Bu günlərdə jurnalist Ramina Eyvazqızı feysbuk səhifəsində maraqlı paylaşım edib. Jurnalist 9-cu sinif buraxılış imtahanları ilə bağlı status yazıb. O, hər kəsi 9-cu sinif buraxılış imtahanın ləğvi üçün etiraza səsləyib:
“Uşaqların canını, ömrünü, həvəsini alan bu imtahan bitsin! Bəsdir, uşaqlarımız yollarda qaldı, valideynlər narahatlıqda! Bilmirsən, ölkədəki baş verənlərdən uşaqları kənar tutasan, bilmirsən baş verəcəkləri düşünməkdən qurtulasan. Uşaqlar metroda, avtobusda yatır, yollarda vaxt itirir, uşaqlığı yaşaya bilmirlər.Üstəlik, keçid dövründə valideyn-usaq çəkişmələri olur. Bəsdirin!”.
İstifadəçilər arasında xanım jurnalistin çağırışını dəstəkləyənlər olub.
Afaq Əsgərova: “Mən də bu imtahanların keçirilməsinin əleyhinəyəm!”.
Afət İslamqızı: “Düz deyirsiz uşaqlarda hal qalmayıb daha”.
Məryəm Hacı-İsmayılova: “Tam dəstəkləyirəm!”.
Ramin Qasımov: ”Mən artıq hazırlıq və bu imtahanla bağlı psixoloji problemləri yaranan övladımla məşğulam. Çox sağ olsun təhsil sistemi”.
Nabatəli Qulamoğlu: “Ola bilər ki, həmin xanım jurnalist əsas məktəb və tam orta məktəbi bitirənlər arasında intellekt fərqini müəyyən edə bilmir”
Jurnalistin fikriləri ilə razılaşmadığını deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Sherg.az-a açıqlamasında bildirib ki, yəqin R.Eyvazqızı buraxılış imtahanı ilə qəbul imtahanı arasındakı fərqi bilmir:
“Düşünürəm ki, jurnalist buraxılış imtahanının mahiyyətindən xəbərsizdir. Ola bilər ki, həmin xanım əsas məktəb və tam orta məktəbi bitirənlər arasında intellekt fərqini müəyyən edə bilmir. Hesab edirəm ki, 9 və 11-ci sinfilər üçün buraxılış imtahanları vacibdir. Hökmən deyil ki, buraxılış imtahanı verən şəxs ali məktəbə qəbul olsun. Bu imtahanlar nəinki ali məktəbə qəbul olanlara, eyni zamanda çobana, kartof satana və digər peşə sahiblərinə lazımdır. Buraxılış imtahanı hər kəsin elementar intellektual potensiala sahib olmasına hesablanıb. Fikrimcə, jurnalistin yanaşması düzgün deyil və yaxın gələcəkdə buraxılış imtahanı ilə qəbul imtahanı arasındakı fərq davam etməlidir. Yox əgər hər iki imtahanı eyni cür etsələr, bu zaman dəyərlər də dəyişəcək. Kartof satanla yüksək mühəndislik peşəsi arasında fərq görə bilməyəcəyik. Ona görə də xanımın fikirlərinə hörmətlə yanaşıram, amma razılaşmıram”.