Kamran Bayramov: Ümummilli Lider müasir Azərbaycan Ordusunun qurucusudur


“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”. Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ümummilli lider Heydər Əliyev  1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun - Silahlı qüvvələr gününü tarixiləşdirmişdir. Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində ulu öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ, Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz, 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik". Artıq, xalqımız 26 iyun - Silahlı Qüvvələr gününü  ümumxalq bayramı kimi qeyd edir. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ????  ilin yanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. 

1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da,  Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış,  ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin cəsarətli addımları sayəsində  Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi.  Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də   müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider  Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də  mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra  Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır. Böyük Öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə də ordu quruculuğu davamlı bir proses olmalıdır: «Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir.»
Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı. Ölkə  rəhbəri kimi Ümummilli Liderin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994 - cü ilin əvvəllərində Azərbaycan  NATO - nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq  1996 - cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001 - ci ildə isə  "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na  qoşulmuş, 2008 - ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi  NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. 1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.
Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizama qadir bir ordu yaradılmasına nail olmuşdur. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir".
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Hərbi tibb fakültəsi də yaradılmışdır. Bu hərbi təhsil müəssisələri ordumuza ehtiyac duyulan bütün hərbi mütəxəssisləri hazırlamaq imkanına malikdir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən yüksəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən də, Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.
Xatırlatmaq yerinə düşər ki, 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələr yaradılıb. Vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb. Bu hadisənin 23-cü ildönümündə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin «N» saylı hərbi hissəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini vermişdir və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atması mənim həyatımda ən qürurlu hadisədir».
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, silah-sursat təchizatı, komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxış edərək Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışıb: «Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq, Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır».