Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter paylaşım edib. “Şuşanın mərkəzi küçələrindən birinə Atatürk adı verilib. Təşəkkürlər”, - diplomat sosial şəbəkə hesabında yazıb.
Tarixçi-alim, professor Nəsiman Yaqublu Şuşada küçəyə M.K.Atatürkün adının verilməsinə münasibət bildirib.
O, “Sherg.az”a açıqlamasında bildirib ki, Mustafa Kamal Atatürk bütün Şərq dünyasının nəhəng şəxsiyyətidir:
“Ona Azərbaycanda da böyük sevgi var. İlk dəfə olaraq, 1926-cı ildə Atatürkə heykəl qoyulub. O vaxtdan Atatürkün adı Türk dünyasında rəsmiləşməyə başlayıb.
Bakı şəhərində də Atatürkün adına prospekt var. Ona Azərbaycan cəmiyyətində böyük sayğı var. Şuşada da onun adının küçəyə verilməsi yaxşı bir hadisədir. Bu bir daha onu sübut edir ki, Şuşa həm Azərbaycanın, həm Türkiyənin, həm də bütün Türk dünyasının istinadgahıdır, mədəniyyət, tarix mərkəzidir. Burada bu cür şəxsiyyətlərin adının əbədiləşdirilməsi doğurdan da sevindirici haldır”.
Taixçi-alim Şuşada görmək istədiyi adlardan da danışıb:
“Çox arzulayardım ki, Şuşada Türk dünyasının nəhənglərinin adı əbədiləşdirilsin. Eyni zamanda, Şuşanın əsasını qoyan, Şuşadan çıxan görkəmli şəxsiyyətlərin, o cümlədən, Əhməd Ağaoğlunun adını da görmək istərdim”.