Dekabrın 3-də Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq universitetin öz məzunları üçün keçirdiyi “BDU xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev 100 yaşlı universitetin tarixinə nəzər saldı, müxtəlif formatlarda keçirilən yubiley tədbirləri haqqında məlumat verdi yekun tədbirin Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 26-da qeyd edildiyini xüsusi vurğulayaraq dövlət başçısının yubiley tədbirində iştirakını universitetin timsalında elmə, təhsilə böyük dəstək kimi qiymətləndirdi.
Universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumundan və yekun olaraq məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası”nın yaradılması təşəbbüsündən danışan rektor yubileylə əlaqədar kitabların, “Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının nəşr olunduğunu, pul sikkələrinin və markaların buraxıldığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımağın şərəfli olduğunu vurğulayan rektor “100 ilin zirvəsində” adlı müsabiqə qaliblərinin əsasən universitet məzunları olduğunu bildirdi.
Müsabiqəyə təqdim edilmiş yazılar haqqında məlumat verən rektor yazıların münsiflər heyəti tərəfindən qiymətləndirildiyini diqqətə çatdırdı.
Sonra qaliblər elan edildi. “100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin bütövlükdə ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov “Bu universitet bir palıd ağacına oxşar ki...” yazısına görə 1-ci yerə layiq görülüb. Real TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı “Mənim universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli “Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Mənim doğma universitetim”, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Əsrin zirvəsində parlayan elm ocağı” və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu “Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” yazılarına görə 3-cü yerin qalibi oldular.
Birinci yerin qalibinə 1000, ikinci yerin qaliblərinin hər birinə 500, üçüncü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim edilib.
Tədbirdə Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayevə “İllərin tarixi” adlı radioverilişinə, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynovaya “BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qərimana “Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslıya “Müqəddəs
məkanım mənim” adlı yazılarına görə 200 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim olundu.
Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Kənan Novruzov “100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə “Qovuşacağımız günə az qaldı” yazılarına görə mükafatlandırılıblar.
“BDU xatirələrdə” müsabiqəsinin qalibləri də elan edilib. Birinci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, ikinci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Polis İdarəsi Təhlükəsizlik şöbəsinin əməkdaşı İbrahim Karataş, üçüncü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görüldü.
Qaliblərdən bəzilərinin yazısı “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli və digər çıxış edənlər qalibləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzuladılar.
Günel Mehdizadə (Bayatlı)