Tbilisidə Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin məzarları ziyarət olunub

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin yaradıcılarından olmuş Fətəli xan Xoyski və Həsən bəy Ağayevin qətlindən 102 il ötür.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, jurnalistlər iyunun 19-da Tbilisidəki Botanika bağı ərazisindəki panteonda Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin məzarlarını ziyarət ediblər.

AXC hökumətinin yaradıcılarının xatirəsi ehtimala yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.

Səfir Faiq Quliyev F.Xoyskinin və H.Ağayevin həyat və fəaliyyəti barədə məlumat verib, hər iki şəxsiyyətin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı əvəzsiz xidmətlərindən danışıb.

Bildirib ki, bolşevik işğalından sonra Gürcüstana mühacirət edən hər iki tarixi şəxsiyyət erməni daşnak terror qrupunun qurbanı olub.

Fətəli xan Xoyski 1920-ci il iyunun 19-da, ondan bir ay sonra - iyulun 19-da isə Həsən bəy Ağayev Tbilisidə xaincəsinə arxadan vurularaq qətlə yetiriliblər.

Sonra hər iki dövlət xadiminin həyat və fəaliyyətindən danışılıb.

Qeyd edək ki, panteonda Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə və maarifçi pedaqoq, şair Mirzə Şəfi Vazehin məzarları da ziyarət olunub, xatirələri ehtiramla yad edilib.