Talha Mahmud: "Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır"
Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib. Videogörüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan Senatının və Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvlərini və iştirakçıları salamlayaraq bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır: “Çünki erməni silahlı qüvvələri uşaq, qadın, yaşlı demədən bizim soydaşlarımızı qətlə yetirib.
Ağır işgəncələrə məruz qoyublar. Xocalı şəhəri yer üzündən silinib. Onlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaalın kitabında bu insanların məhz azərbaycanlı olduğuna görə qətlə yetirdiklərini etiraf edib”. Q.Paşayeva diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsidir: “Bu soyqırım azərbaycanlılara qarşı törədilməklə insanlıq əleyhinə bir cinayətdir.
Dünyanın bu soyqırımı tanıması, həqiqətləri bilməsi üçün qardaş və dost ölkələrə ehtiyacımız var. Bu baxımdan Pakistana təşəkkür edirik ki, bu qardaş ölkə həmişə Azərbaycanın yanında olub. Biz bu mənəvi və siyasi dəstəyin davamlı olacağına inanırıq”.
Komitə sədri 44 günlük müharibə zamanı işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görmələri üçün pakistanlı deputatları ölkəmizə səfərə dəvət edib.
Çıxış edən Pakistan Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun üzvləri xanım Şaza Xavaca, Farrux Xan bildiriblər ki, ermənilərin Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı Pakistan bir sıra bəyanatlarla çıxış edib. Milli Assambleyanın üzvləri Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılara Allahdan rəhmət diləyiblər, bu ağır cinayəti törədənlərin cəzalarına çatacağına əminliklərini bildiriblər. Pakistanlı deputatlar beynəlxalq təşkilatlarda Pakistana verilən dəstəyə görə Azərbaycana təşəkkür ediblər.
Görüşdə çıxış edən Milli Məclisin deputatları bildiriblər ki, Azərbaycan bir tolerantlıq nümunəsidir. Ermənistan isə işğal etdiyi Azərbaycan torpaqlarında məscidləri, tarixi abidələri məhv edib.
Pakistan-Azərbaycan dostluq qrupunun rəhbəri Talha Mahmud deyib ki, Xocalı soyqırımı tarixin qara ləkəsidir: “Erməni silahlı qüvvələrinin günahsız mülki vətəndaşları öldürməsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir, soyqırımdır. Bir sıra ölkələr, o cümlədən Pakistan bunu soyqırım kimi qəbul edib. Senatorlar bildiriblər ki, Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır. Pakistanlı parlament nümayəndələri Azərbaycana sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar”.