Abituriyentlərin NƏZƏRİNƏ: “İmtahanların asan olacağı gözlənilir”

Kamran Əsədov:“Faktiki olaraq şagirdlər mart ayında dərs keçməyiblər. Deməli, tədris proqramına müvafiq olaraq bu müddətə düşən mövzulardan sual verilməməlidir”

“Zənnimcə, DİM bu il daha sıx qrafiklə işləməli olacaq. Amma sualların qoyuluşuna, çətinlik səviyyəsinə diqqət etmək lazımdır”


Koronavirusla əlaqədər ölkədə karantin elan olunub, orta və ali təhsil  müəssisələrində dərslər dayandırılıb. Nazirlər Kabineti, əvvəlcə, mart ayının 3-dən 9-a kimi, sonra isə daha on gün ayın 10-dan 20-dək dərslərin dayandırılması barədə qərar verdi. Tətil müddətinin bundan sonra da uzadılması istisna deyil. Çünki koronavirus təhlükəsi hələ də sovuşmayıb. Şagirdlər, tələbələr nə edəcəklərini bilmirlər. Rayonlarına getsinlər, ya paytaxtda qalaraq dərslərin başlanmasını gözləsinlər? 



Təhsil eksperti Kamran Əsədov da “Sherg.az”a açıqlamasında təhsil müddətinin elan olunduğundan daha gec başlayacağını deyib: 

“Düzdür, son qərara görə, tətil müddəti ayın 29-u başa çatmalıdır. Amma Nazirlər Kabinetinin son iki qərarı onu deməyə əsas verir ki, dərslər aprelin 15-dən başlayacaq. Nazirlər Kabinetinin verdiyi bir qərara görə, ayın 19-dan 29-dək rayon qeydiyyatında olanların Bakıya gəlmələri qadağan olunur. Əgər dərslər deyilən vaxtda başlasa, bölgələrdə olan şagird və tələbələr paytaxta bir neçə gün əvvəl gəlməlidirlər. Mövcud qərara uyğun olaraq isə bu, mümkün deyil. İkinci bir tərəfdən martın 15-dən etibarən bir ay müddətində ölkədə xüsusi rejim elan olunub. Yəni aprelin 15-dək kütləvi toplaşmalar qadağandır. Deməli, dərslər aprelin birinci yarısından sonra başlayacaq. Yəqin, Nazirlər Kabineti yaxın günlərdə bu barədə məlumat verəcək”. 

 K.Əsədovun sözlərinə görə, tətil müddətinin uzadılmasının bir səbəbi də əksər müəəssisələrdə işin dayandırılmasıdır:

“İşlər dayandığına görə valideynlər maaş almırlar. Deməli, məntiqlə övladlarının kirayə pulunu, təhsil haqqını, həmçinin cari xərclərini ödəmək də onlar üçün çətin olacaq”.

 Təhsil ekspertinin fikrincə, təhsil sahəsindəki bu proseslər imtahanlara da təsirsiz ötüşməyəcək:

“Sözsüz ki, buraxılış və qəbul imtahanlarının vaxtı uzadılacaq. Zənnimcə, DİM bu il daha sıx qrafiklə işləməli olacaq. Amma sualların qoyuluşuna, çətinlik səviyyəsinə diqqət etmək lazımdır. Belə ki, faktiki olaraq şagirdlər mart ayında dərs keçməyiblər. Deməli, tədris proqramına müvafiq olaraq bu müddətə düşən mövzulardan sual verilməməlidir. Həm də situasiya tipli test tapşırıqları ləğv olunmalı, onlar açıq və qapalı testlərlə əvəz edilməlidir. Çünki situsiya tipli test tapşırıqlarının yoxlanılması çox vaxt aparır. Əgər dediyim kimi olmasa, imtahanlarının nəticələri bir neçə aydan sonra-təxminən sentyabrda məlum olacaq. Bu məqamlara əsaslanaraq bu il imtahanların nisbətən sadə, asan  olacağını gözləyə bilərik”. 

 O, dərslərin dayandırılmasının tələbələrin təhsilinə daha pis təsir təsir etdiyini düşünür:

“Məlum oldu ki, Azərbaycan ali təhsil sistemi bu cür fövqəladə vəziyyətlərə hazır deyil. “Mədəniyyət” televiziyasındakı xüsusi dərslər vasitəsilə şagirdlər mövzulara mənimsəyə bilərlər. Tələbələr isə ancaq distant təhsil və video təhsillə kifayətlənməlidirlər”.