Fərq qoyulmamalıdır

Necə yəni, məktəbəqədər hazırlıq qruplarında oxumuş uşaqlar birinci sinfə avtomatik qəbul olunur, digərlərinin sənəd qəbulu aparılır?!



2020-2021-ci dərs ili üçün ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üzrə elektron qeydiyyat başlanıb. 
Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri də sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır. Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilər.

Elektron qeydiyyat “www.mektebeqebul.edu.az” sistemi vasitəsilə həyata keçirilir.

Bu gün artıq birinci sinfə daxil olan uşaqların 85 faizi ümumtəhsil müəssisələrinə məktəbəhazırlıq qruplarından gəlir.
Təhsil naziri Ceyhun Bayramov isə bildirib ki, 2020-2021-ci tədris ili üçün birinci sinfə şagird qəbulu ilk dəfə olaraq, bütün ölkə üzrə elektron qaydada həyata keçirilir. Nazir ötən ildən başlayaraq, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların qəbul prosesinin elektron qaydada həyata keçirildiyini xatırladıb.

O qeyd edib ki, bu il məktəbəqədər qruplarında oxuyan 100 mindən çox şagird avtomatik olaraq birinci sinfə qəbul olunacaq. Hazırda məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu üçün sənəd qəbulu aparılır.

C.Bayramov əlavə edib ki, tədrisi digər dillərdə aparılacaq uşaqlar birinci sinfə qəbul zamanı dil bilikləri üzrə müsahibələrdən keçməlidirlər. Artıq bu uşaqların məktəbəhazırlıq qruplarından gələn bir hissəsi müsahibədən keçib.

Təhsil nazirinin “məktəbəqədər hazırlıq qruplarında oxuyan uşaqlar birinci sinfə avtomatik qəbul olunacaq” açıqlaması məktəbəqədər hazırlıq qruplarına getməmiş uşaqların valıideynlərinin narahatlığına səbəb olub. Bu nə deməkdir; hazırlıq qruplarına getmiş uşaqlar avtomatik qəbul olunur, getməyənlər imtahan edilib sonra məktəbə qəbul olunacaq?

Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında nazirin açıqlamasının təhsildə bərabərlik prinsipinə zidd olduğunu dedi:

-  Bu, təhsildə diskriminasiyadır, fərq qoymaqdır. Necə yəni, məktəbəqədər hazırlıq qruplarında oxumuş uşaqlar birinci sinfə avtomatik qəbul olunur, digərlərinin sənəd qəbulu aparılır?! Hazırlıq qruplarına getmiş uşaqların biliyinin hansı səviyyədə olduğunu kim yoxlayıb? Və həmçinin, hazırlıq qruplarına getməmiş uşaqların bilik səviyyəsinin aşağı olduğunu kim iddia edə bilər? Elə uaşq var, hazırlıq qrupuna getmiş olsa da qavrama qabiliyyəti zəifdir, bilik səviyyəsi də yüksək deyil. Hazırlıq qruplarına gedən uşaqların heç də hamısı aktiv olmur. Amma elə uşaq var, hazırlıq qrupuna getməyib, amma “tapança” kimidir. Hazırcavab, düşüncəli, ibtidai sinfə hazırlıqlı. Hansı parametrlərlə təyin edirlər ki, hazırlıq qruplarına gedənlər ibtidai sinfə hazırlıqdır və onları avtomatik qəbul edirlər, sonra da yerdə qalanları? Bu, Konstitusiyaya da, “Təhsil Qanunu”na da ziddir. Və təhsildə bərabərlik prinsipinin pozulmasıdır. Hesab edirəm ki, bu cür qəbul forması təhsilimizdəki eyibləri örtmək üçündür. Bakı artıq nəhəng meqapolisə çevrilib. Orta ümumtəhsil məktəblərinin mövcud sayı məktəbyaşlı uşaqların ehtiyacını ödəmir. Bölgələrdə məktəb çatışmazlığı var. Bölgələrdən də Bakıya axın edilir, ona görə də məktəb çatışmazlığı yaranır. Bir sinifdə 48 şagird təhsil alırsa, daha nədən danışırıq?! İbtidai sinfə qəbulda, hesab edirəm ki, ərazi üzrə yerləşdirmə mexanizmi daha doğru idi. Amma uşaqlar arasına indiki kimi fərq qoymaq yanlışdır. Mən bunu doğru hesab etmirəm.