Heydər Əliyev güclü və nüfuzlu dövlət qurdu


Ulu Öndərimizi tarixdə əbədi yaşadacaq ən böyük əsəri memarı olduğu müasir Azərbaycandır


  Azərbaycanın öz müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalıb. Heydər Əliyev millətinin tarixində dərin iz qoyub, xalqın gələcəyini müəyyən etmiş şəxsiyyət olub. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görüb.

O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünüb, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərib. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazıb. Ümummilli lider Heydər Əliyevin taleyi, əslində, bir insanın ömür yolu deyil, bu, Azərbaycanın şanlı tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir!

  Millət vəkili, professor Kamilə Əliyeva “Şərq”ə açıqlamasında deyib ki,  Heydər Əliyev yalnız bir xalqın, yalnız bir dövlətin sərhədlərinə sığmayan nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndərimizi tarixdə əbədi yaşadacaq ən böyük əsəri isə memarı olduğu müasir Azərbaycandır: 

“"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam"- deyən Ümummilli Liderin hazırladığı mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsi, mövcud  təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırır, cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə şərait yaradırdı.
  Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət,  ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Heç şübhəsiz, müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı problemlərlə, situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və birlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyinə, müstəqil Azərbaycanın tərəqqisinə nail olub. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə olunmasında lider faktoru əvəzolunmaz rol oynayıb.

  Təbii ki, hər kəsə tarixin yaddaşına köçmək, əbədi yaşamaq haqqı qazanmaq nəsib olmur. Bunun üçün fitri istedada malik olmaq, Tanrının bəxş etdiyi ömrü xalqının yaxşı yaşaması yolunda şam kimi əritmək lazımdır.

 Bəli, Heydər Əliyev bir çox cəhətlərinə görə nadir tarixi şəxsiyyət kimi yaddaşlara həkk olunub. Ən başlıcası isə odur ki, Ümummilli Liderimiz ömrünü xalqının azadlığı, istiqlalı, vətəninin müstəqilliyi, insanların xoşbəxt, təhlükəsiz, rahat yaşaması naminə apardığı mübarizəyə həsr etdi və başladığı haqq-ədalət mübadiləsini zəfərlə başa çatdırdı”. K.Əliyeva deyib ki, qədim tarixə, dövlətçilik ənənələrinə, zəngin mədəniyyətə malik olan xalqımız əsrlər boyu yadellilərin işğalçılıq siyasətinin qurbanına çevrilərək böyük əzab-əziyyətlə üzləşib. 1969-cu ildə Ulu Öndərimiz Heydər Əliyev Respublikamıza rəhbərliyə gəldiyi gündən Azərbaycanın müstəqilliyi, xalqımızın öz haqqına sahib çıxması ugrunda mübarizəyə başlayıb və bu işi böyük uzaqgörənliklə aparıb. Nəticədə Azərbaycan ən böyük nailiyyətə imza atıb -  dövlət müstəqilliyi qazanıb. Müstəqilliyimizin ilk illərində Ümummilli Liderimizin siyasi hakimiyyətdən kənarda qalması Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoydu ki, bunun da başlıca səbəbi səriştəsiz, şəxsi maraqları hər şeydən üstün tutan şəxslərin ən ali vəzifələrdə təmsil olunmaları idi. Lakin müdrik Azərbaycan xalqı baş verən hadisələrə biganə yanaşmayaraq öz liderinə qovuşmaq üçün bütün imkanları səfərbərliyə alıb. 

Nəticədə xalqımızın iftixarı, qüruru, əvəzedilməz tarixi şəxsiyyət Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə gəldi və bununla da böyük uğurların əsası qoyulub. Xalqın çoxsaylı xahişləri, təkidli tələb və müraciətləri ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanı təhlükələrdən, parçalanmaq, yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmək qorxusundan xilas edib. Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz çox böyük uğurlar qazandı. Uzaqgörən siyasətçi Azərbaycanın sürətli, hərtərəfli və uzunmüddətli inkişaf strategiyasını hazırlayıb.

  Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində milli ordu yaradıldı, sosial-iqtisadi inkişafa, möhkəm əsaslara söykənən sabitliyə nail olundu.

  Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi dahi öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanıb ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür”. 
  Millət vəkilinin fikrincə, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir: “Onun ictimai-siyasi və dövlət xadimi kimi xalqımız qarşısında ən böyük xidməti ondan ibarət olub ki, hələ sovet dövründə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb. Müstəqilliyimizin ilk illərində isə dövlətçiliyimiz üçün təhlükə yarananda xarici qüvvələrin, daxildəki əlaltıların pozuculuq fəaliyyətinin təxribatlarının qarşısını ala bilib. Sonrakı dövrdə ölkəmizdə sabitliyi və əmin-amanlığı formalaşdırmış, Azərbaycanın güdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib. 

  Heydər Əliyev zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə  düşməklə yanaşı, həm də şərəfli bir tarix yolu yazıb. Xalqımızın azadlığı, istiqlalı, Azərbaycanın müstəqilliyi, inkişafı yolunda əzmlə, fədakarlıqla mübarizə aparıb. Şərəfli, mənalı ömür yolu keçib. Bütün ömrünü xalqın yaxşı yaşaması, ümumiyyətlə, dinindən, dilindən, siyasi baxışlarından, milliyətindən asılı olmayaraq bütün insanlara eyni münasibət bəslənilməsi üçün apardığı mübarizəyə həsr edib. 

O təkcə Azərbaycanda deyil, bütün dünyada insanlara ən böyük dəyər verən şəxsiyyət kimi tarixə düşdü. Humanist,  qayğıkeş, hər kəsə layiq olduğu qiyməti verməyi bacaran insan kimi tanınıb. 
  "Mən gələcək nəsillərə çox güclü, güdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm"- deyən Ulu Öndər Heydər Əliyev dediyi sözə əməl etdi. Ulu Öndərə həm də ona görə minnətdarıq ki, o, böyük zəhmətlər hesabına qurduğu müstəqil Azərbaycanın və onun vətəndaşlarının, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təminatçısı ola biləcək İlham Əliyev kimi güclü bir siyasətçi yetişdirib. Ona və onun timsalında Azərbaycanın xoşbəxt gələcəyinə inanıb.
  Son illər ölkəmizdə qazanılan uğurların fonunda bu inamın, etimadın doğrulduğunun şahidiyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurla davam etdiyini göstərir. Azərbaycan çox böyük nailiyyətlər qazandı. 

Ölkəmiz bir çox sahələrdə, xüsusilə iqtisadi inkişafda regionun lideri oldu. Qazanılan uğurlar ilbəil artır. Bu il dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ili "Heydər Əliyev İli" elan etmişdi. Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir.

  Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir”.