Ulu öndərin dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı
Azərbaycançılıq ideyasının təbliği
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü nəinki ölkəmizdə, respublikamızın hüdudlarından kənarda təntənə ilə qeyd edilir. Tükənməyən bu sevgi və sayğının əsl səbəbkarı, təbii ki, ulu öndərin özü, onun əsasını qoyduğu vətənpərvərlik, millilik və azərbaycançılıq məfkurəsi, bu ideyaların xalqımız tərəfindən daim yaşadılması və ona sadiqliyidir.
Ulu öndərin bütün həyatı və siyasi fəaliyyəti Azərbaycanın qüdrətli dövlət olmasına, dayanıqlı inkişafına, xalqımızın milli köklərə bağlılığının daha da möhkəmlənməsinə, dünyanın harasında yaşamasından asılı olmayaraq hamının bir nəfər kimi Azərbaycan bayrağı və azərbaycançılıq ideyası ətrafında birləşməsinə və bu ideyaya xidmət etməsinə yönəlmişdi. Hər bir azərbaycanlı ulu öndərin təməlini qoyduğu milli siyasətin təntənəsinə 44 günlük Vətən müharibəsində şahid oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, ordumuza, xalqa sonsuz inamı Azərbaycanı qalib ölkə etdi. 28 il erməni işğalında qalan torpaqlarımız şücaətli, igid əsgərlərimiz tərəfindən azad edildi. Vətən uğrunda şəhid, qazi olan oğullarımız Azərbaycan xalqının başını ucaltdı. 44 günlük Vətən müharibəsi günlərində də dünya azərbaycanlıları ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideyası ətrafında, bir bayraq altında birləşdilər və hər bir azərbaycanlı Vətən müharibəsinə öz töhfəsini verdi.
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətiylə verdiyi açıqlamada millət vəkili Sevil Mikayılova azərbaycançılıq ideyasının Heydər Əliyevin dövlət quruculuğu siyasətinin mühüm komponenti olduğunu qeyd etdi:
- Məhz dahi liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmış oldu. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları öz ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. 99-cu ildönümündə Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla yad edərək qürurla söyləyirik ki, dahi liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər və yeni reallıqlarda Azərbaycanın dünyanın siyasi xəritəsində sahibləndiyi nüfuz sayəsində azərbaycanlı olmaq həqiqətən bir fəxarətdir! 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Ağcabədi rayonu Heydər Əliyev Mərkəzinin ulu öndər haqqında hazırladığı məqalə də bu fikir üzərində qurulub:
“Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. …Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır”. Hələ 1993-cü ildə fəlsəfi-ictimai fikirdə belə bir qənaət formalaşmışdı ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir. Bu gün “azərbaycançılıq” milli həyatın ahəngdarlığının çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, birgə fəaliyyəti və qarşılıqlı təsirinin tarixi, ümumi taleyi, Azərbaycanın bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin tarixi təcrübəsidir”.
Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir.
Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır. Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən belə deyir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir.
Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir… İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”.
Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.