Ekspert sayının 3-ə endirilməsi yaxşı hal deyil: Dərsliklərlə bağlı seçim imkanı məhdudlaşdırılır




Əsas dəyişiklik odur ki, dərsliklərin təsdiqlənməsi üçün qrif yalnız Təhsil Nazirliyi tərəfindən veriləcək



Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib.
“Qaydalar”da ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi müəyyənləşib.

Qeyd edilir ki, ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif (ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi) verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə və onun hər bir təkmilləşdirilmiş və ya törəmə (tərcümə, dəyişdirmə) nəşrinə ayrıca qrif verilir. Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir.
Dərsliyə qrif almaq üçün ümumi təhsil müəssisəsi (bundan sonra – ərizəçi) Nazirliyin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (bundan sonra – TMİS) vasitəsilə dərsliyi və dərsliyin əsaslandığı təhsil proqramını (kurikulumu) elektron formada Nazirliyə təqdim etməlidir.

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər. Dərslik 100 ballıq şkala üzrə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğu (30 bal); dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu (40 bal); dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu (20 bal); dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi (10 bal). Qrif verilməsi üçün dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini toplamalıdır. Dərsliyə qrifin verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir.



Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bildirdi ki, dərsliklərin hazırlanması qaydalarına edilən əsas dəyişiklik, dərsliklərə qrifin (yəni, dərsliyə razılıq verilməsi) yalnız Təhsil Nazirliyi tərəfindən veriləcəyidir ki, bu da dərsliklərə nəzarətin bir əldə cəmlənməsi deməkdir: 

- Qaydalarda ciddi bir yenilik yoxdur. Bildiyimiz qaydalardır. Bəzi dəyişikliklər var. Əsas dəyişiklik odur ki, dərsliklərin təsdiqlənməsi üçün qrif yalnız Təhsil Nazirliyi tərəfindən veriləcək. Bu da dərslik tərtibatının məhdudlaşdırılmasıdır ki, seçim imkanlarının azalmasına gətirib çıxarır. Yəni, dünənədək hansısa fənn üzrə mütəxəssis dərslik tərtib edib təqdim edə bilirdi. Amma bundan sonra dərslik tərtibatı üçün Təhsil Nazirliyindən qrif alınmalı olacaq. Dərsliklərin qiymətləndirilməsi məqsədilə ekspert sayının 3-ə endirilməsi də yaxşı hal deyil. Hətta belə hallar olur ki, dərsliklər bir nəfər ekspert tərəfindən oxunur. Bu da dərslikləri pis vəziyyətə salır, dərsliklərdə səhvlərin, qüsurların sayının artmasına səbəb olur. “Qaydalar”da bələdiyyə məktəbləri üçün dərsliklərin hazırlanması qaydaları da əksini tapıb. Ölkədə bələdiyyə məktəbləri yoxdursa, dərsliklər, dərs vəsaitlərinin hazırlanması qaydaları nəyə və kimə lazımdır?".