1908-ci ilin yanvarın 12-də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşaya qoyulması musiqi mədəniyyətimiz tarixində böyük hadisə oldu. İlk operanın tamaşası da böyük uğurla keçdi.
Bir müddət sonra Ü.Hacıbəyli “Leyli və Məcnun”dan sənət baxımından heç də aşağıda dayanmayan digər maraqlı əsərini, “Arşın mal alan” operettasını – musiqili komediyasını yazdı və 1913-cü ildə oktyabrın 25-də Tağıyev teatrında tamaşaya qoydu. Həm janr, həm də məzmun etibarı ilə biri – birindən fərqlənən bu musiqi əsərləri Azərbaycan ictimaiyyətinin sevimlisinə çevrildi. Tez bir zamanda əsər 60-dan çox dilə tərcümə olundu və məşhurlaşdı.İlk dəfə olaraq bu musiqili komediya 1916-cı ildə ekranlaşdırıldı.Bu səssiz film olsa da geniş marağa səbəb oldu. Ü.Hacıbəyli “Leyli və Məcnun”da olduğu kimi “Arşın mal alan”da da Fizuli sənətinə olan bağlılığını göstərmişdi.”Arşın mal alan”ın birinci pərdəsində Əsgər “Şüştər” üərində bu sözləri deyir:
Nalədəndir ney kimi avazeyi eşqin bülənd
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd,bənd..
“Arşın mal alan”da isə Gülçöhrə əsərin üçüncü pərdəsində Fizulidən bu sözləri oxuyur:
Sənsiz ölməm ayrı möhnətindən bəladan bir zaman
Əl zaman hicrani bəlavi möhnətdən əl zaman.
Ü.Hacıbəyli isə bu əsərləri ilə 23-28 yaşlarında Azərbaycanda çox məşhur şəxsiyyətə çevrildi.
Qısa bir müqayisə etsək “Leyli və Məcnun” operasının məzmununu böyük şairimiz M.Füzulinin qədim ərəb əfsanəsi əsasında yazdığı əsər təşkil edir. “Arşın mal alan” operettasının məzmunu isə XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Azərbaycan türklərinin real həyatından alınmış, ictimai bir mövzu olan “evlənmək” məsələsinə həsr edilmişdir.
Qeyd edək ki, “Arşın mal alan”ın səhnədə tamaşaya qoyuluşu Çar hökuməti və geri zəkalı, cəhalət düşüncəli insanlar tərəfindən hücumlara məruz qalsa da, Üzeyir bəyin möhkəm iradə və qətiyyəti, ziyalılarımızın ona dəstəyi ilə əsərin səhnədə uğurlu tamaşası oldu. “Arşın mal alan”ın şöhrəti tezliklə Azərbaycan sərhədlərini keçərək Yaxın Şərq və Balkan ölkələrinin səhnələrində, Berlində, Parisdə, Amerika dövlətinin teatrlarında oynanılmışdır.
“Arşın mal alan” əsəri xarici dillərə tərcümə edilmiş, bir neçə dəfə film də çəkilib.
“Arşın mal alan” əsəri ilə bağlı ilk xoşagəlməzlik və müəllif hüququnun pozulması 1917-ci ildə oldu.Ü.Hacıbəylinin icazəsi olmadan Peterburqlu rejissor Q.Belyakov bu əsər əsasında film çəksə də, lakin göstərilməsi dayandırılmışdı.
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra milli və vətənpərvər ruhlu ziyalılarımıza, eləcə də milli mədəniyyətimizə, musiqimizə qarşı amansız hücumlar başladı. Milli musiqimizə qarşı aparılan çirkin kampaniyanın 1920-ci illərin sonunda “oxuma, tar” həddinə çatdırılması isə dözülməz idi.
Belə münasibət öz musiqi əsərlərində Azərbaycan milli mədəniyyətini yaşadan Ü.Hacıbəyliyə qarşı da yönəldi.
Ü.Hacıbəylinin digər əsərləri kimi “Arşın mal alan” operettası da “burjua və milliyyətçi” bir əsər olaraq qadağan edildi.
Bu qadağandan isə xaricdə yaşayan, Qafqazdan olan bədxahlar faydalanmağa başladı. Ermənilərin bu sahədə fəallığı daha güclü idi. Onlar müəllifin sağ olmasına baxmayaraq, bu əsərin ermənilərə məxsus olduğunu təbliğ etməyə başladı.
Doğrudur, o dövrdə Avropada – xüsusən Parisdə yaşayan azərbaycanlı mühacirlər mətbuatda çıxış edərək, ermənilərin bu təxribatlarına cavab verirdilər.
“Arşın mal alan” operettasına isə ABŞ-da yaşayan bir erməni musuqiçisi daha böyük zərbə vurdu. O, burada müxtəlif danışıqlar apararaq, həmin operettanı “öz əsəri” adı ilə bir teatr şirkətinə sata bildi.
1937-ci ildə isə ABŞ rejissoru erməni R.Maqalyan bu əsər əsasında film çəkmiş,Ü.Hacıbəylinin müəllifliyini göstərməmişdi.
Maraqlıdır ki, 1938-ci ildə arelin 5-dən başlayaraq Moskvada keçirilən “Azərbaycan Mədəniyyəti və İncənəti ongünlüyü”ndə “Arşın mal alan” əsəri Azərbaycan artistləri tərəfindən böyük müvəffəqiyyətlə səhnədə oynanıldı. Həmin vaxt tamaşaya baxan Amerika musiqi yazarları bu hadisədən çaşqın vəziyyətə düşürlər. Çünki, ermənilər Amerika ictimaiyyətini inandırmışdılar ki, bu əsər ermənilərə məxsusdur. Beləliklə, erməni musiqiçisinin təxribat və yalanları üzə çıxır, ona ödənilmiş maliyyə isə geri alınır.
Əslində “Arşın mal alan” əsəri 1938-ci ildə Moskvada göstərilməməliydi.Sadəcə, bəzi məlumatlara görə, tədbirdən əvvəl proqram Stalinə təqdim olunur. Onun göstərişi ilə bu əsərin də daxil edilməsi qərara alınır. Deyilənə görə, Stalinin bu tamaşa haqqında bilgisi olmuşdu.
Bu hadisədən sonra “Arşın mal alan” SSRİ xalqlarının əksəriyyətinin dilinə tərcümə olunur və həmin ölkələrin teatrlarında tamaşaya qoyulur.
1952-1953-cü illərdə isə Moskva opera teatrının repertuarında “Arşın mal alan” geniş yer almış, müvəffəqiyyətlə göstərilmişdir. Moskvada nəşr edilən “Pravda” qəzetinin 1953-cü il, 14 yanvar tarixli sayında bir kommunist musiqi tənqidçisi yazdığı məqalədə “bir zamanlar milliyyətçi əsər olaraq qadağan edilən bu əsəri” tərifləmiş və “bundan sonra operetta yazacaq sovet bəstəkarlarının bu əsəri bir nümunə olaraq qəbul etmələrini” qeyd etmişdi.
Maraqlıdır ki, Stalinin ölümündən sonra (5 mart 1953-cü il) onun dəyərləndirdiyi bütün əsərlər də sıxışdırilır. Bu baxımdan “Arşın mal alan” operettası yenə acı tale yaşamağa başladı.Bu əsər teatrların repertuarından çıxarıldı və yalnız çox nadir hallarda radioda səsləndirildi.
1950-ci illərin ortalarından başlayaraq bu əsər yenidən SSRİ xalqlarının teatr repertuarlarında geniş yer almağa başlayır.
Çox təəsüf ki, Sovetlər Birliyi dövründə “Arşın alan mal alan” operettasının qardaş Türkiyədə də problemləri yaşandı.Belə ki, əsasən İstanbul səhnələrində oynanan bu əsərin həm musiqisində, həm mahnılarında, məzmununda müəyyən dəyişikliklər edilirdi.Əsəri səhnəyə qoyanlar məzmuna uyğun olmayan rus mahnılrı da buraya daxil edirdilər.Təəssüflər ki, bu pozuntu və təhriflərə etiraz edənlər olmurdu.
Qeyd: məqalədə mühacirət mətbuatı olan, Ankarada nəşr olunan “Azərbaycan” jurnalındakı M.H.Türkəqulun “Arşın mal alan və başına gələnlər” yazısından faydalanılmışdır.