Fazil Mustafa:"Müəllimlərin valideynlərlə və şagird-tələbələrlə online əlaqə qurması bu problemi çözməyə imkan verəcək"
“Koronavirusun ən böyük fəsadı təhsilimizə dəyəcək”.
“Sherg.az”ın xəbərinə görə, bu barədə millət vəkili Fazil Mustafa Feysbuk profilində yazıb.
Deputat bildirib ki, ali məktəbə hazırlaşan abituriyentlərin işi daha çətin olacaq:
“Orta məktəblərdə və ali məktəblərdə dərslərə martın sonunadək ara verilib. Bu təxirəsalma müddətinin davam edib-etməyəcəyi də indidən bəlli deyil. Epidemiya təhlükəsi üzündən əhalinin bütün təbəqələrinin gəlir səviyyəsi də xeyli aşağ düşəcək. Neftin qiymətinin də katostrafik şəkildə aşağı düşməsi istər-istəməz öz sosial fəsadlarını göstərəcək.
Bu bizdən asılı olmayan bəla olduğuna görə Azərbaycan cəmiyyəti daha çox həmrəylik və intizam nümayiş etdirməlidir. Bunun üçün birinci növbədə onlayn təhsil barədə düşünməliyik. Əksər evlərdə internet var, Rabitə Nazirliyi müəllimlər üçün güzəştli internet qiymətləri tətbiq etməklə, bütün müəllimlərin internet təminatına yardımçı olmalıdır. Müəllimlərin valideynlərlə və şagird-tələbələrlə online əlaqə qurması bu problemi çözməyə əsasən imkan verəcək. Müəllimlər məktəblərdə təmin olunan internet şəbəkəsi üzərindən bu işi daha rahat həyata keçirə bilərlər. Razılaşdırılmış bir neçə ortaq saat müddətində bir sinif və ya qrup üçün günlük dərsləri keçmək mümkündür”.
Millət vəkili vurğulayıb ki, repititor formatlı təhsil alanlar üçün eyni metodu tətbiq etmək daha asandır:
“Bəlkə də daha irəliçi bir forma var, bunu mütəxəssislər daha rahatlıqla təklif edə bilərlər. Hər bir halda Təhsil Nazirliyi tərəfindən atılan çevik tədbirlər planı dəstəklənməlidir, qeyd etdiyimiz istiqamətdə də çox güman ki, mütəxəssislərin məsləhəti ilə ciddi qərarlar qəbul olunacaq».