Atatürkün qucağındakı uşaq fotosu aydınlığa qovuşdu
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü anma günündə bu dahi şəxslə bağlı xatirələrin paylaşılması ənənəvi xarakter alıb. Belə maraqlı xatirələrdən birini Gültəkin Aykurt paylaşıb. G.Aykurt Türkiyə Böyük Millət Məclisində 7 dönəm millət vəkili seçilmiş İzzət Ülvi Aykurtun nəvəsidir. İzzət Aykurt Mustafa Kamal Paşanın milli mücadilə illərində yaxın silahdaşlarından biri və dostu olub.
Aykurtun nəvəsi Tuğtekin Aykurt Türkiyənin NTV televiziyasına atasının nadir fotolarından birini göstərib. Bu, Atatürkün qucağında bir uşaq olan fotosudur. T.Aykurt deyib ki, bu fotodakı körpə onun doğma atası Gültəkin Aykurtdur. Foto 15 may 1922-ci ildə - Cümhuriyyət bayramı şənlikləri keçirildiyi günlərdə çəkilib. Atatürk yaxın dostları, silahdaşları ilə bir araya gəlməyi çox sevirdi. Belə görüşlərə bəzən dostları ailə üzvlərini də gətirərdi. Belə xoşbəxt günlərdən biri də Gültəkin Aykurtun qismətinə düşüb. Atası onu özüylə bayram şənliyinə götürüb. Gültəkin Aykurt orada Atatürk qarşısında şeir söyləyib. Atatürk uşağı qucağına alıb, fotoqraflar da bu anı əbədiləşdirib. Tuğtəkin Aykurt babasıyla Atatürkün dostluğu barədə danışıb: “Onlar yaxın dost idilər. Onları birləşdirən ideya birliyi, türkçülük idi. Babam İzzət Aykurt İstiqlal savaşındakı mücadiləsinə görə “İstiqlal” medalı ilə təltif edilmişdi. Atatürkün belə fotoları çoxdur. Mustafa Kamal Paşa yalnız komandan deyildi. O həm də səmimi insan idi, uşaqları çox sevirdi. Türkiyənin gələcəyini onlara tapşıracaq deyə, uşaqlarla söhbət edər, onlarda milli qürur hissinin yüksəlməsinə çalışardı”.
Mustafa Kamal Paşanın Çankaya köşkündə dostlarının əhatəsində, qarşıda isə kiçik yaşlı uşaqların dayandığı fotosu da var. Bunlar Atatürkün incə qəlbli, həssas bir insan olduğunu göstərir. T.Aykurt deyib ki, atasının Atatürklə birgə fotosunu başqaları da öz adına çıxarmağa çalışıb: “Həmişə belə iddialar olur. Türkiyədə hər kəs istəyir böyüklərinin Atatürklə birgə fotosu olsun. Zaman-zaman “bu fotodakı mənəm” deyirlər. Amma həqiqət budur ki, o fotodakı uşaq mənim atam – İzzət Ülvi Aykurtun oğlu Gültəkin Aykurtdur. Qeyd edilir ki, İstiqlal savaşının mücahidlərindən olan İzzət Aykurtla bağlı tarixi araşdırmalara başlanıb.