Bağçaların sayı artırılmalıdır: Elektron qəbul problemi tam həll etməyəcək

Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcək. Bu haqda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat verib.

O, bildirib ki, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron  sistemə qoşulacaq. 

Məsələ ilə bağlı Sherg.az-a fikirlərini bildirən təhsil eksperti Nabatəli Qulamoğlu bildirdi ki, qəbulun elektron qaydada keçirilməsi mövcud çatışmazlıqları tam həll etməyəcək:

“Bildiyiniz kimi, uşaq bağçaları təhsil seqmentinin bir hissəsi olsa da, birbaşa olaraq Təhsil Nazirliyinə tabe deyil. Bununla bağlı bağçalarda korrupsiya hallarına, qanun pozuntularına daha tez-tez rast gəlinir. Bəzən övladlarını qeydiyyatdan keçirmək istəyən valideynə deyirlər ki, yer yoxdur.

Beləliklə də, onlardan bilavasitə rüsvət istəyirlər. Bundan sonra qeydiyyatın elektron qaydada aparılması bu cəhətdən mühüm əhəmiyyətə malikdir. Lakin yenə də uşaq bağçalarında qeydiyyatdan keçməyənlər olacaq. Çünki bağçaların sayı azdır. Valideynlər gərək cəld tərpənib, övladlarını qeydiyyatdan keçirsinlər. Məsələnin tam həlli yolu isə uşaq bağçalarının sayının artırılmasındadır”. 

Kənan Novruzov