Kamran Əsədov:“Həyat Bilgisi” və “Azərbaycan tarixi” dərsliklərində informasiya yükü hədsiz dərəcədə çoxdur”
“Məlumatlar şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil”
“Dərsliklərin ictimai müzakirəyə çıxarılması olduqca vacibdir”.
Bunu “Sherg.az”a açıqlamasında təhsil eksperti, tarixçi-alim Kamran Əsədov deyib.
Ekspert bildirib ki, dərsliyin hazırlanmasını kiçik bir heyət həyata keçirir. Bu prosesdə maksimum 4-5 nəfər müəllif iştirak edir:
“Onlar dərsliyi hazırlayıb, yoxladıqdan sonra tenderə buraxırlar. Tenderdə də 3-4 nəfərlik ekspert qrupu iştirak edir. Ümumilikdə dərslik qrupu maksimum 10-15 nəfərdən təşkil olunur. Vaxtın azlığını və digər amilləri nəzərə alsaq, dərsliklərə tam olaraq mütəxəsislər tərəfindən baxılmır. İctimai müzakirələr dərsliklərin keyfiyyətinin artırılmasına və problemlərin azalmasına gətirib çıxarır. Açıq müzakirələr imkan verir ki, dərsliklərdə mövcud olan hansısa problem rəy və təkliflər formasında diqqətə çatdırılsın. IV sinif “Həyat Bilgisi” və VIII sinif “Azərbaycan tarixi” dərsliklərində ciddi problemlər var. Ona görə ki, həmin dərsliklərdə informasiya yükü hədsiz dərəcədə çoxdur. Məlumatlar şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil”.
K.Əsədov vurğulayıb ki, dərsliklərdə varislik və vahidlik prinsipi olmalıdır:
“1-ci, 2-ci və 3-cü siniflərdə əldə etdiyiniz informasiyalar növbəti siniflərdə bir qədər də genişlənməlidir. Amma IV sinif “Həyat Bilgisi”ndə aşağı siniflərdə əldə edilmiş bilik və bacarıqlar genişlənmiş formada öz əksini tapmır. VIII sinif “Azərbaycan tarixi” dərsliyində isə çox geniş bir dövr əhatə olunur. Orada dövlətlərin sərhədləri, hadisələrin xronoloji ardıcıllığı olduqca böyük zaman kəsiyini əhatə edir. 8-inci sinifdə oxuyan şagirdlər bir növ köhnə 10-cu sinif dərsliyindəki materialları öyrənmək məcburiyyətində qalırlar. Təsəvvür edin, bir dərslikdə həm feodalizm, həm də kapitalizm öz əksini tapıb. Kifayət qədər genişlənmiş bir formatdır. Eyni zamanda VIII sinif “Azərbaycan tarixi” dərsliyindəki müəyyən faktlar aşağı və ya yuxarı siniflərdəki faktlarla ziddiyyət təşkil edir. Ona görə də sözügedən dərsliklərə ictimai müzakirələrdə iradlar bildirilir. Hesab edirəm ki, ictimai müzakirələr bu cür problemlərin aradan qaldırılması üçün çox optimal üsuldur”.
Ekspert təəssüflə bildirib ki, bir çox hallarda dərsliklərin müəllifləri ictimai müzakirədən daxil olmuş irad və təklifləri əsassız hesab edərək qəbul etmirlər:
“Hətta məsələ o yerdədir ki, daxil olmuş iradların 30-35 faizi qəbul olunur, 60-65 faizdən yuxarı hissəsiisə müəlliflərin öz fikri kimi redaktə edilmir. Problemdən yeganə çıxış yolu dərsliyin yazılması və yoxlanılması üçün lazım olan müddətin artırılmasıdır. İndi bu proses 2 aydır. Bu da çox az müddətdir. 2 ay ərzində həm dərsliyin yazılması, həm də yoxlanılması olduqca çətindir”.
Qeyd edək ki, Təhsil Nazirliyi 2019-cu ildə müzakirəyə çıxarılan IV və VIII sinif dərslik komplektlərində ən çox təklif və rəylərin gəldiyi dərsliklərin adını açıqlayıb. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyib ki, ötən il müzakirəyə çıxarılan dərsliklərdən ən çox IV sinif “Həyat bilgisi” və VIII sinif “Azərbaycan tarixi” dərsliklərinə rəy və təkliflər gəlib. Nazirlik rəsmisinin sözlərinə görə, ictimai rəyin öyrənilməsində bəzi rayonlar daha çox aktivlik göstərir: “Məsələn, 2019-cu ildə keçirilən ictimai müzakirələrdə Naxçıvan MR-nın rayonları, Salyan, Hacıqabul, Qusar və Qax rayonlarından olan müəllimlər digər bölgələrlə müqayisədə daha çox rəy və təkliflər göndərib”. V.Əliyeva qeyd edib ki, artıq 5-ci ildir ki, dərsliklər ictimai müzakirəyə buraxılır: “Haqlı hesab edilən rəy və təkliflərin hər biri nəzərə alınıb və bundan sonra dərsliklər çapa göndərilib. Prosesin özünü doğrultduğunu düşünürəm. Hazırda I, V və IX sinif dərslikləri ictimai müzakirəyə buraxılıb”.