Boran Əzizli: "Dövlət başçısının hər bəyanatında mühüm mesajlar var"
Prezident İlham Əliyev dünən yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan sərhədində düşməndən azad olunmuş torpaqlarımız barədə də danışıb. Dövlət başçısı vurğulayıb ki, Şərqi Zəngəzurda, Qubadlıda, Zəngilanda, ümumən işğaldan azad edilmiş sərhədyanı ərazilərdə Ermənistan qoşunları yoxdur və orada sülhdür.
Ölkə rəhbəri tarixi Azərbaycan torpaqlarında heç bir insidentin yaşanmadığını vurğulayıb:
“Bəzi kəndlər hansı ki, onların bir hissəsi Azərbaycan ərazisində yerləşir, orada insident yaşanmır. Çünki orada Ermənistan Ordusu, Sərhəd Qoşunları mövcud deyil. Biz o ərazilərdə Ermənistanın dinc əhalisinə qarşı heç bir addım atmırıq. Əksinə, bəzi Ermənistan şəhərlərini birləşdirən yol Azərbaycan ərazisindən keçir və ermənilər bu yoldan yararlana bilirlər. Biz həmin yolda “Azərbaycana xoş gəlmişsiniz” yazılı bir lövhə quraşdırmışıq. Anlayıram ki, bu, Ermənistanda qıcıq yaradır. Ancaq biz onu başqa niyyətlə yerləşdirmişik. Biz istəyirik ki, bizə məxsus olan qaytarılsın”. Məlumat üçün deyək ki, dövlət başçısının ilk dəfə “Şərqi Zəngəzur” ifadəsini işlətməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çünki ermənilərin özlərinə “dövlət” qurduqları - Zəngəzur, Dərələyəz, Göyçə, İrəvan və digər ərazilər tarixi Azərbaycan bölgələridir. Buna rəğmən, Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Prezident İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olub. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” fikirləri ilə dəfələrlə bu məsələyə toxunub və fikirlərini bəyan edib. Zəngəzur məsələsi isə bir az fərqlidir.
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunub. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP-nin MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla həll edilib. Bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar olub. Zəngəzur bölgəsini 2 yerə: - Qərbi Zəngəzur qəzası və Şərqi - əhalisinin kürdlərdən ibarət olmasına görə “Kürdüstan” qəzasına bölmək təklif edilirdi. Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri və “Kürdüstan” qəzasından (Zəngilan, Qubadlı və Laçını) ibarət mahalda XX əsrin əvvəllərində 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. Nəticədə Zəngəzur qəzasının təqribən yarısına qədəri Azərbaycan SSR tərkibində qalıb. Lakin 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilib. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulublar. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Zəngəzurun Ermənistanda qalan hissəsi 3 bölgəyə - Sünik, Vayots-Zor və Qeqarqunik əyalətlərinə bölünüb. Əyalətin Azərbaycanda qalan hissəsində isə Zəngilan, Qubadlı və Laçın rayonları yaradılıb. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də ermənilər tərəfindən işğala məruz qalıb.
Tarixçi-alim Boran Əzizli “Şərq”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin ifadələri göstərir ki, dövlət başçısı qədim torpaqlarımızın tarixini kifayət qədər dərindən bilir. Alimin sözlərinə görə, dövlət başçısının hər bəyanatında mühüm mesajlar var:
“Prezident tarixi hadisələri çox dəqiqliklə araşdırır, çıxışlarında mühüm faktları dilə gətirir. Qədim yurdumuz olan Zəngəzurun ermənilərə peşkəş edilməsi barədə çox danışılıb. 1920-ci ilin əvvəlində bolşevik Rusiyası tərəfindən Zəngəzur vilayətinin 405 min desyatin ərazisi Ermənistan SSR-yə verilib. Bu addım Naxçıvanı ana Vətəndən ayrı salmaq məqsədi daşıyırdı və Azərbaycan üçün ağır fəlakət idi. Bir məqamı xüsusi qeyd edim ki, Rusiyanın Qafqaza gəlişinə qədər erməni və azərbaycanlılar arasında ziddiyyət, qarşıdurma olmamışdı. Lakin Rusiyanın Ermənistan “dövləti” yaratmaq fikrinə düşməsindən sonra iki xalq arasında qəfil düşmənçilik başladı. Ermənilər qədim dövrlərdən etibarən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin tərkibində rahat, təhlükəsiz şəkildə yaşayıblar. Əfsuslar olsun ki, Rusiyanın Cənubi Qafqazda möhləmlənmək cəhdi iki xalq arasında qarşıdurmanın yaranmasının əsasını qoyub. Bu baxımdan Prezidentin çıxışı tamamilə doğrudur və tarixi reallıqlara söykənir. Dövlət başçısının qədim torpaqlarımızla bağlı faktlara diqqət çəkməsini alqışlayırıq”.