Gürcüstanda məşhur bloqerlərdən sayılan Zurab İzoria Tiflisin Botanika bağından videoçarx çəkərək azərbaycanlılara müraciət edib. Zurab İzoriya Azərbaycan ictimaiyyətinə səslənərək onları Tiflisə gələndə Botanika Bağına da baş çəkməyə dəvət edib:
“Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Bura gələndə bir Botanika Bağına da baş çəkin. Bu məkanda sizin çox şərəfli əcdadlarınız uyuyur. Yollarını ot basıb, illərlə onları heç kim ziyarət eləmir. Bu gün mən onları ziyarət edirəm və qarşılarında baş əyirəm. Çünki bu adamlar Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında, onun ideologiyasının formalaşmasında can qoyublar”.
İzoriya bu pantiona olan biganə münasibətdən də söz açıb. Qəbirlərə gedən yolda heç bir işarənin olmamasına da tənqidi mövqe sərgiləyib, bunu hörmətsizlik hesab edib.
Bloqerin müraciətinə BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu münasibət bildirib. O, “Sherg.az”a açıqlamasında bildirib ki, həmin ərazidə önəmli insanların məzarları yerləşir:
“Orada müsəlman qəbiristanlığı yerləşir. Həmin yerdə bizim üçün çox dəyərli olan şəxsiyyyətlərin məzarları var. Orada Mirzə Fətəli Axundovun və onun ailəsinin, ADR-in əsas qurucularından Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin və digər yüksək səviyyəli şəxslərin məzarı var.
Ora doğrudan da bizim üçün müqəddəs yerdir. Təxminən 2-3 il əvvəl həmin məzarlığı ziyarət etmişdim. Həmin vaxt hər şey səliqəli və təmiz idi. Son illərdə orada olmadığıma görə, hazırkı vəziyyətin nə yerdə olduğunu bilmirəm”.
Tarixçi düşünür ki, həmin yerdəki səfirimiz, oradakı Azərbaycan icmasının nümayəndələri bağa diqqət yetirməlidirlər.