbə və uğur qazanacağı şübhəsizdir. Ən çətin zamanlarda bu xalqı birlik, həmrəylik, qardaş yardımlaşmaları xilas edib, qoruyub, gələcəyə aparıb.
Dövlətçilik tariximizin qürurla anılan Azərbaycan Cümhuriyyəti dövrü mərhələsində də xalqımız Qarabağda, Ermənistanla sərhəd bölgələrində ərazi bütövlüyü uğrunda qanlı savaşa məcbur olub, 23 aylıq mövcudluğu dövründə iki dəfə Ermənistan ordusunu məğlubiyyətə uğradıb. Həm də milli dövlət təsisatlarını yenicə yaradan Azərbaycan Cümhuriyyəti Bakı və ətraf bölgələrdə sürətlə yayılan və kütləvi ölümlə nəticələnən yatalaq epidemiyasının qarşısını alıb, əhalinin təhlükəsizliyini, sağlamlığını qoruya bilib. Azərbaycan Cümhuriyyətinin milli hökumətinin üzləşdiyi yatalaq epidemiyası indi təhlükəli koronavirus formasında şəklini dəyişərək ortaya çıxıb. Həmin dövr epidemiyanın qarşısının alınması üçün görülən tədbirlər, verilən qərarlar günümüz üçün aktual olduğundan bu məsələyə toxunmağı zəruri bildik.
Bakıda yatalaq epidemiyasının sürətlə artması, əhalinin kütləvi yoluxması halları barədə ilk siqnalı 1919-cu il yanvarın 14-də 87-ci sayında "Azərbaycan" qəzeti verdi. "Bakı təhlükə qarşısında" məqaləsində şəhərdə hökmfərma olan yatalaq azarının sürətlə yayılması qarşıdakı təhlükələrdən xəbər verirdi. Səhiyyə Nazirliyi, Bakı Şəhər Səhiyyə İdarəsi və Şəhər Bələdiyyəsi 1919-cu il yanvarın 13-də yaranmış təhlükəli vəziyyəti müzakirə edib, qəti qərarların qəbulunu müvafiq bildi. Bakı bələdiyyəsinin iclas salonunda keçirilən iclas barədə qəzet yazırdı: "Şəhərin səhiyyə əhvalı haqqında doktor Loriyə müfəssəl məruzədə bulunduqdan sonra getdikcə şiddətlənməkdə olan xəstəlik haqqında müzakirat başlamışdır. Hesaba görə, hər gün 300 nəfər azarlamaqdadır. Azarlılardan yüzə otuz nəfəri ölür".
Yoluxmaların və insan itkilərinin qarşısını almaq üçün artıq həyəcan təbili çalındı, qəti tədbirlərin görülməsi üçün ciddi fəaliyyətə başlanıldı. Bakı ictimaiyyətinin və səhiyyə işçilərinin birgə müzakirəsi nəticəsində 8 bənddən ibarət qərar qəbul olundu:
1. Həkimlər cəmiyyəti bütün hökumət və ictimai təşkilatlara müraciət edib xəstəlik ilə mübarizə üçün maddi müavinət göstərməyə dəvət edilir.
2. Həkimlər "xəstəlik ilə mübarizə edən cəmiyyət"ə hami təşkilat nümayəndələrini cəlb olunmağı lazım görülür.
3. Cəmiyyətin hamı xəstəxanaların misri (yoluxucu) xəstəxanayə tətbiq edilməyi lazım görülür.
4. Əhali üçün pulsuz hamam açılmalıdır.
5. Məhəllələrin təmizliyinə baxmaqdan ötrü kontrol təyin olunmalıdır.
6. Petrovski, Ənzəli və qeyri-yerlərdən Azərbaycana ərzaq gətirilməsi qadağan edilməlidir.
7. Bu tədbirləri tətbiq etməkdən ötrü fəaliyyət vasitələri lazımdır.
8. İndi cəmiyyətə izhar olunmalıdır ki, 50 qatır ilə 25 araba cəmiyyətin ixtiyarına verə bilsin.
Qəbul olunan qərarların yerinə yetirilməsi üçün Azərbaycan Cümhuriyyətinin səhiyyə, yerli icra strukturları ciddi fəaliyyətə başladı. Əhalinin maariflənməsi yenə başlıca məqsəd seçildi. Dövrün mətbuat orqanlarında xalqı panikaya salacaq, qorxu yaradacaq materialların çapının qarşısı alındı, amma epidemiyanın qarşısını almağa məsul olan qurumlar ciddi tənqid edildi.
"Azərbaycan" qəzeti "Şəhərimizdə xəstəlik" sərlövhəli məqaləsində Bakıda və ətraflarda təmizlik, gigiyena qaydalarının normal qaydada aparılmamasını, bu sahəyə məsul olan təşkilatların məsuliyyətsizliyini ciddi tənqid edirdi. "H.P." imzası ilə nəşr olunan bu məqalədə öz işini məsuliyyət və keyfiyyətlə görməyən qurumlar faktlarla tənqid hədəfinə gətirilirdi:
"Rusca "Azərbaycan" qəzetəsinin Bakı xəstəliyinin statistikasında simə yatalağa mübtəla olanların qədəri qeyri-naxoşluqdan çoxdur. Deməli, şəhərimizdə yatalaq xəstəliyi davam edir. Məlumdur ki, simə yatalaq köçəridir.
Məlumdur ki, hər bir xəstəliyin artması, sirayət etməsinin ən mühüm səbəblərindən biri natəmizlikdir".
Bakıda mərkəzdən bir qədər aralı məkanlarda qeyri-natəmizliyin tüğyan etdiyini, acınacaqlı vəziyyət yaratdığını müşahidələri əsasında qələmə alan müəllif yazır: "Bu saat hansı bir küçə ilə keçərsən, orada zibil küməsi görməmək qeyri-qabildir. Ya hansı bir həyətə nəzər yetirsən, zibil qutuları dolub-daşmaqları ilə bərabər qoxusu da hər yeri tutubdur.
Şəhərin təmizliyinə cavabdeh olan qurumların fəaliyyətsizliyi son nəticədə yatalaq epidemiyasının sürətlə yayılmasına səbəb olur, hər gün onlarla insan dünyasını dəyişirdi. Xəstəxanalarda yer çatışmır, dərman qıtlığı vardı. Xəstələrin müalicəsi üçün müxtəlif istiqamətli xəstəxanalar da yatalaq xəstəliyinə mübtəla olanlar üçün ayrıldı, həkimlər, tibb işçilərinin gecə-gündüz səyi ilə önləyici tədbirlər görüldü.
Bu məsələdə mətbuatın diqqət yönəltdiyi əsas problem şəhərin təmizliyi, əhalinin gigiyenik qaydalara əməl olunması idi. Məqalələrdə konkret ünvanlara suallar verilir, şəhərin təmizliyinə niyə əməl olunmaması soruşulurdu: "Nə üçün şəhər təmizlənmir? Şəhəri təmizləmək üçün bələdiyyənin "Eyüz" adlı bir müəssisəsi vardır. "Eyüz"ün axırıncı, yəni 1918-ci sənə smetasına, şəhəri təmiz etmək üçün azı yüz iyirmi atı, yüz yetmiş beş arabaçısı haradadır? İki yüz əlli süpürgə süpürənləri? Şəhər ətrafında iyirmiyə qədər qaravul və zibil yandıranları, gözətçiləri... Və qeyri-cəmi, gərək 500-ə qədər fəhlə şəhəri təmiz edələr".
Məqalə müəllifi yerli icra strukturları ilə yanaşı, Səhiyyə Nazirliyini də fəaliyyətsizlikdə günahlandırır, bu qurumun imkanlarını bütövlükdə epidemiyanın qarşısının alınmasına yönəltmədiyini iddia edirdi:
"Təəccüb ediləsi hal budur ki, şəhərdə ən böyük bələdiyyə idarəsi, səhiyyə nəzarəti, səhiyyə komissarlığı, onların çoxlu avtomobilləri... Çoxlu atı, qatırı və s. Niyə bir tədbir görülməyir".
Cümhuriyyətin 1918-ci il sentyabrın 18-də Bakıya köçürülməsindən cəmi bir neçə ay sonra qarşılaşdığı ən çətin problem ətrafında mətbuatda geniş müzakirələr açılmasa da, ciddi tədbirlər sayəsində epidemiyanın sürətli yayılması önləndi.
Daha hər gün onlarla insan yatalağa yoluxmur, dünyasını dəyişmirdi. Azərbaycan Cümhuriyyəti hökuməti bu işin aparılmasında xalqa söykəndi və xalqın iradəsi, birliyi ilə çətin mərhələni arxada qoydu.
101 il sonra yatalaq koronavirus formatında bir kabus olaraq Azərbaycanın başı üstdə dolanır. Vaxtında atılan addımların, qəbul olan qərarların, milli birlik və həmrəyliyi sayəsində bu məsuliyyətli mərhələnin də arxada qalacağı, tarixin səhifələrinə köçəcəyi şübhəsizdir.